Nazirlik meşə yanğınları ilə bağlı müraciət edib: “Odla ehtiyatlı olun”

Nazirlik meşə yanğınları ilə bağlı müraciət edib: “Odla ehtiyatlı olun”

"Qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edirik". 

"OLAYLAR" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O qeyd edib ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürsünlər, fermerlər biçənəkləri yandırmasınlar: "Bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır və bu hallar bizi olduqca narahat edir. Bütün bu hallar baş verməsin deyə sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasınlar, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31