Azərbaycan təhsilinin bir nömrəli himayədarı
15 Sentyabr 2018 14:11 SosialDövlətin və dövlət başçısının bu sahəyə diqqəti savadlı və bilikli kadrların yetişməsinə zəmin yaradır
Bir millətin gələcəyi onun sağlam, milli, vətənpərvər ruhda böyüyən gəncliyindən asılıdır. Bunun üçünsə təhsil əsas şərtdir. Məhz təhsil sahəsinin inkişaf etdirilməsi, ona diqqətin artırılması bilikli, bacarıqlı gənclərin formalaşması, yetişməsinə səbəb olan başlıca amillərdəndir. Sevindirici haldır ki, Azərbaycanda bu sahə hər zaman prioritet təşkil edib. Xüsusilə, müstəqillik illərindən, daha dəqiq desək ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə təhsilin inkişafı, onun müasir tələblərə uyğun şəkildə qurulması istiqamətində məqsədyönlü addımlar atılıb. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də məhz təhsilin inkişafına bu prizmadan baxırdı və deyirdi: ""Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır". Və belə də oldu. Ümummilli lider qısa zamanda ölkədə əksər sahələr kimi təhsilin də inkişafı istiqamətində məqsədyönlü addımlar atdı, ildən-ilə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər artırıldı. Ümumiyyətlə, ölkədə təhsilin inkişaf etdirilməsi, savadlı, bacarıqlı kadrların hazırlanması hər zaman dahi şəxsiyyətin diqqətində olmuşdu. Hələ sovetlərin zamanında Azərbaycandan bir qrup gəncin ittifaq respublikalarının ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsi bunun əyani sübutu idi. Məhz həmin gənclərdir ki, bu gün ölkənin müxtəlif sahələrində peşakar kadrlar kimi fəaliyyət göstərirlər.
Qeyd etdiyimiz kimi Azərbaycanda təhsilin inkişafı hər zaman prioritet təşkil edib. Günümüzdə də bu diqqət və qayğı ən yüksək səviyyədə özünü büruzə verir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin timsalında dövlətin bu sahəyə göstərdiyi diqqət nəticəsində son illərdə təhsil sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişlər əldə edilib. İldən-ilə tilkilib istifadəyə verilən yeni məktəb binaları təhsil infrastrukturunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Təkcə 2004-cü ildən uğurla icra edilməkdə olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində respublikada yüzlərlə məktəb binası tikilib istifadəyə verilib, yaxud təmirə ehtiyacı olan məktəblərdə təmir bərpa işləri həyata keçirilib ki, bu da təhsil sahəsinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlardan sayıla bilər. Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, dövlət yalnız yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, yaxud onların bərpası ilə işini bitmiş hesab etmir. Eyni zamanda həmin təhsil müəssisələri müasir tələbələrə cavab verən avadanlıqlarla təmin edilir, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün zəruri vasitələrlə təchiz olunur.
Azərbaycanda təhsilin inkişafına dövlətlə yanaşı qeyri-dövlət təşkilatları da xüsusi diqqət yetirir, bu istiqamətdə zəruri addımlar atılır. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Tam əminliklə deyəb ilərik ki, Azərbaycan dövlətinin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Hazrıda bu proses uğurla davam edir. Heydər Əliyev Fondunun yarandığı gündən indiyə qədər tikdirdiyi məktəb binaları onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə, elmə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu gün dövlət və onun müvafiq qurumları ilə yanaşı Heydər Əliyev Fondunun da Azərbaycan təhsilin inkişafında müstəsna xidmətləri var desək yanılmarıq.
Azərbaycanda təhsilin, elmin inkişafının əsas himayədarı isə heç şübhəsiz ki, dövlət başçısı Cənab İlham Əliyevdir. Elə yuxarıda qeyd etdiyimiz faktlar, yeni məktəb binalarının tikilməsi, onların müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməsi, Azərbaycan təhsilin inkişafında müstəsna xidmətləri olan şəxslərin müntəzəm olaraq təltif olunması və s. bu kimi faktlar Azərbaycan Prezidentinin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür. Hər il yeni tədris ili başlayan ərəfədə dövlət başçısının paytaxt və regionlarda yeni məktəb binalarının açılışında iştirak etməsi də artıq ənənə halını alıb. Bu həm də təhsil işçiləri, eyni zamanda gənc nəsildə bir məsuliyyət yaradır ki, dövlət başçısının onlara göstərdiyi diqqət və qayğını öz fəaliyyətləri, biliklərə daha dərindən yiyələnmələri ilə doğrultsunlar.
