YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirildi

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirildi. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzdülər.

Sonra tədbir YAP Xətai rayon təşkilatının qərargahında davam etdirildi. Dövlət himninin səsləndirilməsindən sonra  YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı gündəliyə uyğun olaraq VI konfransdan ötən dövr ərzində görülən işlərdən geniş bəhs etdi. Bildirdi ki, gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edir,  ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqla  ulu öndər Heydər Əliyevin ideyalarının təbliğinə öz töhfələrini verirlər. Sıralarında  730 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasında təmsil olunanların 40 faizdən çoxunu gənclər təşkil edir. Bu rəqəmin özü  Azərbaycan gənclərinin partiyanın gələcəyinə inamını, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini bir daha nümayiş etdirir.

Məruzə ətrafında çıxış edən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvlərindən Orxan Bayramov, Elman Aslanov, Aliyə Orucova bildirdilər ki, gənclərimiz onlara göstərilən etimadı daha böyük məsuliyyət hissi  ilə qarşılayaraq, daha səylə çalışırlar. 

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün   Əhmədli    Azərbaycan gənclərinin  bütün sahələrdə uğurlarından geniş bəhs edərək bildirdi ki, gələcəyimiz gənclərimizlə  bağlıdır. Bunun üçün  onlar daha səylə çalışmalı, vətənpərvər olmalı, tariximizi, dilimizi, mədəniyyətimizi  daha dərindən öyrənməli, təbliği istiqamətində fəal iş aparmalıdırlar. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək,  gələcəyimiz indiki gənclərə nəyi və  necə öyrətməyimizdən asılıdır.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  bu fikri xüsusi qeyd etdi ki,  Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə bir güclü, qüdrətli, böyük nüfuza malik  partiyanın sıralarında təmsil olunmaqdan qürur duymalıdır.  Yeni Azərbaycan Partiyasına xidməti dövlətə, xalqa xidmət kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını  qoruyur, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, YAP  nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilib. Sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Bunu ölkədə keçirilən seçki proseslərində  xalqın partiyaya, onun  namizədinə dəstəyi də təsdiqləyir.  Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb.

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi vurğuladı ki, Azərbaycan davamlı uğurlara imza atır, bunu gözü götürməyən dairələr   qısqanclıq hisslərini qərəzli təbliğatları ilə nümayiş etdirirlər. Gənclərimiz sosial şəbəkələrdə fəal olmalı, Azərbaycan reallıqlarını əsaslı şəkildə təbliğ etməli, aparılan qarayaxma kampaniyalarının heç bir əsası olmadığının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfələrini verməlidirlər. Günbəgün güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün  azərbaycanlılar üçün qürur mənbəyidir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyev bildirdi ki, dövlətin siyasətinin əsas  istiqamətlərindən biri də gənclərə diqqət və qayğıdır. Bu siyasətin  təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Son 15 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilməsi bu sahədə görülən işlərdən, atılan addımlardan da özünü qabarıq şəkildə büruzə verir. Hazırda  YAP-ın 730  mindən artıq   üzvünün  40 faizini gənclər təşkil etməsini şərtləndirən amillər  sırasında da onlara diqqət və qayğının günbəgün artması xüsusi rol oynayır. Azərbaycan gəncliyi onlara göstərilən etimadı doğrultmaq üçün səylə çalışmalıdırlar.

Sonra gündəliyə  uyğun olaraq təşkilati məsələlərə baxıldı. YAP Xətai rayon təşkilatı   Gənclər Birliyinin sədri və 6 sədr müavini seçildi. Gənclər Birliyinin yeni sədri   Orxan Bayramov seçildi.  37 nəfərdən ibarət Şuranın, 21 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi.  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına 13 nəfər nümayəndə seçildi.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni tərkibə uğurlar arzulayaraq,  bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən  Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs etdi. Bildirdi ki, hazırda partiyanın  üzvlərinin 40 faizini gənclər  təşkil edir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.

H.Mirələmov  Azərbaycan gənclərini ölkə həqiqətlərinin təbliğində daha fəal olmağa çağırdı. Azərbaycan gəncliyinin gələcəyə  inamla irəliləməsi üçün böyük əsaslar mövcuddur. 17 minə yaxın üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatında çoxluq təşkil edən gənclərimizin fəallığı daim təqdir olunur.

Sonda YAP Xətai rayon təşkilatı  Gənclər Birliyinin VII  konfransının iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olundu.

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto), "İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31