Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır
Balakən Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır” mövzusunda tədbir keçirilib.
12 Aprel 2017 11:25 SosialBalakən Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları - Elvin Qarayev, Sənan Hacıyev, Balakən rayonu Humanitar və Texniki təmayüllü liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edən Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, dini radikalizm ilk olaraq dünyəvi təhsilin əleyhinə yönəlib və savadsızlıqdan qidalanır. F.Nəcəfov vurğulayıb ki, qadınların cəmiyyətdəki mövqelərinin itirilməsi və dünyəvi təhsildən uzaqlaşdırılması radikalizmin ən böyük fəsadlarındandır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev tədbirdə çıxış edərək deyib ki, dini radikalizmin dağıdıcı təsiri cəmiyyətdə qarşıdurma yaratmağa və nifrət aşılamağa istiqamətlənib. Burada məqsəd dini siyasiləşdirərək həqiqi mənasından uzaqlaşdırmaq və dini etiqadı olan insanları beynəlxalq siyasi qüvvələr üçün alətə çevirməkdir. O söyləyib ki, biz ölkəmizi bu cür dağıdıcı təsirlərdən qorumaq üçün öz milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.