Uşaqlığın son vidası- Züleyxa Nadir yazır

Uşaqlığın son vidası-Züleyxa Nadir yazır

Bu gün orta məktəblərdə Son Zəng çalınır. On birincilər bilik estafetini birincilərə verirlər. Amma bilmək olmaz... kim bilir onlardan neçəsi  müəllim adı ilə yenidən doğma məktəbinə dönüb şagirdlərinə bilik verəcək...

                                                        ***

Hər bir insanın taleyində onun yaddaşına əbədi hopan bir neçə an olur. Və həmin anlar acılı-şirinli xatirəyə çevrilib bir ömür onun yol yoldaşına çevrilir.  Bu baxımdan çiynində çanta məktəbə yollanan hər  şagirdin  könlündə, qəlbində kök atan İlk  Zəng və  on bir illik məktəb həyatının sonunda  səslənən Son Zəng var. Hər iki zəng son nəfəsə qədər unudulmur.

İnsan qəlbinin ən incə tellərinə hopan Son Zəng özündə ən xoş məqamları və ən gözəl, ən zərif, ən incə, ən duyğulu, ən unudulmaz hissləri saxlayır. Bu hiss və duyğular 11 illik məktəb həyatında  damcı-damcı, qram-qram qəlbə hopur.

Son Zəng 16-17 yaşlı gəncin ömür kitabının ən məzmunlu, ən oxunaqlı səhifəsidir. Hələ qarşıda illər var, bu kitabın səhifələri artacaq. Yaşının üstünə yaş gəldikcə həyat bəzən mənasını dəyişəcək, bəzən də onu  göylərə qaldıracaq.  Yaşadığı həyatın bütün məqamları bu kitaba hopacaq. Ola bilər ki, o kitabın hansısa  vərəqi çevrilməyəcək, xatırlanmayacaq. Amma  Son Zəng yazılmış vərəq heç zaman köhnəlməyəcək, saralmayacaq, təzəliyini, təravətini həmişə saxlayacaq.

Son Zəng orta məktəbə "əlvida" desə də, yeni həyata çağırışdı. Son Zəng ömrün sonrakı illərinin başlanğıcıdı, təməlidi. Son Zəng  elmin, təhsilin,  məktəbin mahiyyətini özündə cəmləyən bir  səslənişdi. Gələcəyin  uğurları Son Zəngin mahiyyətindəki təməlin möhkəmliyinə bağlıdı. Son Zəng tədbiri çox gözəl yaşantıdı. Son Zəng məktəblilərin orta məktəblə vida günüdü.

Son Zəng  təhsil işığında, elm nurunda, maariflənmək yolunda 11 il yol gələn  gənclərin ötən illərdəki həyəcanını, ilk və kövrək sevgisini, məhəbbət  dolu baxışını, təbəssümünü məktəbin  divarları arxasında gizlədir. Son Zəng özündə çox sirləri saxlayır. Son Zəng ən səmimi duyğuları, kədərli anları,  eləcə də müəllim-şagird münasibətlərini, bu münasibətlərdəki qarşılıqlı hörməti, diqqəti və qayğını həmin gün  pik nöqtəyə  qaldırır.

Son Zəng ayrılıq  zəngidir. Son Zəng bir-birinə möhkəm tellərlə bağlanan şagird-müəllim və məktəb - valideyn birliyini ayrılığın hüzn və kədərinin müşaiyəti ilə elə təqdim edir ki, kimsənin ruhu da incimir, əksinə şən aura və xoş ovqat yaradır. Son Zəng ayrılığın sonundan  yeni həyata boylanan ikinci bir şansdı. Bu şansı qaçırmayanlar sonda qalib olurlar.

Son Zəng bir az dəcəl, bir az qorxaq, bir az da cəsarətli uşaqlığın cazibasındə və dumanında gələcək üçün giriş qapısıdı. Bu qapını açıb doğru  istiqamətə yön alan məzun gələcəyin çiynində ucalara qalxa biləcək.

Son Zəng öz cingiltili sədaları ilə məktəbə "əlvida" deyən məzunun xatirələrini oyadır. Arxada qalan illərdə  sinif otaqlarının, partaların, yazı lövhəsinin şahidlik etdiyi xatirələrdə nələr yoxdu? Bu xatirələrə heç zaman bitməyəcək, bəzən də təsəvvürə gəlməyəcək qədər  şən, qəhqəhələrlə dolu uşaqlıq günləri, dəcəllik edərək  parta  yoldaşının saçlarını yolan, hörüklərini dartan, lentini açan, dərsin tez başa  çatmasını  ürək çırpıntısı ilə gözləyən,  tənəffüs zənginin səsinə səs verərək "ura" deyə bağıran,  dəhlizə qaçan uşaqlıq illərinin cazibəsi hopur.

Son Zəng uşaqlığın son vidasıdır. Bu vidanın, hiss və duyğuların yerini heç nə ilə doldurmaq mümkün deyil. Son Zəng müəllimləri və dostları unudulmaz bir XATİRƏ olaraq  qəlbin işıqlı nöqtəsinə göndərir. İllər keçsə, yaş üstünə yaş gəlsə də həyatın keşməkeşində belə o nöqtənin işığı sönmür, yerini başqa birinə vermir. Heç bir duyğu, hiss və buna bənzər digər yaşantılar Son Zəng işığının qarşısını kəsə bilmir.

Son Zəng arzuların, istəklərin ağ köynəyə yazılan qüruru və əks-sədasıdı.  Həmin istəklərin məsumluğuna, paklığına və saflığına şahid olan məktəb divarlarınin, sinif otaqlarının, partaların, kitab, dəftər və qələmlərin dili olsaydı nələr  söyləməzdi?! Söylədikləri ilə Son Zəngin  cingiltisini artırardı. Amma bu mümkün deyil. Hiss və duyğular, eləcə də istək və arzular  yalnız qəlb işığında "danışaraq könül həmdəmi" ola bilir.

Son Zəng  ayrılığın kövrək duyğusuna bükülən və  qəhərlənərək boğazda düyünlənən göz yaşının axmasına yol açan bir səsdi, hayqırtıdı. Son Zəng bir zamanlar "bircə bu məktəbi bitirsəydim" deyə günlərini sayan məzun üçün kədər dolu sevincin səsidi. Məktəbin bitməsini istəməyən başqa bir məzun üçün  isə ağrılı həsrət, arxada qoyduğu gözəl illərin kövrək xatirələrini özündə saxlayan möcüzəli dünyadı.

Son Zəng həsrətdi, nisgildi, həm də dünənki məktəblinin, bu günkü abituriyentin, sabahkı tələbənin şansıdı. Son Zəng təəssüfdu, "illər nə tez gəldi keçdi..."  təəccübünü özünə hopduran heyrətdi. Sanki məktəb illəri bir  dəftər imiş.  Birinci sinfin ilk günü verilmiş ki,  gələcək yaşantılarını yazsın.  Kimsə o dəftəri çox gözəl  xəttlə yazdı, kimsə də qaralayıb bir kənara atdı.  Eləsi oldu ki, dəftərin səhifələrini rənglədi,  bəzədi.  Səhifələri boş qoyanlar da tapıldı. Və on bir ildə gördüyünü, qazandığını ağ səhifələrə yazan  dünənki şagird  Son Zəngin sədaları altında o dəftəri bağlayır.

Artıq  dəftərin son səhifəsinə son sözlər yazılır: Son Zəng!


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31