Bakıda ixtisaslaşmış təlimlərin II hissəsi təşkil olunub
Bakıda ixtisaslaşmış təlimlərin II hissəsi təşkil olunub
21 İyun 2019 13:14 SosialBakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunmuş "Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması" mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının II hissəsi keçirilib. Olaylar.az bildirib ki, kurslarda Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Şirvan, Zəngilan, Qobustan şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin müəllimləri iştirak ediblər.
Təlimlər kurs kuratoru Abbas Kərimov tərəfindən aparılmışdır. Həmçinin təlimlərdə yekun olaraq əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı dinləyicilərin bilik və bacarıqları qiymətləndirilmişdir.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.
Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Leyla Mehdiyeva, Təlim-tədris şöbəsinin sektor müdiri Aygün Hüseynova və metodist Kəmalə Şahverdiyeva tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilmişdir.
Mərkəzin direktor müavini Leyla Mehdiyeva çıxış edərək dinləyicilərə uğurlar diləmiş, müəssisənin gələcək planlarından məlumat vermiş və ölkə rəhbərliyinə respublikamızda bədii təhsilin inkişafına ayırdığı diqqətə görə təşəkkürünü bildirmişdir.