Qadına şiddət, hörmət, yoxsa sevgi?

Qadına şiddət, hörmət, yoxsa sevgi?

Getməyə yeri olmayan, şiddətə məruz qalan, sıxıntılı həyat yaşayan, çətinliklərə sinə gərən bir çox qadın var dünyada. Qadın ilahi qüvvədir, o, ana, bacı və ya övladdır. Qadın milli-mənəvi dəyərlərin qorunmasında və davam etdirilməsində xüsusi rol oynayır. Bu istiqamətdə anaların üzərinə böyük yük düşür. Çünki hər bir ana kökünə mənsub adət-ənənələri dünyaya gələn körpəsinə aşılamalı və bu istiqamətdə tərbiyə etməlidir. Uşaq və gənclərin bütün mənəviyyatı bu istiqamətə köklənməlidir. Təəssüflər olsun ki, dünyamızda qadına qarşı şiddət ailələrin sağlam bünövrəsini zəiflədir. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişib. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə və idmanda geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır. Vəkil Rövşən Qasımov qeyd edib ki, ailədaxili şiddət ümumilikdə cəmiyyətin problemidir: "Şiddət deyiləndə ağıla ilk gələn fiziki və cinsi şiddətdir. Qadına qarşı şiddətdə ümumilikdə məqsəd qadın üzərində bir hakimiyyət qurmaqdır. Qadına qarşı şiddətlər arasında başqa şiddətlər də var. Qadına şiddət əsasən tək onu döyməkdən ibarət deyil. Elə kişilər var ki, qadını döymədən mənəvi şiddətlər edərlər. Mənəvi şiddət qadını fiziki şiddət kimi sarsıdır və  qadının daxilən özünə güvənini, insanlarla ünsiyyətini, cəmiyyətlə əlaqələrini kəsməyə qədər gətirib çıxarır. Bəzi müşahidələrimdən, ətrafımda olanlardan və gördüklərimdən belə bir düşüncəylə qarşılaşıram: Nəyə görə qadınlar  hər zaman əzilən olurlar? Nəyə görə qadınların söz haqqları yoxdur? Nəyə görə döyülüb alçalan onlar olur? Bu sualları hər zaman verirəm və bəzi düşüncəsi zəif olan insanlara, xüsusən də qadınlar üzərində hakimiyyət qurmağa, onları bir kölə kimi görməyə çalışan kişilərə deyirəm. Qadın, Allahın Quranda tərif edildiyi və ona enilən ayədir, Allah bu qədər dəyər vermişkən sən hansı haqla onu əzməyə, haqqını əlindən almağa çalışırsan? Qadın səni 9 ay nə əziyyətlərlə qarnında gəzdirib, Allahın köməyi və izniylə səni dünyaya gətirəndir, qadın sənin həyat yoldaşın, uşaqlarının anası, sənə, evinə, uşaqlarına heç bir şərt qoymadan, yorulmadan, bezmədən xidmət edəndir. Həyatının çox hissəsini sizlərə ayıran çox gözəl bir varlıqdır. Onun qarşılığında döyülməsi, söyülməsi, hər kəsin içində alçaldılıb təhqir olunması, hətta ən betəri hər kəsin ortasında bıçaqlanaraq öldürülməsi? Və bundan da ən çox əziyyət çəkən ailədəki uşaqlar olur. Qadını, xüsusən də anaların alçaldılması zamanı atalar fikirləşmirlər ki, mən gələcəyə tərbiyəli deyil, psixologiyası pozulmuş daha bir "mən" yetişdirirəm? Bəli fikirləşmirlər, çünki, o halda sadəcə öz eqolari daha irəlidə olur".  Onun sözlərinə görə, qadınlara qarşı cinsi şiddət isə başqa bir problemdir. Hər gün onlarca və yüzlərcə kiçik qizlara, gənc qızlara təcavüzlərin şahidi oluruq və bunu da edən yenə də insanoğludur: "Sizcə belə bir düşüncə olarmı? Bir gənc qızın açıq geyiminə görə ona təcavüz edilərmi və ya o qız öldürülərmi? Amma indiki cəmiyyətdə o da olur, qadına baxıb nəfsinə hakim olmayıb onu öldürmək dərəcəsinə qədər gələn insanlıqdan çıxmışlarda var, çox təəssüflər olsun. Qadının əxlaqı onun geyimilə deyil, davranışı, ağlıyla ölçülməlidir. Ancaq çox təəssüf, bunu başa düşməyən və o saat şiddətə al atan "kişilər"də var".

Vəkil bildirib ki, günümüzdə bəzi ataların və oğlanların belə bir düşüncəsi də var. Qadın, qız oxumaz və ya işləməz: "Qadın da bu cəmiyyətin üzvlərindən biridir, həm də önəmli varlıqlardan biri. Onun da oxumağa, işləməyə, karyera sahibi olmağa haqqı vardır. Qadın tək ana və həyat yoldaşı deyil, onun başqa şeylərə də sahib olmağa haqqı var. Məsələn: qadın müəllimələrimiz, qadın yazarlarımız, qadın nazirlərimiz, qadın həkimlərimiz və s. və s. Bunları gördükcə insan çox fərəhlənir. Amma çox təəssüf ki, bəzi geri fikirli və qadınlar üzərində hakimiyyət qurmaq istəyən kişilər bunu da çox görürlər qadınlara və o haqqını da onun əlindən almağa çalışırlar. Bir şeyi heç bir zaman unutmayaq, gəlin hər zaman hər tərəfdən özümüzü inkişaf etdirməyə çalışaq. Bunun üçün universitet və ya başqa yerləri oxumaq lazım deyil. İnternetdə inkişaf üçün çox fürsətlər var, dil kurslarımız var, kitab almağa gücümüz çatmır və ya çıxıb ala bilmirik, elektron kitablar var, onlardan istifadə ederək özümüzü inkişaf etdirək. Facebookda, İnstaqramda boş zamanlar keçirmək yerinə özümüzə, inkişafımıza çalişaq. Hər zaman qadın haqlarını qorumaq üçün birləşək, bir olaq, dəstək olaq, söz haqqının əlindən alınmasına imkan verməyək. Qadın oyuncaq deyil, qadın Allahın önəm verdiyi ən gözəl məxluqdur, qadın alət deyil, qadın həyat yoldaşıdır, anadır, kölə deyil, evinin xanımıdır. Qadına şiddət deyil, sevgi verilməlidir. Çünki, sevgi ən gözəl dərmandır və ən gözəl müalicədir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31