Deputat telekanallardan gileyləndi

Deputat telekanallardan gileyləndi

Təəssüf ki, bu Ramazanda da dini maarifçilik yönündə faydalı proqramlar tərtib etmədilər

"Allaha şükürlər olsun ki, bu Ramazan ayının sonuncu sahurunu da əmin-amanlıq içində gerçəkləşdirdik. Bu bir aylıq sahur müddətində Türkiyədən yayınlanan maarifləndirici proqramları gündəlik izləməyə çalışdıq. Xeyli faydalandığımızı düşünürəm. Xüsusilə Quranla bağlı sağlam müzakirə aparan din alimlərinin görüşləri üzərindən bilmədiyimiz bir çox məqamlarla bağlı bilgilər əldə etdik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, təəssüfləndirici odur ki, bu Ramazanda da Azərbaycan televiziyaları dini maarifçilik yönündə faydalı proqramlar tərtib etmədilər və ölkəni bürümüş dini cahilliyin mövcudluğuna biganəlik nümayiş etdirdilər: "Ola bilsin ki, bunu etməyə müstəqillikləri yetərli olmadı. Bu cəhalətin, xurafatın dövlətimizin və millətimizin gələcəyi üçün nə dərəcədə təhlükəli olduğunu anlamayan zehniyyətin dəyişmədiyinin bir daha şahidi olduq və üzüldük. Ancaq yenə də Quran təməlidə İslamın tanıdılması üçün, onun müasirliyə, elmi biliklərə, humanizmə təşviq edən mahiyyətini anlatmaq üçün səylərimiz davam etməli, dinin insanlara qorxu, təhlükə deyil, sevgi, şəfqət aşılayan təzahür olduğuna sağlam düşüncə və əməllərimizlə inandırmağa çalışmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31