Zorla oruc tutmaq uşaqların psixologiyasına mənfi istiqamətdə təsir göstərə bilər

On bir ayın sultanı Ramazan ayında böyükdən –kiçiyə hər kəs oruc tutur, ibadət edir. Oruc tutan şəxslər arasında azyaşlı uşaqların üstünlük təşkil edir. Olaylar.az bununla bağlı psixoloq və din xadiminin fikirlərini yayımlayır.

On bir ayın sultanı Ramazan ayında böyükdən -kiçiyə hər kəs oruc tutur, ibadət edir. Oruc tutan şəxslər arasında azyaşlı uşaqların üstünlük təşkil edir. Olaylar.az bununla bağlı psixoloq və din xadiminin fikirlərini yayımlayır.

Loqos Psixoloji və Nitq İnkişafı mərkəzinin klinik psixoloqu Sona Davudova bildirir ki, Ramazan ayının həyəcanını ailələr ilə birlikdə uşaqlarda yaşayır: "Ramazan ayı uşaqlara bəzi məsuliyyətləri, gözəllikləri öyrədərkən bir tərəfdən də uşaqların psixologiyasına mənfi təsir göstərməmək üçün çox diqqət edilməsi lazım olan bir aydır. Uşaqlar hələ konkret düşünmə dövründə olduqları üçün onlara mücərrəd anlayışlardan bəhs edərək orucu izah etmək və zorla oruc tutmaq, tutmadığı zamanlarda günaha daxil olacağı mesajını vermək, uşaqların psixologiyasına mənfi istiqamətdə təsir göstərə bilər.

Valideynlər bu ayda uşaqlara yanaşma tərzlərinin necə olması lazım olduğu məsələsində dilemma qarşısında qala bilir. Uşağa yaşının qaldırmayacağı məsuliyyət və günah hissi fərqində olmadan aşılanır. Halbuki uşaqların yetkinlik dövrünə qədər oruc tutmaları dinə görə fərz deyil. Uşaqlar mühitin təsiri ilə bunu həyata keçirməyə həvəsli olurlar və prosesin bir parçası olmaq istəyirlər. Ramazan ayının yaz aylarına təsadüf etməsi ilə birlikdə uşaqların həqiqi mənada oruc tutmalarını gözləmək, ya da ailə olaraq buna yol vermək uşaqların sağlamlıqları baxımından təhlükəlidir."

Uşaqların metabolizmi yeniyetmələrdən tamamilə fərqli olduğunu qeyd edən Sona Davudova bildirir ki,  böyüməyə proqramlı bir metabolizmə malik olan uşaqların əsas qida elementlərini xüsusilə vitamin balanslı bir şəkildə almaları lazımdır: "Bundan başqa, yay məktəbləri və ya müxtəlif kurs alan uşaqların zehni qabiliyyətlərinin zəifləməməsi və fəal olaraq dərsə iştiraklarının təmin olunması üçün su və enerji ehtiyaclarının qarşılanması şərtdir. Bu vəziyyətdəki uşaqların nailiyyətlərinin azalmaması, mənfi təsir etməməsi üçün oruc tutmamaları tövsiyə edilir. Əks halda diqqət çatışmazlığı, əsəbilik, unutqanlıq, baş hərlənməsi, göz qaralması, sidik azalması və s. kimi şikayətləri yarana bilər.

Uşağın psixologiyasına mənfi istiqamətdə təsir edəcək mesajlar bəzən ailə böyükləri tərəfindən deyil, televiziyalarda yayımlanan proqramlar da verə bilir. O üzdən uşaqların inkişaf proseslərinə mənfi təsir edəcək proqramları ailə kimi diqqətlə təqib etməyimiz lazımdır. Bir nümunə ötən il televiziyada uşaq proqramı tərəfindən nəşr olunmuşdu. Bu tərz proqramların videoları hələ də internetdə yayımlanmağa davam edir."

Psixoloq xüsusi olaraq qeyd edir ki, "Arthur" adlı uşaq cizgi filmdə "oruc tutmaq yemək yemək qədər asan" sözləri ilə oruc tutmağa başlayır: "Amma uşaq bir müddət keçdikdən sonra dözməkdə çətinlik çəkir və vaxtın tez keçməsi üçün televiziya açır və yemək proqramları görür. Daha sonra kitab oxumağa başlayır. Kitablarda da yemək rəsmləri ilə qarşılaşanda kitabı da yarıda qoyur. Daha sonra dostlarının yanına getməyə qərar verir və yoldaşları oruc deyil. Onlar pitsa yeyərkən o da çox istəyir və dözməyərək bir dilim pitsa ilə orucunu pozur. Daha sonra göydən bir mələk enir və orucunu necə pozursan deyə onu günahlandırır. Uşağın dostları da onu məsxərəyə qoyurlar. Anası və nənəsi isə Orucun məqsədinin günahlardan təmizlənmək olduğunu izah etməyə çalışsalar da uşaq özünü günahkar, işə yaramaz kimi hiss edir. Bu proqramın və bənzərlərinin uşağa verəcəyi mesaj günah hissidir.

