Sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdişdir

Uzun illərdən bəri müzakirə olunan məsələlərdən biri də ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması ilə bağlı idi. Nəhayət məsələ qanunvericilikdə əksini tapıb.

Musa Quliyev: "Layihə hazırki şəkildə qəbul olunarsa, sulu qəlyan çəkilməsinə məhdudiyyət qoyulmayacaq"

Uzun illərdən bəri müzakirə olunan məsələlərdən biri də ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması ilə bağlı idi. Nəhayət məsələ qanunvericilikdə əksini tapıb. Belə ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin son variantında Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı əksini tapıb. Qanun layihəsinin tütün çəkilməsinə icazə verilməyən yerlər maddəsinə görə, müəyyən edilən  yerlər aşağıdakılardır: təhsil və tərbiyə müəssisələri, onların əraziləri; səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq); mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;  restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) ticarət obyektləri; məişət obyektləri; sosial xidmət müəssisələri; yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir); teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri; uşaq meydançaları; yerüstü qapalı və yeraltı piyada keçidləri; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər; metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları; hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla); tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri; liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər; taksofonlar; yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr. Sənəddə  o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə "tütün çəkmək qadağandır!" yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir. Layihə uzun müddət müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Göründüyü kimi sənəddə siqaretdən istifadəyə qadağa qoyulacaq yerlərin dairəsi həddindən artıq genişdir. Belə halda sözügedən qanunun icrasının mümkün olub-olmayacağı sual doğurur. Digər maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, layihədə siqaretidən istifadə əraziləri məhdudlaşdırıldığı halda zərəri və mənfi təsiri heç də ondan az olmayan qəlyan barədə söhbət açılmır.  Daha dəqiq, "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində mübahisəli məsələlərdən biri qapalı məkanlarda (kafe, restoran, çayxana, otel, oyun salonları və s.) sulu qəlyanların çəkilməsinə münasibətdir. Xatırladaq ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qəlyan həvəskarları olduqca çoxdur. Təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən kafe və restoranlarda müştərilərə açıq şəkildə cürbəcür qəlyan növləri təqdim olunur.Restoran sahibləri bu işdən külli miqdarda pul qazandıqları üçün, məhsulun fəsadları barədə gələn qonaqlara heç bir məlumat verilmir. Qəlyanla bağlı Türkiyədə elm adamlarının keçirdiyi araşdırma olduqca mürəkkəb və ağır nəticələr üzə çıxarıb. Belə ki, aparılan araşdırma, qəlyana tütünlə birlikdə tərkibində narkotik olan maddə qarışdırıldığını, bunu isə müştərilərin öncə hiss etmədiyini ortaya qoyub. Türk alimləri ən sadə qəlyan növünün belə dəhşətli fəsadlara yol açdığını bildirib. "Qəlyan tüstüsündəki zəhərli maddələr (arsenik, nikel və xrom), siqaretin tütünündəki miqdardan 50 dəfə çox zərərlidir. Bu isə o deməkdir ki, cəmi 1 dəfəyə çəkilən qəlyan 50 siqaretə bərabərdir". Türk elm adamları açıqlayıb ki, tütünə qatılan şəkər tamının yanması ilə ərsəyə gələn toksik maddələr və bunların nikotinlə qarşılıqlı təsiri insanda qəlyan asılılığı yaradır. Tütün sənayesi xüsusilə gəncləri hədəf alaraq, qəlyanın tərkibinə şəkərli və ətirli qatqılar əlavə edir. Məqsədləri, qəlyan tüstüsünün udumunu asanlaşdıraraq, bunu gənclərin damaq zövqünə uyğunlaşdırmaq və asılılıq yaratmaqdır.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu gün gənclərimizi zəhərləyən və kütləvi şəkildə yayılan təhlükəli viruslardan biri də ayrı-ayrı çayxanalarda, kafelərdə, restoranlarda təklif olunan sulu qəlyanlardır. Xüsusilə də, gənclərin orqanizmi üçün yeni xəstəliklərə rəvac verən qəlyan çəkmə vərdişinə alışdırmaq kimi məqsədyönlü fəaliyyət göstərən şəbəkənin də olduğunu açıqca söyləmək olar.

O, qeyd edib ki, aldığı məlumatlara görə, bir çox hallarda bu qəlyanın su məhlulunun içinə uyuşdurucu xarakterli maddələr də atırlar ki, hər zaman yeniyetmələrdə tələbat yaransın və gəlib alıcı kimi pul xərcləsinlər: "Əlbəttə, kiminsə biznes fəaliyyətinə qətiiyyən qarışmaq niyyətimiz yoxdur, çayınızı verin, yeməyinizi verin, xidmətinizi göstərin, pulunuzu qazanın, Allah gəlirlərinizi min qat artıq etsin, icarə götürdüyünüz obyektlərin sahiblərinin yanında da heç vaxt üzü-qara olmayasınız! Ancaq bu yeniyetmələri, gəncləri belə təhlükəli vərdişə yoluxdurmayın, haçansa və mütləq bunun fəsadı öz övladlarınızın, yaxınlarınızın başında da çatlayacaqdır. Fikrimcə hamımız üçün ilk addım öz yaxınlarımızı, tanışlarımızı qəlyan çəkilən yerlərdən uzaq tutmaq olmalıdır". 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirib ki, layihə hazırki şəkildə qəbul olunarsa, sulu qəlyan çəkilməsinə məhdudiyyət qoyulmayacaq: "Mənim fikrimcə isə sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdiş kimi qapalı məkanlarda qadağan olunmalıdır. Açıq havada çəkilməsinə icazə vermək olar. Yaxud xüsusi lisenziya ilə işləyən qəlyanxanalar açmaq olar. Uşaqları, məktəbliləri, siqaret tüstüsü olan məkanlardan uzaq tutmaq lazımdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31