Onlar unudulmur - Ölümü ilə Milli Qəhrəmanlığa yüksəlmiş polis - FOTO

Azərbaycan polisi dövlətin və xalqın ən çətin anlarında müsəlləh əsgər kimi ərazi bütövlüyümüz uğrunda, eləcə də ölkədə sabitliyin təmin olunmasında hər zaman qəhrəmanlıq nümayiş etdirib.

Ramazan Çirinqov da həmin əməkdaşlarımızdan biri olub.

O, 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olub. Elə doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əfqanıstanda beynəlmiləl ordunun tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və döş nişanı ilə təltif olunub. R.Çirinqov ordudan təxris olunduqdan sonra Balakən RPŞ-də polis nəfəri kimi xidmət etməyə başlayıb.

O vaxtlar Qarabağda erməni separatçıları daha da azğınlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunub, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edib.

O, 1995-ci ildə Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsi əməliyatı zamanı əsl rəşadət göstərir. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan Çirinqov 1995-ci il sentyabrın 3-də öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olub.Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ramazan Çirinqova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.Hazırda Balakən şəhərindəki küçələrdən biri onun adınadır.
 

Mahir Məsimov, DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31