Rusiyalı qiymətləndiricilər Bakıda olub-Saziş imzalanacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, "VECON" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc  Bakı şəhərində işgüzar səfərdə olan  Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq Qiymətləndirmə Mərkəzinin direktoru İqor Artemenkovla görüşüb. 

Görüşdə iki ölkənin qiymətləndirmə institutları arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və şirkətlər arasında əməkdaşlıq müqaviləsinin bağlanması məsələləri müzakirə edilib. Tərəflər  "VECON" qiymətləndirmə şirkəti ilə Beynəlxalq Qiymətləndirmə Mərkəzi arasında yaxın müddət ərzində əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı razılığa gəliblər. Müqavilənin əsas predmetlərindən biri də odur ki, tərəflər təmsil etdikləri ölkələrdə həm də öz tərəfdaşının bilavasitə təmsilçiliyini həyata keçirəcək, birlikdə qiymətləndirmə işlərində iştirak edəcəklər. Görüşdə Rusiya Federasiyası İntellektual Əmlak və Biznes Qiymətləndirilməsi İnstitutunun proffessoru, Avropa Regional Qiymətləndirmə Komitəsinin direktor müavini Həmid Mamacanov və "VECON" qiymətləndirmə şirkətinin direktor müavini, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis  Xaqani Eminov da iştirak edib. 

Xatırladaq ki, Beynəlxalq Qiymətləndirmə Mərkəzi 1995-ci ildə təsis olunub. Rusiya Federasiyası qiymətləndirmə bazarında yarandığı dövrdən lider mövqeyə malik olan və bu mövqeyi qoruyan təsisatın mütəxəssisləri dünyada brend olan FRICS, CCIM, FIABCI, REV, HRSA kimi beynəlxalq professional kvalifikasiyaya malikdir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31