Azərbaycan Universitetində aprel şəhidinin anım mərasimi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Universiteti, "Səs" Media Qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Universitetinin məzunu olmuş aprel şəhidi Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və şəhidin doğmaları iştirak ediblər.

Fonddan "Olaylar" - a bildirilib ki, Universitetin rektoru Səadət Əliyeva iştirakçıları salamlayaq Azərbaycan ordusunun ötən ilin aprelində cəbhənin təmas xəttində ermənilərin təxribatına cavab olaraq göstərdiyi rəşadəti yüksək dəyərləndirib, aprel döyüşləri iştirakçılarının qəhrəmanlığından, yurd sevgisindən danışıb. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Həbib Məmmədov erməni işğalçılarının törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.

Daha sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev aprel döyüşləri zamanı xalqımızın uzun illər sonra qələbəni daddığını və bu qələbə sevincinin ordumuzu daha böyük zəfərlərə səslədiyini vurğulayıb. 

Çıxış edənlər - "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Universitetinin kafedra müdiri Yaşar Əhmədov, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov aprel döyüşləri zamanı Azərbaycan dövlətinin milli birliyin nəticəsində ağır imtahandan şərəflə çıxdığını deyib. Gənclərimizin Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etmək üçün döyüşə hazır olduqları bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31