Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
13 İyun 2019 17:24 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Nəsimi İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. "Olaylar" xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir. Mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Qəbulun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edən başçı "15 iyun"un müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu, həmin gündən başlayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqını, millətini və bütövlükdə, Vətənimizi düçar olduğu ağır bəlalardan, məhv olmaqdan qurtardığını, müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə etdiyini, torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin xilasının, bugünkü müstəqilliyimizin əsasını qoyduğunu vurğuladı. Bildirildi ki, Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı və Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.