Ramazan ayını uşaqlara aclıqdan ölmə ayı kimi deyil, sevgi, dostluq, paylaşma ayı olaraq öyrədin. Psixoloji təzyiqlərdən çəkinərək, onların qəbul edəcəyi şəkildə bəzi şeyləri öyrənməsinə dəstək olun. Oruc tutarsa savab, etməsən günah şəklində uşaqda həyəcan yaradacaq və uzaqlaşdıracaq cümlələrdən qaçın. Xüsusilə həyəcan səviyyəsi yüksək olan uşaqlarda, bu anlayışlar gələcəkdə daha ciddi psixoloji problem halına gələ bilər. Ramazanda yaxınlarınızla görüşün və bol-bol uşaqlarınızla ailəvi gəzin. Bu xoşbəxt günlər, gələcəkdə uşaqlarınızın ən dəyərli anları kimi yaddaşlarında canlanacaqdır. Allah orucunuzu və dualarınızı qəbul etsin!"

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov bildirir ki, "Oruc" kəlməsi İslam dinində termin olaraq, Ramazan ayında imsakdan (dan yeri ağaran vaxt - fəcri-saiq) iftaradək (gün batan vaxt) yemək-içməkdən, dünyəvi zövqlərdən uzaq durmaqdır: "Oruc ibadəti dini, sosial, tibbi, əxlaqi, psixoloji və ictimai faydaları olan ritualdır, həmçinin İslamın beş əsas şərtlərindən biridir. "Qurani-Kərim"də qeyd edildiyi kimi, bu ibadət növü islamdanəvvəlki digər səmavi dinlərdə də həmişə mövcud olmuşdur. Bu barədə deyilir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdənəvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki (bunun vasitəsilə), siz pis əməllərdən çəkinəsiniz!" ("Bəqərə", 2/183). Bu baxımdan qeyd etmək olar ki, İslam dininin bəşər övladına təklif etdiyi bu ibadət onun ən kamil formasıdır."

Əhməd Niyazov qeyd edir ki, ümumilikdə, ibadətlər üçün ağıl və həddi-büluğ yaşını əsas götürən İslamda oruc ibadətini yerinə yetirmək üçün sağlamlığa malik olmaq vacib şərtdir: "Yetkinlik yaşına yetməyənlərin oruc tutmaları ixtiyaridir. Uşaqlar ailələrində sahur və iftar vaxtlarında həvəs edərək oruc tutmaq istəyərsə, o zaman bəzi müddəalara diqqət etmək vacibdir. Çünki uşaqların orqanizmi böyüklərdən fərqli olaraq inkişaf dövrü yaşayır. Onların həvəslərini qırmadan, sağlamlıqlarını qoruyaraq orucun nə olduğunu izah etmək vacibdir. Uşaqlar bizdən gördüyünü öyrənir, onlara riayət edir. Xüsusilə 0-7 yaş arası uşaqlar valideyinlərini təqlid edirlər, bu dövrün önəmli xüsussiyyətlərindən biri onlara dəyərlərimizin aşılanmasıdır. Həzrət Peyğəmbər (s) də uşaqların kiçik yaşlarından ibadətlər haqqında məlumatlandırılmasını tövsiyə edib.

Əgər övladlarınız oruc tutmaq istəyirsə, bunu yarım gün və ya bir neçə saatlıq formada edə bilərsiz. Onları mümkün qədər oruc tutmağa hazırlasaqda, səhhətlərini də düşünməliyik. Bütün Ramazan ayı boyu uşaqların oruc tutması səhhətlərinə ziyandır. Həddi-büluğ yaşına çatmayanların orqanizmi inkişaf dövrü keçir."

Sonda Əhməd Niyazov Ramazan ayında hər zaman fikir ayrılığı yaradan məsələyə də toxunaraq bildiridi ki, səfərdə olanlar, xəstələr başqa vaxtlarda tutmaq şərti ilə bu ibadəti təxirə sala bilərlər: "Həmçinin, südəmər uşaq sahibləri, hamilə qadınlar da bu sıraya daxil edilmişlər. Adət görən qadınlar isə ramazan ayında həmin günlər oruc tuta bilməz, tuta bilmədiyi günlərin sayı qədər başqa ayda qəza etməlidirlər.

Oruc tuta bilməyəcək qədər yaşlı olan və sağalması qeyri-mümkün xəstələr gün sayına müvafiq olaraq fidyə verib, oruc tutmuş kimi savab qazanarlar. Fidyə, ancaq qeyd edilən səbəblərdən tuta bilmədiyi oruc günləri sayı müqabilində hər günə bir fitrə miqdarı pul, yaxud azuqəni kasıblara paylamaqdır. Fitrəyə gəlincə isə o, bir nəfərin səhər və axşam iki dəfə yediyi azuqənin orta qiyməti, yaxud qida məhsulunun özündən hesablanır."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31