Çilovda maarifləndirmə tədbiri

Çilovda maarifləndirmə tədbiri

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə "İnsan Hüquqları Aylığı" elan edilir. Aylıq çərçivəsində paytaxtda və regionlarda  müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda "dəyirmi masa", seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir.

Olaylar.az xəbər verir ki, hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov adına 131 saylı tam orta məktəbdə keçirilib.

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev qarşıdan gələn Ramazan bayramı münasibətilə müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib. Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının onun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq hüquqları ilə bağlı Konvensiyada təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.

Təlimlərdə Ombudsman təsisatı tərəfindən "Uşaq Hüquqları Konvensiyası" adlı kitabça və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilib və məktəb kitabxanasına da vəsaitlər hədiyyə olunub.

Təlimin sonunda fəal iştirak edən şagirdlər Ombudsmanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin imzaları ilə sertifikatla, prosesdə yaxından iştirak edən direktor və müəllimlər "Təşəkkürnamə" ilə təltif ediliblər.

Çilov adasında belə tədbirin ilk dəfə həyata keçirildiyi üçün Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hikmət Şikarov və məktəbin direktoru müvəkkilə təşəkkür edərək bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin davamlı olmasını arzu ediblər.  

Səfər çərçivəsində Aparatın əməkdaşları SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin uşaq bağçasına gedərək orada uşaqların qidalanması, asudə vaxtlarının təşkili və təlim prosesi ilə tanış olublar və yaradılmış şəraitin uşaqların inkişafına xidmət etdiyini müşahidə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31