Bağçalarda uşaqları kimə etibar edirik?
Bağçalarda uşaqları kimə etibar edirik?
3 İyun 2019 14:18 Sosial"Uşaq bağçalarına işə qəbulla bağlı heç bir müsabiqə və müsahibə keçirilmir. Onların bilik və bacarıqlarının yoxlanılması üçün heç bir addım atılmır".
"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir.
Uşaqlar məktəbə başlamazdan əvvəl məktəbəqədər tərbiyə müəssisələrinə göndərilir. Bu müəssisələr təhsil sistеminin ilkin pilləsi sayılır. Belə müəssisələrin vəzifəsi hələ məktəbə başlamayan uşaqlara təlim və tərbiyəni aşılamaqdır. Əbəs yerə deyil ki, UNİCEF məktəbəqədər təhsil təşkilatlarını həyata ən yaxşı başlanğıc olaraq görür. Əgər belədirsə uşaqların təlim-tərbiyəsində uşaq bağçalarının rolu danılmaz olmalıdır. Lakin vəzifəsinin məsuliyyətini, mahiyyətini anlamayan tərbiyəçilər barədə tez-tez çıxan xəbərlərdən aydın olur ki, vəziyyət heç də ürəkaçan deyil. Tərbiyəçilərin bağçalarda uşaqlara fiziki və zehni zorakılıq tətbiq etdiyi barədə məlumatlara tez-tez rastlaşırıq. Əgər bir "tərbiyəçi" ibtiadi təhsil almaq üçün sadə bilgilər vermək yerinə 2-3 yaşına çatmış uşaqlara "hər şey bizdə onsuz da viran oyna doyunca" musiqisini dinlədirsə, normal ünsiyyət qaydalarını öyrətməkdənsə ona təhqir etməyi aşılayırsa, fiziki və zehni sağlamlığını qorumaqdansa öz çirkli şüuraltı ilə ona əziyyət edirsə burada hansı həyata başlanğıcdan söhbət gedə bilər? Öz -özünü tərbiyə edə bilməyən, psixoloji hazırlığı olmayan "pedaqoq" cəmiyyətin düşmənidir.
Valideynlər bağça seçərkən tədris proqramının mükəmməl olması ilə yanaşı bir çox məsələni diqqət mərkəzində saxlayırlar. Uşaqlarını maddi imkanları yaxşı olan müəssisələrə etibar etmək istəyirlər. Lakin əsas məsələni pedaqoq seçimini unudurlar. Təhsili, təcrübəsi, şəxsiyyəti uşaqlarla ünsiyyəti anlayışlı olan müəllim onun üçün nəyin doğru olduğunu bilən və ona görə davranandır. Bağçalarda kadrlar düzgün yığılmadığı zaman uşağa qarşı fiziki olmasa da, psixolji olaraq zorakılıq yaranır. Məktəbəqədər tərbiyə müəssisələrində pedaqoji etika, əxlaq normalarının yanlış aşılandığı uşaqlarda ibtiadi təhsil müəssisələrinə qarşı inamsızlıq və ikrah hissi yarandığı üçün məktəbə başlamaqda çətinlik çəkirlər. Belə olan şagirdlər təlimə yönələ bilmədikləri üçün bilik səviyyələri də aşağı düşəcək.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var: "Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 20011-ci ildə prezidentin sərəncamı ilə baxçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Düzdür, on illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standarlarına yaxınlaşıb. Amma normativlər - uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından isə hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Doğrudur özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi - tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəsüf ki, heç bir qrum bağçalarla bağlı yoxlama aparmır. Ekspert bildirib ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır: "Necə ki, Peşə təhsili agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu baxçalara da şamil edilməlidir. Bu həm də tədris vahidliyinin qorunması üçün labüddür. Hal hazırda uşaq bağçalarında ən ciddi problemlərdən biri də orda dərs deyən, tərbiyə işləri ilə məşğul olanlar ilə bağlıdır. Təəssüf ki, onların bilik və bacarıqlarının yoxlanılması üçün heç bir addım atılmır. Uşaq baxçalarına işə qəbulla bağlı heç bir müsabiqə və müsahibə keçirilmir. Müəssisə rəhbərliyi öz istəyinə uyğun olaraq işçi qəbul edir. Halbuki 2018-ci ildə qəbul edilmiş Məktəbəqədər təhsil haqqında qanuna əsasən uşaq baxçalarında ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir. Amma hal hazırda uşaq baxçalarında çalışan 17000 işçidən 40 faizi ümumiyyətlə ali təhsilli deyil. Hesab edirəm ki, bağçalar yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır. Burda çalışanların bilik və bacarıqlarını yoxlamaq üçün imtahan keçirilməldir, işə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir".
Nigar Orucova