“Hər şey çox gözəl olacaq, bəlkə bu gün deyil, amma”
29 May 2019 16:40 Sosialİnsanın əhval-ruhiyyəsi müxtəlif situasiyalarda müxtəlif cür dəyişir. Bəs ümidsizlik halında insan nə etməlidir.
Olaylar.az gənclər arasında sorğunu təqdim edir.
Problemin üzərinə gedin
Mədinə Kərimli (26 yaş) - Bəlkə bir az qəribə səslənəcək, amma özüm çarəsiz, ümidsiz hiss etdiyim zaman bilərəkdən məni narahat edən problemi tez-tez düşünüb özümü narahat edirəm. Çünki hər zaman ürəyimi sıxan problemin sonda heç də düşündüyüm kimi olmadığını görürəm. Nəticə etibarilə rahatlıq tapıram. Atalar sözündə deyilir ki, qorxan gözə çöp düşər, lakin məndə bu tamamilə əksdir. Məni narahat etməyən problemlər başıma daha çox dərd açır. Ona görə də çarəsiz qaldığım vaxtlarda problemin üzərinə getməyi seçirəm.
Yalnız olmadığınızı dərk edin
Cavid Əzizov (27 yaş) - Tək-tənha insanlar çarəsiz olur. Məni çox sevən ailəm, dostlarım, yaxınlarım var. Özümü ümidsiz, sıxıntılı hiss etdiyim zaman onların yanında rahatlıq tapıram. Hətta problemim onlarla olsa belə yenə də tək sığınacağım ailəmdir. İnsanın başına nə gəlirsə tənhalıqdan gəlir. Lakin tənhalıq sözünü çox adam səhv başa düşür, elə bilirlər ki, sevgilin yoxdursa, tənhasan. Yaxud sevdiyi adam həyatlarından çıxıbsa özlərini tənha hiss edib çarəsizliyə, ümidsizliyə qapılıb elə bilirlər ki, tənha, yalnız qaldılar. Lakin başa düşməlidirlər ki, Tanrı, ailən və doğmaların var olduğu müddətdə tənhalıq və çarəsizlik yoxdur.
Dostunuzu doğru seçin
Sərxan Rüstəmli (25 yaş) - Mövzu çarəsizlik, ümidsizlik olduğu zaman insanlar qarşısındakı adama məsləhət verməyi çox sevirlər. Ümumiyyətlə biz başqalarına məsləhət verməkdə ustalaşmışıq. Nəyəsə ümidinizi itirdiyiniz vaxt bu barədə sizə doğma olan bir insanla söhbət etmək əlbəttə ki, yaxşıdır. Lakin baxır kiminlə. Hər insanın həyatında belə bir adam olmur. Çoxu sənin problemini dinləyib özlərini ağıllı göstərmək üçün empatiya hissi qurmadan məsləhət verirlər. Bu məni çox qıcıqlandırır. Hər şeyi də ailəyə danışmaq olmur axı. Düşünürəm ki, insanın onu çıxarsız dinləyəcəyi çox yaxın dosta ehtiyacı var. Elə bir dosta ki, onunla danışanda ürəyin rahatlıq tapsın. Çox adam deyir ki, insan özünün həkimidir. Mən belə düşünmürəm. Çarəsizlik, ümidsizlik diş ağrısı, baş ağrısı deyil axı. İnsan özü-özünün ümidsizlik xəstəliyini müalicə edə bilməz. Çünki çarəsiz adam sağlam düşünməyi bacarmır. Ona görə hər insanın dar vaxtlarında sağlam düşünməkdə ona kömək edəcək əsl dosta ehtiyacı var.