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir sıra təhsil müəssisələrinin açılışında iştirak edib, eyni zamanda bəzi orta ümumtəhsil müəssisələrində həyata keçirilən təmir bərpa işlərinin gedişi ilə tanış olub. Son bir neçə gündə bir neçə məktəbdə olan dövlət başçısı ötən gün Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışında da iştirak edib. Dövlət başçısının sözügedən tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlərdən bir daha aydın olub ki, təhsil sahəsi Azərbaycanda prioritet təşkil edir və bundan sonra da ölkədə savadlı, bacarıqlı kadrların hazırlanması üçün lazım olan bütün addımlar atılacaq.
Sevindirici hal ondan ibarətdir ki, təhsil sahəsində atılan müsbət addımlar öz səmərəsini verir, arzuedilən nəticələr özünü göstərir. Elə dövlət başçısı da bildirib ki, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Təkcə cari ilin 9 ayı ərzində paytaxtda 19 məktəb tikilib istifadəyə verilib və əsaslı təmir olunub. Prezidentin də qeyd etdiyi kimi Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Dövlət başçısı deyib ki. bu il Azərbaycanda 200-dən çox məktəb tikilib və təmir olunub: "Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır. Bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Müqayisə üçün, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi".
Göründüyü kimi gənclərimizin müəllim peşəsinə olan marağı da ildən-ilə artmaqdadır ki, bunu da şərtləndirən bir neçə amil vardır. İlk növbədə Azərbaycanda müəllim peşəsinin nüfuzu, hörməti artırılıb. Artıq müəllimlər günün qalan saatlarında ikinci bir işlə məşğul olmaq məcburiyyətində qalmırlar. Çünki hər il dövlət başçısının imzaladığı sərəncamlar əsasında müəllimlərinin əmək haqqlarının bir neçə dəfə qaldırılması onların maddi durum və sosil rifah halının yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda ucqar dağ rayonlarına müəllim təyinatı alan gənclərə verilən əlavə imtiyazlar da müəllim peşəsinə olan marağın artmasına gətirib çıxarır. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, artıq təsadüfi adamlar müəllim kimi çalışa bilmirlər. Əgər müstəqilliiyin ilk illərində heç bir pedoqoji təhsili olmayan adamlar hansısa tanışlıq və ya məktəb rəhbərliyinə görüm-baxım etməklə müəllim işləyə bilirdilər ki, artıq bu kimi mənfi tendensiyalara rast gəlmək mümkün deyil. Çünki artıq neçə illərdir ki, müəllim seçimi mərkəzləşdirilmiş qaydada həyata keçirilən imtahanla həyata keçirilir. Biliyi, bacarığı, təhsili dünyagörüşü olan şəxslər bu şərəfli peşənin daşıyıcı olurlar. Qeyd edilən kateqoriyaları özündə ehtiva etməyənlər isə təbii ki. kənarda qalırlar. Bu isə son nəticədə təhsilin inkişafına, bilikli, bacarıqlı kadrların yetişdirilməsinə xidmət edir. Nəticə etibarilə, Prezidentin də qeyd etdiyi kimi Azərbaycanda ümumi savadlılıq səviyyəsi artır. Dövlət başçısı bildirib ki, ölkəmizdə ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Gələcək nəsil vətənpərvər olmalı, milli ruhda tərbiyə almalı, öz doğma Vətəninə bağlı olmalı, xalqımızın qədim ənənələrə sadiq olmalıdır".
Göründüyü kimi son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Elə bütün bunların nəticəsidir ki, təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Müasir məktəb binalarınin tikilib istifadəyə verilməsi, təhsil müəssisələri üçün yeni korpusların inşa olunması, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulması ümumilikdə Azərbaycan təhsilinin inkişafına xidmət edən başlıca amillərdəndir.
Süleyman