AMEA-da Molla Pənah Vaqifin 300 illik yubileyi
Aprelin 7-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda XVIII əsrin qüdrətli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçirilib.
7 Aprel 2017 18:43 SosialAprelin 7-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda XVIII əsrin qüdrətli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunan "Molla Pənah Vaqif və Azərbaycan realizmi" mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirib. O, Sərəncamın şairin sənətinə yenidən qayıdış, onun yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb. Bu Sərəncamın, həmçinin Molla Pənah Vaqifin adının UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsinin Azərbaycan ədəbiyyatına verilən yüksək dəyər olduğunu bildirib.
Tədbirdə institutun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva "Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında", XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı "Molla Pənah Vaqif və Səməd Vurğun", institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı "Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin bədii obrazı", Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi Şəfəq Tağıyeva "Vaqif lirikasında klassik ənənələrin təzahür formaları" mövzusunda məruzələri dinlənilib.