İşəgötürən muzdlu işçilərə görə hansı məsuliyyəti daşıyır?
İşəgötürən muzdlu işçilərə görə hansı məsuliyyəti daşıyır?
21 İyun 2019 13:00 SosialÖlkədə əmək müqaviləsi bağlamadan fiziki şəxslərin əməyə cəlb edilməsi halları kifayət qədərdir. Məlum olduğu kimi bu zaman işçi bir çox əmək hüquqlarından məhrum olmaqla yanaşı, pozulmuş hüquqlarının bərpası istiqamətində də heç bir addım ata bilmir. Məhz bundan istifadə edən işəgötürənlər muzdlu işçiləri iş saatından artıq işlədir, istirahət hüququnu əlindən alır, bayram günləri işləməyə məcbur edir və sair. Daha acınacalı hal ondan ibarətdir ki, bu zaman işəgötürənlər heç bir məsuliyyət daşımırlar. Hüquqşünas Alim Hüseynli bildirib ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklərlə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır: "Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu qeyddə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşəgötürən öz fəaliyyəti ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə, cərimə və sanksiyalara məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməli, müəyyən edilmiş qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini təmin etməlidir".
Onun sözlərinə görə, məhz bu kimi amillər nəzərə alınaraq fiziki şəxs əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdır. Çünki əmək müqaviləsinin rəsmiləşdirilməsinin bir sıra üstünlükləri var: "İşçi əmək müqaviləsiz fəaliyyət göstərdiyi halda bir sıra hüquqlarından məhrum olur. Belə ki, bu zaman işçi üçün əmək kitabçası açılmır və iş stajı hesablanmır. Müqavilədə əmək haqqının göstərilməməsi gələcəkdə pensiya təminatına mənfi təsir edir. Xidmət müqaviləsi ilə işləyən işçilər əksər hallarda sosial ödənişləri etmirlər ya da bu öhdəlik düzgün məbləğdə icra edilmir. İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər. Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə müavinət ala bilmirlər. Əmək müqaviləsi bağlanmadıqda və aylıq əmək haqqı göstərilmədikdə: işçi hər hansı bir mübahisə yaranarsa, faktiki aldığı əmək haqqını tələb etmək hüququnu və qanunla ona ödənilməli olan müavinətləri itirir. İşəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər. Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər. Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir".
Hüquqşünas qeyd edib ki, əmək münasibətlərinin olmasını təsdiq edən müqavilənin bağlanması zamanı işçilər bu müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə də diqqət yetirməlidirlər. Bir çox hallarda işəgötürənlər əsasən Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi bağlamaqla işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Belə podrat və ya xidmət müqaviləsi bağlamaqla işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar. 18 Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar: Minimum əmək haqqı almaq hüququ İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən (2017 il üzrə 116 manat təşkil edir) aşağı olmayan əmək haqqı almaq hüququ əldə edir. 8 saatlıq iş hüququ İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq hüququ əldə edir. Bununla belə, işçi müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq və qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir. Əmək məzuniyyətindən istifadə hüququ Əmək müqaviləsi ilə işləyən işçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət hüququna malikdirlər: "Eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ İş vaxtı işçi peşə əmək qabiliyyətini, sağlamlığını itirərsə, eləcə də işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi, ya da mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır və işçiyə dəymiş zərərin əvəzini tam şəkildə ödəmək işəgötürənin vəzifəsidir. Xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə alınması hüququ işçi xəstələndikdə və ya işdən çıxdıqda o tam həcmdə xəstəlik və işdənçıxma müavinətini əldə etmə hüququ əldə edir. Gələcəkdə layiqli əmək pensiyasının alınması imkanı Əmək müqaviləsi ilə çalışan işçi əmək stajına uyğun olaraq gələcəkdə layiqli pensiya təminatı hüququ əldə edəcəkdir. 19 İpoteka və digər kreditləri almaq imkanı Banklar tərəfindən istehlak və ya ipoteka kreditlərin verilməsi zamanı işçiyə veriləcək krediti qaytarmaq qabiliyyəti araşdırılarkən kredit istəyən şəxsin rəsmi qaydada təsdiqlənmiş gəlirləri nəzərə alınır və bu baxımdan da əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirən şəxslərin istənilən krediti almaq imkanları daha genişdir. Bununla belə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq imkanı da əldə edir. Məhkəmədə hüquqların müdafiəsi Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. Qeyd edilənlər nəzərə alaraq işçi işəgötürənlə əmək müqaviləsi bağlamaqla və bunu işəgötürəndən tələb etməklə gələcəyini indidən düşünmüş olur".
Nurlan