“Qara Qarayev”dəki parkda ağaclar susuzluqdan yanır - FOTOLAR

Bakı metrosunun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən park baxımsız qalıb.

Bu barədə Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi sədrinin müavini Kamal Hacıyev məlumat verib.

Onun sözlərinə görə, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq salınmış parkda ağaclara qulluq göstərilmir: "Şənbə günü Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin könüllüləri ilə birlikdə parkda monitorinq apardıq. Parkda çoxillik küknar ağacları da var, yeni əkilən cavan ağaclar da. İki hektarlıq parkda cəmi iki yerdə 15-lik plasmas su borusu ilə çəkilmiş kran gördük. Kran boşu-boşuna "tamet"lə döşənmiş cığıra axırdı.

Ağaclara su verən görmədik. Kranlardan biri parkın qurtaracağındakı kafenindir. Kafenin ətrafında ağaclara su verirlər. Ancaq bütövlükdə parkdakı ağaclara heç bir qulluq göstərilmir. "Qara Qarayev"dən "Neftçilər"ə gedən yolun üzərindəki ictimai iaşə müəssisələrinin qarşısında, kənarında hər tərəf yaşıllıqdır, ağacların arasına "qazon" vurulub. Məncə, bunu "Qara Qarayev"dəki parkda da etmək olar. Orada hər gün 100-lərlə paytaxt sakini istirahət edir. Hər halda ağacların arasında yaşıl ot örtüyü olsa, bu insanların zövqünü oxşayar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31