Klinikada ölüm baş veribsə, biz məsuliyyət daşımırıq - Nazirlik
Klinikada ölüm baş veribsə, biz məsuliyyət daşımırıq - Nazirlik
30 May 2019 13:53 SosialÖtən gün "Baku Medical Plaza"da həkim Sirus Qoçqani estetik əməliyyat həyata keçirərkən həmkarı həkim-ginekoloq Sona Gürgün Vəliyevanın ölümünə səbəb olub. Sözügedən həkim daha əvvəl də məşhur model Leyla Oruclunun ölümünə bais olmuşdu.
Baş verən iki ölüm hadisəsi xaricdən gələn həkimlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün icazə məsələsini və onların peşəkarlığının yoxlanılmasını gündəmə gətirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xaricdən gələn həkimlərə Azərbaycanda praktiki fəaliyyət göstərməsi üçün Səhiyyə Nazirliyi şəhadətnamə verir. Şəhadətnamə alan həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçməlidir. Sertifikasiyadan keçməyən həkimlər özəl klinikalarda çalışmağa davam edirsə, buna görə məsuliyyəti həmin klinika daşıyır, Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımır:
"Özəl tibb müəssisələri xaricdən həkim dəvət etdikdə həmin həkimin sənədlərini Səhiyyə Nazirliyinə təqdim edir. Səhiyyə Nazirliyi də praktiki fəaliyyət üçün şəhadətnamə verir. Şəhadətnamə alan həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçməlidir, keçməzsə, bunun məsuliyyəti artıq özəl tibb müəssisəsində olur. Özəl tibb müəssisəsində ölüm halı baş verərsə və bununla bağlı Səhiyyə Nazirliyinə şikayət daxil olarsa, hüquq-mühafizə orqanları əməkdaşları ilə Səhiyyə Nazirliyinin xüsusi komissiyası birlikdə ölümün səbəblərini araşdırır və toplanan materiallar istintaq orqanına təhvil verilir. Əgər ölümdə həkim səhlənkarlığı, yaxud səhvi olarsa, artıq buna məhkəmələr aydınlıq gətirir və son qərarı da məhkəmə orqanı verir".
Qeyd edək ki, səhlənkarlıq və məsuliyyətsizliyi səbəbindən xəstənin ölümünə səbəb olan həkimlərlə bağlı Səhiyyə Nazirliyi heç bir tədbir görmür. Belə ki, sözügedən həkimlər həbs olunduqları ana qədər aktiv həkimlik fəaliyyəti göstərməyə davam edirlər və həbsdən buraxılandan sonra da dərhal işlərinin başına dönürlər. Yaxud ölümə səbəb olan və şərti, məntəqə tipli və yaxud icbari iş alan həkimlər istintaq müddətində və barələrindən həbs qətimkan tədbiri seçilmədən çıxarılan cəza müddətində də heç bir problemsiz həkimlik fəaliyyətini davam etdirə bilirlər. SN-də səhlənkarlıq və yaxud məsuliyyətsizlik səbəbindən ölümə səbəb olan həkimlərin təkrar attestasiya və ya sertifikasiyaya cəlb edilməsi prosedura yoxdur.