Özünüzə inam qazanın
Mətanət Qurbanova (22 yaş) - Çox zaman psixoloq məsləhətləri oxuduğum vaxt qarşıma çıxır ki, film izləyin, musiqi dinləyin, rəsm çəkin bunlar sizi kömək edəcək. Mən belə düşünmürəm. Ümidsiz, çarəsiz olduğun vaxt bu kimi məşğuliyyətlər (adı üstündə məşğuliyyət) sadəcə müəyyən bir müddət sizi probleminizdən uzaq edəcək. Filmin, musiqinin təsiri keçdikdən sonra yenidən ümidsizliyə qapılacaqsız. Mənə görə ümidsizcə ağlamaq, qışqırmaq da bunlara daxildir. Məşğuliyyətlər və göz yaşları çarəsizliyin qarşısında sadəcə ağrıkəsici funksiya kimi fəaliyyət göstərə bilər. Problemi isə kökündən həll etməyəcək. İntihar halları artıb. Mənə ən çox abituriyentlərin həyatına qəsd etməsi təsir edir. Çarəsiz qaldığını düşünən, hər gün təzyiq, basqılara məruz qalan abituriyent film izləyib, musiqi dinləməklə necə ümidsizlikdən necə xilas ola bilər axı? Onu bu vəziyyətə incəsənət salmayıb ki... Çarəsizlikdən, ümidsizlikdən qurtulmağın yeganə yolu ətrafdakıları özünə inandırmaqdır. Bunun üçün də gərək birinci özün-özünə güvənəsən. Çox xoşbəxtəm ki, ətrafımda məni anlayan, mənə güvənən ailəm, doğmalarım var.
Dua edin
Gövhər Abbasova (29 yaş) - Dua edirəm. Ümidsiz sözünü eşidən vaxt ağlıma ilk olaraq dua etmək gəlir. Ümumiyyətlə ümidsizliyi günah hesab edirəm. Necə deyərlər ölümdən başqa hər şeyə çarə var. Dua etdiyim zaman mənəvi rahatlıq tapıram. Bu da sağlam düşünməyimə kömək olur. Dəfələrlə ağlımı, ürəyimi narahat edən problemlərdən Tanrıya ibadət edərək xilas olmuşam. Dua etdiyim zaman içimdə ümid yaranır. İllər əvvəl çox sıxıntılı vaxtlarımda yuxuda çox gözəl bir atın məndən qaçdığını və buna məyus olduğumu görmüşdüm. Lakin üzümü çevirdiyim zaman başqa bir atın da yanımda dayandığını gördüm. O yuxunu gördükdən qısa bir müddət sonra çox böyük itkiyə məruz qalsam da heç gözləmədiyim bir anda itirdiyimdən daha böyük bir həyat qazandım. Əmin oldum ki, Tanrı bir qapını bağladığı zaman digər qapını mütləq açır. Özünü çarəsiz hesab edən insan sadəcə həqiqət korudur. Həqiqətləri görən biri özünü çarəsiz, ümidsiz hiss etməz. Çətinliklərdən qorxan insanlar asan yolu seçdiyi üçün hər şeyi problem edib çarəsizliyə qapılırlar. Halbuki, gec ya da tez hər şeyi həll etmək mümkündür.
Özünüzün motivatoru olun
Hikmət Məlikov (28 yaş) - İnsanın ən yaxşı motivatoru zaman və özüdür. Şablon səslənsə də zaman hər şeyin dərmanıdır. İnsan onu narahat edən suallara cavab tapa bilməyənmdə ümidsizliyə, çarəsizliyə qapılır. Zaman isə bütün sualların cavabıdır. Sadəcə geci və tezi var. Güclü insanlar yəni özünün motivatoru olanlar doğru zaman gələnə kimi səbirlə gözləməyin yollarını tapırlar. Düşünmürəm ki, nə vaxtsa insanın yolu tükənsin. Adi bir filmdən, musiqidən də motivasiya ala bilərsən. Hətta hərdən küçədə yeridiyin zaman tanımadığın bir insanın ağzından elə bir söz eşidirsən ki, fikirlərinin axarını tamamilə dəyişir. Bir də belə bir məsəl var, dərdini deməyən dərman tapmaz. Bununla da razı deyiləm. Hərdən dərdini danışandan sonra bir problemin ikiyə çevirilir. Sonra da başlayırsan düşünməyə ki, bəlkə də danışmasam daha yaxşı olardı. Gülüb, əylənmək üçün yoldaş tapmağa nə var ki, dərdini danışacaq adam tapmaq çox çətindir. Ona görə də çox insan psixoloqlara müraciət edir. Ən azından düşünür ki, işi xatirinə bu insan onu həqiqətən dinləyəcək. Ümidsiz qaldığım vaxtlarda içimdən gələn səsə qulaq asaraq motivasiya tapmışam. İnsanın özündən daha yaxşı dinləyicisi yoxdur.
