“Cümhuriyyət ili”ndə “İsmailiyyə” binası üzərindəki SSR - araşdırma
15 Fevral 2018 10:33 SosialBakının mərkəzində, İstiqlaliyyət küçəsi 30 ünvanında çox möhtəşəm arxitekturaya malik tarixi bina var. Həmin binada illərdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti məskunlaşıb. Binanın gözəlliyinə söz ola bilməz. Paytaxtımıza gələn turistlərin diqqətini cəlb edən ünvanlardan biri də buradır.
Üstəlik, İçərişəhərlə qonşu olması, ətrafında digər tarixi abidələrin mövcudluğu burada möhtəşəm bir harmoniya yaradıb. Di gəl ki, binanın bir "əmma"sı var. Bu "əmma" da ondan ibarətdir ki, binanın fasadında iri hərflərlə "Azərbaycan SSR Elmlər Akademiyası" yazısı indiyədək olduğu kimi saxlanılıb. Yazının əski kiril əlifbası ilə yazılışından aydın olur ki, onun tarixi imperiyanın ilk dövrlərinə təsadüf edir. Sovetlər dövründə bu yazının olması normal sayıla bilərdi. Lakin müstəqilliyimizin 27-ci ildönümündə elm ocağının binasının üzərində imperiya qalığının saxlanması heç cür anlaşılan deyil. Özü də 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə "Cümhuriyyət ili" elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinə aid silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Cümhuriyyətimizin 100 illiyində, üstəlik, İstiqlaliyyət küçəsində Cümhuriyyətimizi süquta yetirən imperiyanın "yadigarı"nın saxlanması qəbulolunmazdır.
Onu da qeyd edək ki, bu binanın yaxınlığında Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə "İstiqlal Abidəsi" ucaldılıb. Azərbaycan adı ilə yanaşı "SSR"in saxlanması isə istiqlal qurucularının və müstəqilliyimiz yolunda qurban gedən şəhidlərimizin müqəddəs ruhunu incitməklə yanaşı, gəncliyə pis örnəkdir. Bir anlıq təsəvvür edin, paytaxtımıza Cümhuriyyətimizin 100 illik tədbirlərində iştirak üçün gələn əcnəbi qonaq iri hərflərlə yazılan "SSR"i görür, o halda bizim barəmizdə nə düşünər?..
Arayış üçün: sözügedən tarixi binanı Bakı milyonçusu Musa Nağıyev 1907-ci ildə, vərəm xəstəliyi səbəbindən çox gənc yaşlarında dünyadan köçən oğlu İsmayılın xatirəsinə tikdirib və o vaxt bu abidə "İsmailiyyə" adlandırılıb. Venesiya qotikası üslubunda inşa edilmiş sarayın memarı polyak İ.K.Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb.
![]()
Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunub. Belə ki, hələ bina tikilməmişdən, 1905-ci ildə Cəmiyyətin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ona görə də "Kaspi" qəzeti redaksiyası ilə (o dövrdə "Kaspi" qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi - red.) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu - red.) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur. Bakı Şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir. Lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.
"İsmailiyyə" binasının tikintisi 1913-cü ildə başa çatıb və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınıb. Tarixi mənbələrdə daha sonra göstərilir ki, M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti" kitabında bu bina haqqında yazırdı: "Bəlkə də İslam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir".
Ancaq 1918-ci ildə Bakıda nəzarəti ələ keçirən ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım törədərkən tarixi abidələrimizi də məhv etməyə qərar verirlər. İsmailiyyə sarayı əvvəlcə qarət edilib, daha sonra isə yandırılıb. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv olub.
Ancaq daşnakların qarşısını alan Qafqaz İslam Ordusu fəxri parad yürüşünü məhz İsmailiyyə sarayının qarşısından keçərək reallaşdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra isə Cümhuriyyət qurucularının ilk işlərindən biri ermənilərin xalqımıza vurduğu zərbələrin araşdırılması olub. Yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının tərtib etdiyi Aktda binanın hansı vəziyyətdə olması təsvir edilib və dəymiş ziyanın məbləği hesablanıb. 1918-ci il, 22 noyabrda Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, o zaman Nikolayevskaya küçəsində Birinci və İkinci Nikolayevskaya döngələrinin arasında yerləşən və 4 №-li məhəllənin 440 kvadrat sajen ərazisini əhatə edən "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirib və bütün faktların əks olunduğu sənədi ortaya qoyub.
