Ölkədə dini ədəbiyyatların çap olunmasının azalma səbəbi açıqlandı

Ölkədə dini ədəbiyyatların çap olunmasının azalma səbəbi açıqlandı

Azərbaycanda illər üzrə çap olunan dini ədəbiyyatların sayı azalıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivləri" mövzusunda keçirilən konfransda bildirib.

Dini ədəbiyyatların çap olunmasının azalma səbəbini açıqlayan G.İsmayılov deyib ki, artıq bu funksiyanı komitə, onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb: "Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatlar isə Fondun sifarişi ilə çap edilir".

Komitə sədrinin müavini qeyd edib ki, 2017-ci ildə ölkədə 309 ədəbiyyatın nəşrinə icazə verilib, 4 ədəbiyyatın nəşrinə icazə verilməyib. 2018-ci ildə nəşrinə icazə verilən ədəbiyyatların sayı 166, icazə verilməyən ədəbiyyatların sayı 26 olub.

Onun sözlərinə görə, 2001-ci ildə idxalına icazə verilən ədəbiyyatların sayı 17, idxalına icazə verilməyən ədəbiyyatın sayı 1 olub: "2017-ci ildə 1477 ədəbiyyatın idxalına icazə verilib, 63 ədəbiyyatın idxalına icazə verilməyib, 2018-ci ildə isə 1652 ədəbiyyatın idxalına icazə verilib, 52 ədəbiyyatın idxalına icazə verilməyib".

G.İsmayılov bildirib ki, 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınan dini qurumlarn sayı 374, 2017-ci ildə 760, 2018-2019-cu ildə 940 olub.

Komitə sədrinin müavini bir dini icmanın dövlət qeydiyyatından keçməsi üçün 50 təsisçinin olması vacibliyini də nəzərə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31