"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

Ötən il müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan, bu qısa dövr ərzində çox böyük uğurlara imza atıb və güclü iqtisadiyatı və sosial-siyasi stabilliyi sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Ötən il müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan, bu qısa dövr ərzində çox böyük uğurlara imza atıb və güclü iqtisadiyatı və sosial-siyasi stabilliyi sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Bu zaman çərçivəsində Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də möhkəm təməllərə əsaslanan  milli iqtisadiyyatın qurulması olub. Zəngin iqtisadi potensialın və xüsusən də neft sektorundan gələn gəlirlərin ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi, bütün sahələri əhatə edən geniş islahatların aparılması nəticəsində ölkə bügün dünyanın 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxildir. Ölkəmizdə formalaşdırılmış əlverişli biznes və investisiya mühiti sərmayə kapitalı axınının sürətlənməsinə şərait yaradılıb.  Hazırda Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 85 faiz təşkil edir. 1995-2015 dövründə, ölkə iqtisadiyyatına təxminən 220 milyard dollar investisiya qoyulub, və eyni zamanda Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilib.

Bügün Azərbaycan hökümətinin əsas prioriteti əldə olunmuş nailiyyətlərin qorunub saxlanması və daha da inkişaf etdirilməsidir. Uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının əsasında isə "qara qızıl"a yox, qeyri-nef məhsulları istehsalı və ixracına əsaslanan iqtisadi model durur.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, qeyri-neft sektoru ölkənin gələcək inkişafında mühüm əhəmiyyət daşıyır. "Bu ilin üç ayında Azərbaycanın ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Bu da bizim siyasətimizin təzahürüdür," Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vurğulayıb.

Azərbaycan hökuməti qarşıdakı illərdə ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayıb. Prezident İlham Əliyevin fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, eləcə də "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar təsdiqlənib.

Burada "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi dayanır. Bu əsasda, Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə  təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" də keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır. 

Bu əsasda, bazar iqtisadiyyatı şəraitində davamlı iqtisadi inkişafın özəyində dayanan və onu daha da irəliyə aparan fundamental əsas yeni istehlak malları, məhsullar və daşınma üsulları, eyni zamanda yeni bazarlar və yeni sənaye sahələridir. Bu yeniliklərin əsas ideyası isə dövlət və biznesin birgə tədqiqatlara, yeni məhsullara və istehsal sahələrinin inkşafına investisiya yatırmaqla, iqtisadi artımı stimullaşdırmasıdır.

Standartlaşdırma

Ümumilikdə, keyfiyyət infrastrukturu sahələri sənayenin inkişafı, bazarlarda rəqabətədavamlılıq, təbii sərvətlərin və insan resurslarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi, sağlamlıq və ətraf mühit və iqlim kimi bir çox istiqamətlərdə qoyulmuş hədəflərə çatmaqda əsas dayaqlardandır.

Standartlar  gündəlik olaraq istehsalçılar, dövlət orqanları və digər təşkilatlar tərəfindən ticarət tənzimlənməsi, keyfiyyət, sağlamlıq və təhlükəsizlik, yeni texnologiyalar, enerji səmərəliliyi, ətraf mühitə təsir və s. kimi bir çox önəmli məsələlərin idarə edilməsində istifadə olunur. Sənaye  üzrə təsdiqlənən standartlar investorlar, müştərilər və tərəfdaşlar arasında etimadı möhkəmləndirir. 

Beynəlxalq araşdırmalar göstərir ki, standartlar dörd mühüm iqtisadi funksiyanı yerinə yetirir; sənaye sahələrinin potensial və məhsuldarlığını artırmaq istiqamətində qarşıya çıxan maneələrin aradan qaldırılmasında yardımçı olur; məhsulun istehsal dəyərini minimuma endirilməsi üçün optimal xammal və xidmətləri müəyyən etməyə imkan verir; məhsullar və istehsal sahələri arasında qarşılıqlı əlaqəni artırır (texniki standartlara əsaslanan sahələrdə bu daha vacibdir); səmərəli informasiya mübadiləsini təmin edir.

Ölkə iqtisadiyyatının keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı sahəsində, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rolundan danışarkən Milli Məclisin üzvü Vahid Əliyev qeyd edib ki, komitənin əsas işi ölkədə istehsal olunan məhsulun beynəlxalq standardtlara uyğun olmasını təmin etməkdir.

"Əlbəttə ki, ixracin təşviqi ilə əlaqədar dövlət orqanları, təşkilatlar və istehsalçılar məşğuldurlar, ancaq məhsulların bazarların tələbinə cavab verməyini təsdiq edən məhz AZSTAND-dır ki, bu standartlar  məhsulların dünya bazarında rəqabətə davam gətirməsini təmin edir," deyə Əliyev qəzetimizə bildirib.

