İsveçrəli jurnalist azərbaycanlı həmkarlarına seminar keçib

Bu gün Azərbaycan Mətbuat Şurasında İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçib. Seminar Şuranın İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində düzənlənib, əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda olub.

Bu gün Azərbaycan Mətbuat Şurasında İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçib. Seminar Şuranın İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində düzənlənib, əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda olub. Əvvəlcə seminarı giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimçi A.Stark barədə məlumat verib. O, ekspertin çox illik təcrübəsinin Azərbaycan jurnalistləri üçün faydalı tərəflərinə diqqət çəkib. Əflatun Amaşov bildirib ki, seminar rəhbərlik etdiyi qurumla İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb və bu əməkdaşlıq davamlı olacaq. Mətbuat Şurasınıən sədri İsveçrədən Azərbaycana, Azərbaycandan da İsveçrəyə jurnalist səfərlərinin təşkilinin vacibliyini əsaslandırıb. "Bu günkü seminar ilk addımdır. Hesab edirəm ki, İsveçrə kimi media təcrübəsinə malik ölkədən öyrənilməli çox məsələlər var. Ölkənin Azərbaycandakı Səfirliyi də buna uyğun olaraq təşəbbüslər irəli sürür. Bu, sevindirici haldır". Əflatun Amaşov bildirib ki, xanım Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün də seminar keçəcək. Daha sonra Əflatun Amaşov Azərbaycanın media məkanı, ölkədə fəaliyyət göstərən televiziya və radiolar, digər kütləvi informasiya vasitələrinin statistikası barədə məlumat verib.

İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder də çıxışında rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığından söz açıb. O, sözügedən əməkdaşlığın faydalı olacağını bildirib. Səfir həmçinin bildirib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır. Filip Stalder İsveçrədəki media qurumlarının sayı, ölkənin həyatında oynadığı roldan danışıb. Qeyd edib ki, 4 rəsmi dili olan İsveçrənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. Ölkədə 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.

Açılış nitqlərindən sonra seminar öz işinə başlayıb. 20 KİV-in təmsilçisinin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31