![]()
Cümhuriyyətin süqutundan, sovet hakimiyyətinin elan olunmasından sonra isə dağılmış İsmailiyyə sarayının yararsız olması səbəbi ilə sökülməsinə qərar verilmişdi. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməyib və yalnız bundan sonra sarayın bərpa olunmasına başlanılıb. Tarixin ironiyasına baxın ki, 1918-ci ildə ermənilərin yandırdığı binada restavrasiya işlərinə Şuşada anadan olmuş erməni memar Vartan Sarkisov rəhbərlik edib. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklər edilib, vaxtilə Quran ayəlikləri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib.
****
Təəssüf doğuran budur ki, başı müsibətlər çəkmiş, möhtəşəm tariximizi əks etdirən binanın üzərinə lövhə vurulması belə unudulub. Bildiyimizə görə, lövhə içəridən asılıb. Bu isə gənc nəslin geniş məlumat almasını əngəlləməklə yanaşı, xaricilərə binanın özəllliyinin çatdırılması baxımından maneə yaradan haldır.
Binanın qarşısında söhbət etdiyimiz şəhər sakinləri də binanın üzərindəki "SSR" sözünə görə etirazlarını bildirdilər. Düzdür, yuxarıda yazıldığı üçün bu, çoxlarının diqqətini cəlb etmir. Ancaq görənlər və bilənlər bu yanlışlığın aradan qaldırılmasını istədilər. "Biz neçə ildir müstəqil dövlətik. Bu binanı da təmir edib, SSR sözünü onun üzərindən götürmək lazımdır. SSRİ-nin tərkibində olmadığımıza görə artıq o yazını binanın üstündə saxlamağın yeri yoxdur",- deyə orta yaşlı bir həmsöhbətimiz söylədi. Digərləri isə SSRİ imperiyasının Azərbaycan xalqına vurduğu zərbələri də unutmadıqlarını dedilər. "Biz müstəqilliyimizi qazanmaqdan ötrü nə qədər faciələrə tuş gəlmişik, mübarizələrdən keçmişik, şəhidlər vermişik. O mübarizələri nəzərə alaraq, belə yazıları silib-süpürmək lazımdır". Bu da başqasının mövqeyidir.
"Mənim yaşım az olsa da, tarixdən SSRİ imperiyasının başımıza gətirdiyi müsibətləri oxumuşam. Təkcə yanvar qırğını kifayət edir ki, biz bu imperiyaya nifrət bəsləyək. Ona görə də akademiyanın binası üzərində bu sözün saxlanılmasını yaxşı qarşılamıram". Bunu isə bir yeniyetmə söylədi.
![]()
****
AMEA Rəyasət Heyətinə daxil olub bu məsələyə rəhbərliyin mövqeyini öyrənmək istədik. Rəyasət Heyəti Mərkəzi Aparatının işlər idarəsinin müdir müavini Sərdar Əliyev "Yeni Müsavat"a bildirdi ki, bu məsələ AMEA Rəyasət Heyətinin səlahiyyətində deyil: "Biz Bakı Şəhər İcra Hakimiyyətinə bununla bağlı müraciət etmişik. Onlar istədilər xərc məsələsini bizim boynumuza qoysunlar. Biz də büdcədən olan təşkilat olduğumuza görə o xərcin altına girə bilmirik. Çünki böyük xərc tələb olunur. Hardasa 50 minə (AZN) yaxın pul lazım oldu. Dedilər xaricdən materiallar alınmalıdır. Çünki həmin yer əl işi kimi işlənməlidir. Vəsait çox tələb olunduğuna görə biz xahiş etdik ki, onlar öz imkanları hesabına bu işi görsünlər. Bu məsələ də hələlik açıq qalıb".
Dediyinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən məsləhət görüblər ki, məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilsin: "2016-cı ildən bəri Mədəniyyət və Turizm Nazirliyi ilə 2-3 dəfə yazışmalarımız olub. Deyiblər ki, baxılacaq. Amma hələ ki məsələnin həlli tapılmayıb. İndi siz də müraciət edə bilərsiniz. Hamı bu fikirdədir ki, "Cümhuriyyət ili"ndə bu məsələ həlli tapılmalıdır. O vaxt düzü, maddi vəziyyətə görə bu məsələ açıq qaldı. İndi bilmirəm nə deyəcəklər".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin isə məsələ ilə bağlı cavabı qısa və konkret oldu: "Mən bu məsələ ilə məşğul olmuram. Bunu o binaya baxandan soruşun".

Professor Şirməmməd Hüseynov əməkdaşımıza bildirdi ki, o binaya köhnə adını qaytarmaq lazımdır: "Tarixdə o bina "İsmailiyyə" binasıdır. Musa Nağıyev o binanı oğlunun şərəfinə tikdirib. Bütün ictimai təşkilatlar, siyasi partiyalar, Müsavat da daxil olmaqla, hamısı o binada olub. Məsələn, indi 100 illikdir, niyə o binanın üstünə "İsmailiyyə" yazmayalar? Gəncəni Yelizavetopol eləmişdilər, öz adını qaytarmadılar? Yaxud Kirovabadı Gəncə eləmədik? İndi bu binanı da "İsmailiyyə" etsinlər də. Olmazmı?"
Ş.Hüseynov prezidentin imzaladığı "Cümhuriyyət ili" sərəncamına uyğun olaraq həyata keçirilməli olan tədbirlərdən birinin də bu bina ilə bağlı olduğunu qeyd etdi: "Əslində Cümhuriyyət muzeyi ora olmalıdır. Akademiyanın Rəyasət Heyətini yuxarı binasına köçürmək lazımdır. Azərbaycan tarixinin 20-ci əsr dövlətçilik tarixi o "İsmailiyyə" ilə bilavasitə bağlıdır".
****

Maraqlıdır, SSRİ dövründə Azərbaycanda rəhbər vəzifələrdə işləmiş şəxslərin məsələyə münasibəti necədir? Eks-prezident Ayaz Mütəllibov "Yeni Müsavat"a bildirdi ki, bu, tarixlə bağlı məsələdir: "Mən burada başqa məna görmürəm. O ki qaldı SSRİ-yə... Keçmiş SSRİ məkanında SSRİ-yə hörmət edən adamlar da az deyil. SSRİ-nin dağılması da "heyf ki" hissiyyatı ilə qəbul olunur. Bu da danılmaz faktdır ki, SSRİ-nin vaxtında Milli Akademiya yaradılıb, bu qərarın çox böyük əhəmiyyəti var idi. Sovet dövründə elmimiz yaxşı inkişaf tapmışdı, bunu inkar etmək olmaz. Ancaq SSRİ-nin bərpası mümkün olan şey deyil. Azərbaycan SSR-in də Milli Akademiyanın yaradılmasında əhəmiyyəti olub".

Keçmiş prezident müstəqilliyimizin 27-ci ildönümündə belə bir yazının saxlanmasını normal qəbul edib-etmədiyi barədə suala belə cavab verdi: "Mən demirəm normaldır, ya normal deyil. O boyda binanın üzərindədir. Bunu görən yoxdur məgər? Bunu dil-ağıza gətirən yoxdursa, onda demək, hər şey normaldır da. Cəmiyyətin etirazı var bəyəm?"
Məsələ ilə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə də əlaqə saxladıq. Bildirdi ki, bundan əvvəlki illərdə də bu barədə məsələ qaldırılmışdı, lakin o zaman vəsait tələb olunmamışdı: "O zaman dedilər ki, tarixi binadır. İndi də rəsmi müraciət etmək lazımdır. Elmlər Akademiyasının rəhbərliyinin müraciəti olarsa, məqsədəuyğun sayılarsa, təbii ki, bu məsələyə baxılmalıdır".
Mədəniyyət və Turizm Nazirliyinə bununla bağlı verdiyimiz sorğunun cavabını almaq üçünsə gün ərzində bir neçə dəfə müraciət etdik. Lakin sonda müvafiq şöbədən cavab olacağı halda bizə məlumat veriləcəyini deməklə kifayətləndilər.
Mövzuya qayıdacağıq.
Elşad PAŞASOY,
"Yeni Müsavat"