Patent

Patent hər hansı bir ixtiraya dövtlət tərəfindən verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. Bu hüquq ixtiraçıya imkan verir ki, patentləşdirilmiş obyektdən asılı olaraq 8-20 il arasında digərlərini həmin ixtiradan istifadə etmə və ya satma hüququndan məhrum edir.

Patentləşmənin vacibliyindən bəhs edərkən iqtisadçı ekspert İlqar Muradov qeyd edib ki, bu ən çox tibb sahəsində yeni molekulların ixtirasında özünü göstərir.

Belə patentlər biotexnologiya üzrə çalışan şirkətlər üçün olduqca vacibdir, beləki dərmanın ixtirası və istehsalı yüksək xərclər tələb edir və məhsulun kommersiya dəyəri özünü doğrultmalıdır.  Nəzərə alsaq ki, tam yeni bir dərmanın ixtirası 5-7 il zaman tələb edir və çəkilən xərclər 1-5 milyard ABŞ dolları arasında dəyişir, patentin vacibliyini görmək olar, Muradov deyir.

İxtiranın patentləşdirmə gərəyini ekspertlər aşağıdakılar ilə izah edir: ekskluziv hüquqlar və güclü bazar mövqeyi - bunun sayəsində, siz  bazarda rəqabəti azalda və ilkin oyunçu kimi bazarda özünüzü möhkəmlədə, yüksək gəlir götürə bilərsiniz. Eyni zamanda siz öz patentinizi lizenqə verə və ya sata bilərsiniz.

Patent həm də şirkət imici üçün əhəmiyyətlidir - biznes tərəfdaşlar, investorlar və səhmdarlar patent portfoliosunu şirkətin təcrübə, ixtisaslaşma və texnoloji gücünün nümayişi kimi dəyərləndirir. Bu investisaya cəlb olunmasında, biznes tərəfdaşlarının tapılmasında və şirkətin bazar dəyərinin artırılmasında faydalı ola bilər.

Metrologiya

Metrologiya elmi, iqtisadi və sosial zərurətdir. Metrologiya hər şeydən öncə biliyi artırır, bu məhsulun inkişafı, istehsalı və keyfiyyətinin ölçülməsi nöqteyi-nəzərindən vacibdir. 

Qiymətləndirmə insanları qoruyur. Dərmanların dozalaşması və ya radioterapiyada radiasiyanın ölçümü, qida təhlükəsizliyi və daha bir çox sahədə ölçmə həyati əhəmiyyət daşıyır. Əmək saatlarının hesablanması, iş yerlərində səs-küy səviyyəsnin, işıqlanmanın və açıq havada günəşin təsirinin ölçülməsi də bura aiddir.

Ölçmələr sənayeni irəliyə aparır, daha innovativ və rəqabətədavamlı ixrac məhsulları istehsalına imkan verir. Rəqabətədavamlılıq keyfiyyət deməkdir ki, bu da məhsulun istehlakçının tələblərinə, gözləntilərinə cavab verə bilməsinə əsaslanır. Keyfiyyət məhz ölçmələr əsasında tərtib olunan sertifikatlaşdırma vasitəsilə müştərilərə nümayiş edilə bilər.

İstehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması üçün standartlaşma əsasdır. Məhsulların (işlərin, xidmətlərin) insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi və keyfiyyəti, ölçmələrin dəqiqliyi və vəhdəti bu əsasda olduqca vacibdir.

Keyfiyyət infrastrukturu sahələrinin ticarətə təsiri

Ümumilikdə aparılan araşdırmalar göstərir ki, standartlaşdırma və metrologiya, biliklənmə və təkmilləşməyə birbaşa dəstək verərək ayrı-ayrı ölkələrdə iqtisadı artıma müsbət təsir edir. Almaniya Standartlaşma İnstitutunun hesablamalarına görə hər bir ölkədə standartların iqtisadi artıma töhfəsi belədir:  Almaniyada 0,9%, Fransa və Avstraliya 0,8%, Böyük Britaniyada 0,3% və Kanadada 0,2% -ə bərabərdir.

Standartlaşmanın vacib iqtisadi rollarından biri məhz xarici ticarətdir. Məsələn, hesablamalar göstərir ki standartlaşmanın enerji eksportuna təsiri 0.3 faiz, ərzaq və içki eksportunda isə 9.9 faizdir.

