Anar Bilik Fondunda “İmzalı görüş”ün qonağı oldu
7 Aprel 2017 17:26 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində "İmzalı görüş" layihəsinin növbəti tədbiri keçirilib.
Fonddan "Olaylar" - a bildirilib ki, Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla müxtəlif ali məktəb tələbələrinin, ədəbiyyatsevərlərin "İmzalı görüş"ü təşkil olunub. Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq, Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı haqqında ətraflı məlumat verib. İcraçı direktor müasir gənclərin mütaliəyə marağının gücləndirilməsi üçün belə görüşlərin əhəmiyyətini vurğulayıb. Bilik Fondunda təcrübə keçən tələbələrin yazıçının həyat yolu və yaradıcılıq uğurları ilə bağlı hazırladıqları videomaterialı iştirakçılar maraqla qarşılayıb.
Sonra şair Əjdər Ol xalq yazıçısının yaradıcılığından söhbət açıb. Professor Rahid Ulusel tələbələrə Xalq yazıçısı Anarın yaradıcılığı və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verib. Səmimi mühitdə keçən görüşdə Xalq yazıçısı Anar ona verilən sualları ətraflı cavablandırıb, müəllifi olduğu əsərlərin müzakirəsi maraqlı məqamlarla yadda qalıb.