Özbəkistanda keçiriləcək “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan təmsil olunacaq
Özbəkistan mötəbər Beynəlxalq tədbirə - Beynəlxalq Turizm Sərgisinə ciddi hazırlaşır. “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi 13-14 aprel tarixlərində Daşkənddəki "УЗКУРГАЗМАСАВДО" mərkəzi sərgi sarayında keçiriləcəkdir.
11 Aprel 2017 11:22 SosialÖzbəkistan mötəbər Beynəlxalq tədbirə - Beynəlxalq Turizm Sərgisinə ciddi hazırlaşır. "İstirahət dünyası" V Beynəlxalq Turizm Sərgisi 13-14 aprel tarixlərində Daşkənddəki "УЗКУРГАЗМАСАВДО" mərkəzi sərgi sarayında keçiriləcəkdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə Azərbaycanı builki "İstirahət dünyası" V Özbəkistan Beynəlxalq Turizm Sərgisində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzi "Azərbaycan" stendini təşkil edəcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, bu məqsədlə "Azərbaycan" stendi üçün artıq xüsusi sahə ayrılmışdır. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdiriləcək, Mədəniyyət və Turizm Nazirliyindən Azərbaycanın turizminə dair göndərilən nəşrlər paylanılacaqdır.
S.Abbasov qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədinin Beynəlxalq Sərgidən istifadə edərək ölkəmizə daha çox Özbək turistlərin cəlb edilməsidir. O, Festivalda Azərbaycan stendində Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış "Baku Shopping Festival" adlı xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdiriləcəyini söyləyib.
Diplomat ötən illərdə Özbəkistanda turizm sahəsində aparılan geniş təbliğatın nəticəsi olaraq artıq Özbək turistlərin Azərbaycanın Bakı şəhərinə və Naftalan müalicəvi istirahət mərkəzlərinə maraqlarının xeyli artdığını qeyd edib. O, Daşkənd Bakı arasında həftədə iki dəfə birbaşa hava əlaqəsinin olmasını, ölkələrimiz arasında vizasız gediş-gəlişin mümkün olduğu nəzərə alaraq, Azərbaycanla Özbəkistan arasında turizm sahəsində potensialın böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, "İstirahət dünyası" V Özbəkistan Beynəlxalq Turizm Sərgisində Azərbaycandan Naftalan şəhərindəki "Çinar" və "Qaşaltı" otelləri də iştirak edəcək, "Azərbaycan" stendində öz xidmətlərini təklif edəcəklər.
Sərginin bu il 5 illik yubileyinin olmasını nəzərə alaraq, Özbək tərəfi tədbirə daha ciddi hazırlaşmış, xüsusi şirkətlər tədbirdə Özbəkistanın daxili turizmi sahəsində xidmətlərini, habelə çoxsaylı xarici firmalar öz ölkələrinin yaz-yay turizm paketlərini təqdim edəcəklər.