Cocuq Mərcanlıda xeyriyyə aksiyası keçirilib

Cocuq Mərcanlıda xeyriyyə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər" mövzusunda Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib. Komitənin Tibb Xidməti İdarəsindən "OLAYLAR"-a bildirilib ki, Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsmi nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət ediblər və məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. 1 İyun 2019-cu il tarixində qəsəbənin bütün uşaqları müayinə olunublar. Eyni zamanda Füzuli rayonu Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib. Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bu günü və gələcəyi, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi aktual məsələlərə toxunulmuş, müasir tibbin ən qabaqcıl yeniliklərinin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında keçirilən xeyriyyə aksiyası Füzuli rayonu, Horadiz şəhərində 3 iyun tarixi daxil olmaqla davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31