Mingəçevir - Bəhrəmtəpə yolunun bir hissəsində son tamamlanma işləri aparılır

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, sözügedən hissənin uzunluğu 16,5 kilometrdır və 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarətdir. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndirilib, hərəkət hissəsinin eni 7.5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metrdir. Mingəçevir - Mingəçevir stansiyası avtomobil yolu boyu torpaq işləri, yol yatağının və yol əsasının tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə yekunlaşdırılıb. Hazırda yolda asfaltlanma işləri görülür ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 150 min m2 sahəyə yeni asfalt-beton örtük döşənir. Tikintisi yekunlaşmış ərazilərdə artıq yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılır. Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 santimetrdir. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun sözügedən hissəsində Kürəkçay üzərində 1 aşırımlı, 18 paqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də yüksək keyfiyyətlə aparılaraq, yekunlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31