İsa Həbibbəyli: “Gənc nəsil Nadir şahın şəxsiyyətini daha yaxından öyrənməlidir”
İsa Həbibbəyli: “Gənc nəsil Nadir şahın şəxsiyyətini daha yaxından öyrənməlidir”
20 İyun 2019 15:46 Sosialİyunun 20-də "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Olaylar.az bildirir ki, Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir. Əvvəlcə AMEA-nın Tarix İnstitutunun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanın tarixi daha dərindən öyrənilir, yeni-yeni əsərlər, tarix irsimizə aid tərcümələr ortaya çıxır: "Bu istiqamətdə A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün keçirilən konfrans ötən əsrin 60-cı illərindən başlayan özünəqayıdış prosesinin daha geniş miqyasda ifadəsidir. Nadir şah Azərbaycan tarixində çox geniş yer tutmuş şəxsiyyətlərdən biridir. Şah İsmayıl Xətai dövründə Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginliyi o, bütün varlığı ilə dəf etməyə çalışmışdır. Düzdür Qərb ölkələri bunu istəmədiyinə görə Nadir şah bu yolda arzularını tam həyata keçirmədi. Amma bununla belə Azərbaycan tarixində böyük yer tutan, adı kimi nadir şəxsiyyətdir. Düşünürəm ki, gənc nəsil onun şəxsiyyətini daha yaxından öyrənməlidir".