Züleyxa Nadir yazır... Məhkəməsiz cəza çəkənlər

Cəmiyyət varsa cinayət baş verəcək. Cinayət olursa cəza da mütləqdi. Yəni bəşər övladı yaranandan cinayətlər baş verir, qətllər, oğurluqlar və digər neqativ hallar insan övladının alnına yazılıb, sanki. Kimsə bundan sığortalanmayıb, ölmək-öldürmək hər kəsin başına gələ bilər. Amma baxır bu cinayətlər hansı səbəbdən, hansı şəraitdə baş verir. Bəri başdan deyim ki, səbəbindən və şəraitindən asılı olmayaraq cinayətkar cəzasını çəkməlidir.

Züleyxa Nadir

Məhkəməsiz cəza çəkənlər

Cəmiyyət varsa cinayət baş verəcək. Cinayət olursa cəza da mütləqdi. Yəni bəşər övladı yaranandan cinayətlər baş verir, qətllər, oğurluqlar və digər neqativ hallar insan övladının alnına yazılıb, sanki. Kimsə bundan sığortalanmayıb, ölmək-öldürmək hər kəsin başına gələ bilər. Amma baxır bu cinayətlər hansı səbəbdən, hansı şəraitdə baş verir. Bəri başdan deyim ki, səbəbindən və şəraitindən asılı olmayaraq cinayətkar cəzasını çəkməlidir.

Azərbaycan dünya xəritəsində öz yeri olan, yeraltı və yerüstü sərvətləri ilə fərqlənən bir coğrafiyada yerləşir. On milyona yaxın əhalisi var. Müxtəlif təbəqəli insanların müxtəlif də məşğuliyyəti var. Kimsə sevdiyi işlə məşğul olur, kimsə sevmədiyinə məhkum olub. Kimsə həyatın mənasını anlayır, yaşamağın yolunu tapıb, kimsə heç bir arzusu, istəyi olmadan günlərini sayır, ömrünün başa çatacağı anı gözləyir. Kimsə insanlığın xeyirxahlıq və humanizm prinsiplərini gündəlik işinə, həyatının mənasına çevirib, kimsə insanlıqdan kənar, həyatın astar üzündə olan pisliklərin əlindən tutub.

Bütün bunların hamısının fonunda böyük bir SEVGİ də var - insan sevgisi, həyat sevgisi. Vay o gündən ki, bu sevgiyə açılan qapıları bağlayıb qıfıl vurasan. Bax o, çox böyük cinayətdi, həm də bağışlanılmayan cinayətdi. Cinayət təkcə o deyil ki, kimisə qətlə yetirəsən. Ətrafındakılara qarşı qeyri-insani hərəkətlər nümayiş etdirmək, kiminsə sevgisinə rişxəndlə yanaşmaq, yaxud da bir başqasının xeyirxah əməlinə, humanist addımına mane olmağa cəhd etmək də cinayətdi.

Qətl törədən , oğurluq edən, yaxud da digər bu kimi digər əməlləri ortaya qoyanlar cinayət məscəlləsinin maddələri ilə haqlı cəzalarını alırlar. Bir də vicdan cəzası deyilən bir nəsnə var ki, bu cəzaya məhkum olanlar son nəfəslərinə qədər bundan xilas ola bimirlər. Məncə, bu, ən ağır cəzadı.

Bəs, cinayət edəni bağışlamaq olarmı? Bu sualın cavabı birmənalı olaraq belədi: olmaz. Amma bir qədər dərinə gedəndə görmək olur ki, bəziləri bilərəkdən cinayət etməyib, yaxud da başqaları onu buna sövq edib, məcburiyyət qarşısında qalıb. Bunlar təbii ki, cinayətin detallarıdı. Məhkəmə zamanı hakim cəza təyin edərkən bunu nəzərə alır.

Amma elə hallar var ki, onu doğrudan da bağışlamaq olar - məhkəməsiz-filansız. Onları özlərinin vicdanına buraxmaq daha ədalətlidi. Bu, həm də həmin şəxsin bağışlanması deməkdi. Sən onu bağışlayırsan, amma özü özünü bağışlayırmı? Bu, onun vicdanı ilə bağlı olan bir məsələdi. Bəzən hansısa bir adam yoxsulluq ucbatından kiminsə çantasına girib pulunu götürür, yaxud evinin pəncərəsindən işəri düşüb mətbəxdən bir-iki ərzaq məhsulu götürüb gedir.

Əlbəttə, bu, ürəkağrıdan bir mənzərədi. Həmin adam peşəkar oğru, yaxud cibgir deyil. Şərait onu bu yola vadar edib. İşin yaxşı tərəfi odur ki, o bu addımı ikinci dəfə atmayacaq, xoş olmayan əməlinin utanc üzü bir ömür yaxasından yapışacaq, vicdanı onu son nəfəsində də rahat buraxmayacaq. Çünki ev sahibi vicdan nümayiş etdirərək onu bağışlayıb.

