Növbəti hərraca 85 dövlət müəssisəsi çıxarılıb

Növbəti hərraca 85 dövlət müəssisəsi çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi investorlara növbəti dəfə əmlak sahibi olmaq imkanı yaradır. Belə ki, budəfəki hərrac iyulun 2-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 85 əmlaklardan 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Komitədən "Olaylar"a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 5-i sənaye, 1-i səhiyyə qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və təmir sahələrinə aiddir.Özəlləşməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Abşeron rayonunda yerləşən 30 saylı mağazanı nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 184,6 kv.m, torpaq sahəsi isə 231 kv.m təşkil edir. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Bundan başqa sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. "Çinar" soyuducular zavodunun Şəmkir filialı belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 2 min 100 kv.m-ə yaxın, torpaq sahəsi isə 27 min kv.m-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi bu məhsulla bağlı tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31