Sahib olduqlarınıza şükr edin
Mehriban Hüseynli (26 yaş) - Hər kiçik problemdə özünü çarəsiz hesab edən, ümidsizliyə qapılan insanlar görəndə onların yerinə utanıram. Doğrudur, kimin daxilən nə yaşadığına kənardan baxıb qiymət vermək olmaz. Lakin sıxıntı anında aclıqdan, evsizlikdən, ən ağır xəstəlikərdən, müharibədən əziyyət çəkən insanları özəlliklə də uşaqları göz önünə gətirmək lazımdır. Biz hər şeyi dərd edib sıxılırıqsa bəs bu insanlar nə etsin? Həqiqətən ağır sıxıntılar keçirən çarəsiz insanlar var. Belə insanlara kömək etmək lazımdır. Yanımda kefsiz, dərdli adam görən kimi ürəyim sıxılır. Dərdini soruşursan elə bir cavab verir ki, bilmirsən nə deyəsən. Deyə də bilmirsən ki, bunda sıxılacaq nə var axı. Belə adamlar ailəsini, doğmalarını özündən nigaran buraxmaqdan başqa bir işə yaramırlar. Və öz problemlərindən başqa heç kimə, heç nəyə əhəmiyyət vermirlər. Çarəsiz olduğum vaxtlarda sahib olduğum şeyləri göz özünə gətirib şükür edirəm. Həyatda itirməkdən ən çox qorxduğum şey özümün və ailəmin sağlamlığını itirməsidir. Ağır xəstəliklərdən başqa heç nə çarəsizlik yarada bilməz.
Dərdinizi ailənizə danışın
Aydın Məmmədov (30 yaş) - Hər kiçik, lakin böyüdülən sıxıntının kökündə pessimizim dayanır. Pessimist insanlar zəif və sıxıntının qarşısında aciz olurlar. Doğrudur, hər kəsin həyatında çarəsiz qaldığı, ümidini itirmək təhlükəsində olduğu vaxtlar olur. Ya da kiməsə elə gəlir ki, bunu həqiqətən yaşayıb. Dərd elə bir şeydir ki, hər dəfəsində daha ağırı ilə rastlaşırsan. Lakin ümidsizliyə qapılmamaq üçün səbəb çoxdur. Ailəm, dostlarımla aramızda çox güclü bağlılıq var. Əgər kimisə ailəsi ilə sıxıntılarını bölə bilmirsə, o insan həqiqətən də çarəsizdir. Çünki səni təmənnasız sevən insanlarla dərdini paylaşa bimirsənsə bunu başqa heç kimlə edə bilmərsən. Ailəndən incidiyin zaman belə yenə də sıxınacağın tək yer onların yanıdır. Qaldı dostlara, bədbin insanlarla qurulan yoldaşlıq sonda sizi də ümidsiz insana çevirəcək. Çox adam deyir ki, o məni başa düşür, ona görə də ən yaxın dostumdur. Sadəcə başa düşmək kifayət deyil. Dostun ötürdüyü enerji mənə görə ümidi, ümidsizliyi təyin edir. Çox vaxt maddi məsələləri, yaxud sahib olduqları peşədə uğursuzluğu ümidsizlik kimi qiymətləndirirlər. Mənə elə gəlir ki, ümidsizliyin ən böyük səbəblərindən biri də insanların sahib olduqlarına qane ola bilməməsidir. Nə vaxt qane olmağı bacaracayıq, o zaman ümidsizlik və çarəsizlik də bizdən uzaq olacaq.
Nigar Orucova