Xaricə üz tutanların miqranta çevrilmək riski yüksəkdir
Xaricə üz tutanların miqranta çevrilmək riski yüksəkdir
31 May 2019 14:19 SosialMiqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşırlar
Hazırda müasir dünyada miqrant məsələsə ən aktual məsələlərdən hesab olunur. Bu məsələ dövlətlərin sosial-iqtisadi prosesinə təsirsiz ötüşmədiyindən çıxış yolları axtarılır. Xatırladaq ki, uzun müddət (adətən bir ildən artıq) yad ölkədə yaşayan insan miqrant hesab olunur. Bəzən mövsümi qazanc dalınca, məsələn, kənd təsərrüfatı məhsulu yığmaq üçün xaricə gedən şəxsləri də miqrant adlandırırlar. Eyni zamanda, turistlər, zəvvarlar, müalicə olunmaq üçün xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar. Dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və yaxud da işləyir. Lakin başqa ölkəyə getmək istəyənlər qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya mənbələrinə müraciət edərək "lehinə" və "əleyhınə" olan hər şeyi ciddi ölçüb-biçmək lazımdır. Çünki, kinofilmlər, fotoqrafiyalar, tanışlarından eşitdikləri hekayətlər çox vaxt gələcək miqrantlarda reallığa uyğun olmayan ümidverici perspektivlər barədə yanlış təsəvvürlər yaradır. Miqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşır, iş tapa bilmir, həkimə müraciət etmək imkanından məhrum olur, deportasiya təhlükəsi ilə üzləşirlər. Çox vaxt emiqrantlar xarici ölkələrdəki uğursuzluqlarından sonra gecikmiş peşmançılıq hissləri ilə etiraf edirlər: "əgər mən başıma nələr gələcəyini əvvəlcədən bilsəydim...". Emiqrasiya edərkən qəbul olunmuş tələsik qərarlar müvəffəqiyyətə yox, böyük məyusluqlara gətirib çıxara bilər.
Çox hallarda isə insanlar öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə xaricə üz tuturlar. Bu zaman emiqrasiya etmək qərarını eşidən qohumlar və dostlar məsləhətlər verir, özəl agentliklər isə öz vasitəçiliklərini təklif edirlər. Onlar müəyyən ödəniş müqabilində xaricə getmək üçün lazım olan sənədlərin hazırlanmasında, sığınacaq və yaşayış üçün və yaxud da bu və ya digər ölkədə işləməyə icazə alınmasında köməklik göstərilməsinə zəmanət verirlər. Təcrübə göstərir ki, gələcək miqrantlar əksər hallarda onları Avropa ölkələrinə aparacaqlarını vəd edən vasitəçilərə pul ödəmək üçün əmlaklarını satır və yaxud da borc götürürlər. Onlar həqiqətən də inanırlar ki, xaricdəki qazancları hesabına nəinki borclarını qaytaracaq, hətta öz ailələrinin maddi vəziyyətlərini də xeyli yaxşılaşdıracaqlar. Lakin vasitəçilər tərəfindən aldadılan potensial miqrantların çoxu heç də üz tutduqları ölkəyə düşə bilmirlər. Təyinat ölkəsinə daxil olmağa nail olanlar isə çox tezliklə başa düşürlar ki, reallıq onların görmək istədikləri mənzərədən kəskin şəkildə fərqlənir.
Məsələn, çoxları səhfən elə təsəvvür edirlər ki, Avropa ölkələrində iş tapmaq asandır. Əslində isə Avropa İttifaqı ölkələrində işsizlik səviyyəsi olduqca yüksəkdir və işə götürərkən yerli vətəndaşlara üstünlük verilir. Ona görə də Azərbaycandan olan miqrantların qanuni iş tapmaq imkanı demək olar ki, heçə bərabərdir. Həmçinin turist kimi bu ölkələrə üz tutanların getdikləri ölkədə yaşamaq üçün rəsmi icazə alması mümkünsüzdür. İcazəsiz qalanlar isə qanunsuz miqranta çevrilirlər. Qanunsuz miqrant olduqları təqdirdə onların işləmək, sosial və tibbi kömək üçün müraciət etmək üçün, uşaqlarının isə təhsil almaq hüquqları olmur.
Qanunsuz miqrantın isə həyatı o qədər də asan olmur. Avropa ölkələrində qanunsuz yaşayan azərbaycanlılar tez-tez cinayətkar qrupların qurbanlarına çevrilirlər. Bu qruplar onları istismar edir və yaxud da ən ağır və alçadıcı işlərdə işləməyə məcbur edirlər. Bu cür işlər əsasən "çirkli", çətin və əksər hallarda sağlamlıq üçün zərərli olur. Miqrantlar üçün Qərbdə yüksəkmaaşlı iş yerləri haqqında cəlbedici, lakin yalan vədlərə inanmaq sadəlövlük olardı. Xaricdə pul qazanmaq əvəzinə olan pulları da itirmək riski daha artıqdır. Bu baxımdan internet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşılmalıdır. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkəsində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
Hazırda məsələnini aktuallığı beynəlxalq aləmdə müzakirə edilməkdədir. Bu dəfə miqrant məsələsi Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsində müzakirəyə çıxarılıb. Müzakirələrdə İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti, uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparıb. Milli Məclisin deputatı Sahibə Qafarovanın Komitə iclasında "Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı" mövzusunda məruzəsinin ilk dinləməsi keçirilib. Azərbaycan parlamentinin üzvü məruzə haqqında məlumat verərək bildirib ki, hazırda Avropanın bəzi ölkələrində miqrant uşaqlar bir çox problemlərlə üz-üzə qalıb. Onun sözlərinə görə, miqrant uşaqlar bir sıra hallarda insan alveri və digər cinayətkar qrupların qurbanına çevrilirlər. Bu halların qarşısının alınması, miqrant uşaqların hüquqlarının qorunması üçün onların ciddi müdafiəyə və qəyyumluğa ehtiyacı var. S.Qafarova xatırladıb ki, Avropa Şurası Nazirlər Komitəsinin 127-ci sessiyasında müşayiətsiz və tənha miqrant uşaqların qəyyumluğu ilə bağlı yeni qaydaların hazırlanması qərara alınıb. Bu qərarın icrası məqsədilə AŞ-nin Uşaq Hüquqları üzrə Xüsusi Komitəsi əsas prinsipləri və təlimatları hazırlamaqdadır: "Bu məruzənin də məqsədi üzv dövlətlərə sözügedən məsələdə yardım etməkdir. Hesab edirəm ki, müxtəlif ölkələrdə mövcud olan təcrübələrin araşdırılmasına ehtiyac var və məruzədə qəyyumluq, qanuni baza, hüquqi nümayəndəlik imkanları, səlahiyyətli orqanların funksiyaları və digər məsələlər yer alacaq. Həmçinin qəyyumluq prosesində qarşıya çıxan çətinliklərə diqqət yetiriləcək, qəyyumların təyin olunmasında vaxt itkisi və bürokratik maneələr kimi məsələlər araşdırılacaq". Sahibə Qafarova deyib ki, bəzən qəyyumların təyin edilməsində gecikmələr olur, uşaqlar Avropaya gəldikdən sonra qoruma tələb edirlər. Mühacirət proqramları uşaqlar 18 yaşına çatan kimi tamamlandığından hələ həssas olan miqrant uşaqlar müşayiətsiz və köməksiz qala bilirlər.
Zəka