Elçin Hüseynbəyli yazır... Mənim sadəlövh bacım

Allah mənim baməzə dostumun canını saxlasın. O olmasa, nə mən maraqlı hadisələri eşidərəm, nə də sizinlə bölüşərəm.

Elçin Hüseynbəyli

Mənim sadəlövh bacım

Allah mənim baməzə dostumun canını saxlasın. O olmasa, nə mən maraqlı hadisələri eşidərəm, nə də sizinlə bölüşərəm.

Mətləbə keçməzdən əvvəl onu deyim ki, bizim hamımız kimi, baməzə dostum da madar bacısını çox sevir, elə sevdiyinə görə də hərdən onun sadəlövhlüyünə gülür.

Dostum danışır:

-Bacımı 7-8 evi olan bir kəndə, qohuma ərə vermişik. Özü də səkkizə qədər oxuyub. Kənd çox səfalıdır, bütün qohum-əqrəba yayda dincəlməyə onlara gedir və bizə elə öyrəşiblər ki, bir gün qapıda qonaq-qara olmayanda darıxırlar. Özü də o kənd bizə yaxın olduğundan cavanlarının hamısı, demək olar ki, bizdən evlənirlər. Toy olanda o qədər oynayırlar ki, iki-üç gün yorğan -döşəkdən qalxmırlar, canlarının yorğunluğunu çıxarırlar.

İnsafən, biz də bu kəndin toylarına böyük hörmətlə yanaşırıq, çünki o qədər qonaq sevəndilər ki, toy axşamından tutmuş gəlinin atası evinə ayaq açdığı günə qədər arvadlı-uşaqlı orda qalırıq, doyunca şənlənirik, yeyib-içirik.

Bu yaxınlarda da xəbər gəldi ki, bəs bacımın əsgərlikdən təzəcə gəlmiş qaynı evlənmək istəyir, qız da bizim kəndəndir. Elə təzə sevinməyə başlamışdım ki, əksinə qanım az qaldı qaralsın. Buna da səbəb bacım oldu. Orasını da deiym ki, qonşu kəndin adamları çox küsəyən və qısqancdırlar.

Nəysə.

Elçilik məsələsi ortaya çıxanda bacım mənə giley-güzar elədi ki, bəs atası qızı vermir, xəbər göndərib ki, bizə veriləsi qızı yoxdur, çünki onu el içində biabır etmişik, elçi gəlməmişdən qızı oğlanın adına çıxarıblar. Ona görə də bu sövdə baş tutmaz.

Baxdım ki, bu məslədə o məndən, ya da arvadımdan şübhələnir. Çünki giley-güzardan sonra bir xeyli mənim üzümə baxdı. Dedim ki, bizdən şübhələnirsə, çox nahaq eləyir, çünki bu xəbəri birinci dəfədir ki, ondan eşidirik.

-Bəlkə bizdən başqa kiməsə demisən? -deyə xəbər aldım.

O da çiynini çəkdi:

-Heç kimə deməmişəm, - dedi.

-Bəlkə, genə də da, bir fikirləş.

-Kimə deyəcəm ki... Qonşumuz Mənzərə dedim. Sonra ərimin əmoğlusunun arvadının qulağına pıçıldadım, qaynanamı muştuluqladım, dayım arvadına xəlvətcə ismarış yolladım...

Beləcə bacım bütün kəndi sadaladı. Səkkiz sinif qurtarmaq belədir də. Siyasət-zad bilmir...

Bacımın bu sadəlövhlüyünə qəşş elədim. O da özünü itirən kimi oldu:

-Neyniyim, demiyəydim? İşin üstü açılanda məndən inciyərdilər axı.

-Sizin kəndin hamısı bizim kəndin cəsusudu, -dedim və güldüm, - özüdə cəmi altı-yeddi evsiniz. Hamıya özün demisən ki!

Mənim bu sözlərimə bacım da güldü. Sonra ciddiləşdi:

-Sizi beləmə şəlliyib o qədər gəzdirmişəm ki, nəyə gülürsən?

-Heç, -dedim, -elçiliyə özüm gedərəm...

Bu sözdən sonra bacım bir söz demədi və şad xürrəm öz kəndlərinə qayıtdı. Bir aydan sonra isə toy oldu...Toy da nə toy da! Bayaq dediyim kimi!!!

Aprelin birinci ongünlüyü, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31