Ölkələr arasında standartların uyğunlaşdırılması ticarət üçün əsas katalist hesab olunur - bu şirkətlərə daha çox və yeni bazarlarda dəyişiklərə ehtiyac olmadan öz məhsul və xidmətlərini satmaq üçün icazə verir. Bu sahədə AZSTAND standartlaşdırma üzrə milli orqan kimi standartlaşdırma üzrə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla - Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO); Bölgələrarası Standartlaşdırma Birliyi (BASB-İRSA); Avropa-Asiya Standartlaşdırma Təşkilatı (EASC- MQS); Avropa Standartlaşdırma Komitəsi (CEN) - çalışır. Oxşar şəkildə, bir çox ikitərəfli ticarət razılaşmalarına standartların qarşılıqlı tanınması daxildir.

Milli Standartlar şirkətin istehlakçılar və ticarət tərəfdaşlarına keyfiyyət nişanı verərək ticarəti irəli aparır, beynəlxalq standartlar isə potensial ticarət tərəfdaşları üçün "ümumi dil" yaradır.

Keyfiyyət infrastrukturu sahələri və qeyri neft sektoru

Bu gün , qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir, və ölkə rəhbərliyinin də qeyd etdiyi kimi, əsas məqsəd qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır. Azərbaycan müxtəlif ölkələrə 250 adda məhsul ixrac edir.

Bugünə qədər nail olunan nailiyyətlər sırasında həmçinin aşağıdakıları qeyd etmək gərəkdir:  2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib. 

Demək lazımdır ki, mütəxəssislər iqtisadi rəqabətliliyi müasir mərhələdə davamlı inkişafın çox vacib faktoru hesab edirlər. Çünki qloballaşma prosesi dərinləşdikcə inteqrasiya çərçivəsində ayrı-ayrı ölkələrin rəqabəti də güclənir. Ey­ni za­man­da bu, rə­qa­bət­qa­bi­liy­yət­li məh­sul ix­ra­cı de­mək­dir ki, ix­ra­cın sti­mul­laş­dı­rı­la­sın­da uğur qa­zan­ma­nın yo­lu da məhz bu amil­dən ke­çir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu xüsusda keyfiyyət standartlarının tətbiq edilməsi olduqca vacibdir.

"AZSTAND məhz keyfiyyət standartlarının tətbiq edilməsi və gözlənilməsi ilə məşğul olan qurumdur. Və ixrac üçün də məhsulların beynəlxalq standartlara uyğun istehsal olunması və ixracın düzgün təşkil olunması çox vacibdir," deyə o, bildirib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ondan ibarətdir ki, ənənəvi bazarlarla yanaşı yeni bazarlara "Made in Azerbaijan" məhsulları ixrac edilsin. "Yeni bazarlara Azərbaycan məhsullarının çıxış imkanı birbaşa keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı ilə bağlıdır. Əsasən də Avropa Birliyi bazarına ixrac üçün məhsulların Avropa və umumilikdə beynəlxalq standartlara cavab verməsi vacibdir. Bu kontekstdə təbii ki, AZSTAND-ın əsas funksiyası yeni keyfiyyət standartlarının tətbiqinə nail olmaqdır. Bütün bunları nəzərə alsaq demək olar ki, bu çox vacib fəaliyyətdir, çünki Azərbaycanın ixrac potensialının xüsusən də qeyri-neft sektorunun ixrac potensialının artırılması keyfiyyət standartlarının gözlənilməsi və tətbiqindən asılıdır. Buna görə də komitənin fəaliyyəti ölkə üçün olduqca vacibdir," deyə ekspert vurğulayıb.

O, hesab edir ki, təbii ki qida sektorunda ölkəmizin ixrac potensialı daha yüksəkdir, belə ki Azərbaycanın bu sahədə müqayisəli üstünlükləri var. "Qeyri neft sektoru ixracatının 75 faizi məhz qida sektoruna düşür," deyə o, vurğulayıb.

Dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər rəqabətədavamlı məhsul çeşidlərinin daha da artmasına, ixrac arealının genişləndirilməsinə gətirib çıxarır və yerli məhsullarımız ixrac əməliyyatlarında standartlaşma, keyfiyyət məsələləri ilə bağlı hər hansı maneəyə rast gəlmirlər, İqtisadiyyat Nazirliyi bunu qəzetimizə yerli məhsulların rəqabətədavamlılığını dəyərləndirirkən qeyd edib. Nazirlik qeyd edib ki, "Made in Azerbaijan"məhsullarının regional və beynəlxalq bazar standartlarına uyğunluğu müsbət qiymətləndirilir.

Beləliklə, bugünədək əldə olunmuş nəticələr əminliklə söyləməyə imkan verir ki, ölkəmizin geniş iqtisadi potensialına əsaslanaraq keyfiyyət infrastrukturunun gücləndirilməsi yaxın dövrdə ixracatın daha da artmasına etibarlı zəmin yaradacaq.

Gülqız Muradova

Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31