Aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib

Aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının birgə təşkilatçılığı ilə, "Kəngərli və Partnyorları" Vəkil Bürosu tərəfindən vəkillik tarixində ilk dəfə olaraq helikopter vasitəsi ilə Pirallahı rayonu Çilov adasına gedərək orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Olaylar.az xəbər verir ki, görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxışında Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəldiyini, hazırda isə həmin prosesin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini bildirib.

Daha sonra görüşdə iştirak edən vəkillər 28 May NQÇİ-nin Akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar. Çilov adasına gediş-gəlişin çətin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Pirallahı Rayon icra hakimiyyəti tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31