Faiq Ələkbərli : "Türk xalqları milli mücadiləyə hələ də davam edirlər"
17 İyun 2019 07:54 SosialAzərbaycan alimləri Samsunda Milli mücadilə simpoziumnda iştirak ediblər
Bu günlərdə Türkiyənin Samsun şəhərinin 19 May universitetində Türk tarix qurumunun təşkilatçılığı ilə "100. İlində 19 mayıs ve Milli mücadele uluslararası sempozyum"u keçirilib. Bir çox ölkələrdən elm adamlarının qatıldığı beynəlxalq simpoziumda Azərbaycan alimlərindən və tədqiqatçılarından 20-yə yaxın iştirak edənlər olub. Bununla bağlı həmin simpoziumda iştirak edən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Dos., Dr. Faiq Ələkbərli məlumat verib.
Simpoziumda "Türk (Türkiyə) Milli mücadilə hərəkatında Azərbaycan türklərinin yeri və rolu (1919-1923-cü illər)" mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, təxminən son iki əsrdir Türk xalqları milli mücadilə içindədirlər. Onun sözlərinə görə, 1919-cu Mustafa Kemal Atatürkün Anadoluda başlatdığı Milli mücadilə hərəkatı onlardan ən önəmlisidir. Bu baxımdan Azərbaycan Türkləri həmin hərəkatda yaxından iştirak ediblər. Azərbaycan alimi bildirib ki, həmin dövrdə türk xalqlarının bir birilərinə yardımları təbiidir və burada heç bir minnətdən söhbət gedə bilməz. F. Ələkbərliyə görə, həmin dövrdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Türkiyədə Atatürk, Türkistanda Alaş liderləri, Kırımda, Tatarıstanda digər türk aydınları böyük uğur əldə etsələr də , Türk xalqlarının milli mücadilə hərəkatları hələ də davam etməkdədir. Ona görə Türk xalqları yeni Atatürklərlə, Rəsulzadələrlə, Qaspıralılarla, Qaliyevlərlə daha böyük uğurlar əldə etməyə çalışmalıdırlar.