Elələri də var ki, bağışlamır, adamı cinayət məsuliyyətinə cəlb etmək üçün hüquq-mühafizə orqanına müraciət edir. Bu adam haqqında əminliklə və çəkinmədən demək olar ki, o, mərhəmət və vicdan hissindən məhrum birisidi. Bəlkə də məcburiyyətdən dolayı belə yola addım atanın vicdanı nə zamansa sahibini məzəmmət etməyi dayandıracaq, amma onu bağaışlamayan adamın vicdanı, eləcə də digər hiss və duyğuları zaman-zaman öz yuxusuna gələcək, kabus kimi yaxasından yapışacaq.

Hər gün qəzalar olur. Yaralananlar və ölənlər, eləcə də bu qəzalardan şikəst qalanlar cəmiyyətin hər köşəsindən boylanır. Avtomobil qəzaları adətən bilərəkdən edilmir. İçki, narkotik maddə qəbul edən, qudurğanlıq və harınlıqdan sürət həddini aşan, yaxud da avtoşluq edən adamların törətdiyi qəzalar cinayətdi. Belə halların daşıyıcısı olan sürücünü bağışlamaq özü cinayətdi. Bir müddət əvvəl Sumqayıt yolunda beş tələbənin ölümü ilə nəticələnən "qəzanın səbəbkarını güllələmək lazımdı" deyənlər az olmadı. Təbii ki, onlara bir tərəfdən haqq qazandırmaq mümkündü. Amma digər tərəfdən də bu cür vicdanını, yaxud da başqa bir nəyinisə itirmiş adamın cəzasını öncə Allahın, sonra da ədalət məhkəməsinin verməsi daha yaxşıdı.

Bir çox hallarda sürücülər bilərəkdən, təsadüfdən, yaxud da əks tərəfin, piyadanın günahı ucbatından qəza törədir. Bu halda, əlbəttə, ölüm halı yoxdusa, onu bağışlamaq olar. Uzun-uzadı məhkəmə çəkişmələrinə gərək yoxdu. Təəssüf ki, cəmiyyət hələ də hissis, duyğusuz insanlardan, ədalətsiz qərarlardan xilas olmayıb. Əgər təsadüf nəticəsində, həm də bilməyərəkdən, heç bir qəsd-filan olmadan kimsə bir başqasına cüzi zərər toxundurubsa, onun həbsxana divarları arasında ömür çürütməsinə gərək yoxdu. Zərəçəkənin şikayəti və məhkəmə qərarı bir insanın həyata, insanlığa nifrət etməsinə səbəb olur.

Bu gün uşaq tərbiyə müəssisələrində cinayətdən dolayı cəza çəkən yüzlərlə uşaq var. Müxtəlif səbəblərdən həyatın astar üzündən boylanmalı olublar. Onlar xuliqanlıq, oğurluq, adam öldürmə, nakotiklərin qanunsuz dövriyyəsi cinayətlərinə görə tutulublar. Bu məhkum uşaqların arasında normal ailədən çıxanlar da var. Amma valideynlərindən biri olmayan, maddi sıxıntısı olan ailələrdən olanlar, ailə tərbiyəsi görməyənlər daha çoxdur. Uşaqlar bir çox hallarda törətdiyi cinayətlərin təhlükəlilik dərəcəsindən, məsuliyyətə cəlb ediləcəklərindən məlumatsız olurlar. Rəsmi statistikaya görə ölkədə baş verən cinayətlərin 4 faizini uşaqlar törədirlər.

Cinayət məcəlləsində uşaqlar üçün 10 ildən yuxarı cəza nəzərdə tutulmayıb. Mövcud ədliyyə sistemi böyüklər kimi uşaqlara da cəzalandırma metodunu tətbir edir. Amma uşaqların törətdiyi elə "cinayətlər" var ki, hakimin verdiyi cəza onun tərbiyələnməsinə, yaxud sosial problemlərin həllinə kömək etmir. Çünki bir çox hallarda uşaqlar törətdikləri cinayətə görə cəmiyyət üçün təhlükə yaratmırlar. Ona görə də onların uzun müddətə azadlıqdan məhrum edilməsinə də ehtiyac yoxdur.

Cəza çəkən dövrdə onlar ailələrindən, yaşadıqları mühitdən kənarlaşdırılır, təhsildən geri qalır, hətta cəza çəkdiyi müəssisələrdə zorakılığa məruz qala bilirlər. Həmin müəssisələri tərk etdikdən sonra öz ailələrinə qayıtdıqda həmin sosial problemlərin həll olunmadığını gördükdə isə cəzaçəkmə həyatı yaşamış şəxslər kimi özlərini cəmiyyətdən ikiqat təcrid olunmuş hesab edirlər.

Demirəm ki, cinayət törədən uşaqlar cəzalanmasınlar. Ağır cinayətlər bimənalı olaraq yaşından asılı olmayaraq cəza ilə nəticələnməlidir. Amma hələ bu həyatın yaxşısı ilə pisini o qədər də ayırd etməyən hansısa uşağı təsadüfi bir pis əməlinə görə ağır cəzaya məhkum etmək olmaz. Onu bağışlamaq lazımdı. Gələcəyinin daha da korlanmaması naminə, peşmançılıq hissinin təsiri ilə ayaqlarının üstündə durmaq üçün böyük addımlar atacağına inanaraq həbsxana həyatından uzaq tutmaq olar.

Onun buna daha çox ehtiyacı var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31