Adi texniki səhvə görə ÜAK kimi ciddi təşkilatı məhv etmək yolverilməzdir
Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında millət vəkilləri Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciət müzakirə edilib. Millət vəkili Siyaviş Novruzov bildirib ki, son günlər Azərbaycanı narahat edən məsələ Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə bağlıdır.
7 Aprel 2017 15:15 Sosial"Hanısa qüvvələrin bu cür məsələləri qızışdırması iki ölkə arasında narazılığa səbəb olur
Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında millət vəkilləri Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciət müzakirə edilib. Millət vəkili Siyaviş Novruzov bildirib ki, son günlər Azərbaycanı narahat edən məsələ Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə bağlıdır. Oradakı hansısa qüvvələr iki ölkə arasında, əməkdaşlıq, dostluq münasibətlərinə hər hansı bir xələl gətirmək istəyir. Deputat bildirib ki, Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresi hər zaman Rusiyanın ən çətin zamanlarında onun yanında olub, fəaliyyət göstərib.Onun sözlərinə görə, Azərbaycan bir dövlət kimi hər zaman Rusiya ilə bağlı məsələlərdə mütəffiqlik mövqeyindən geri çəkilməyib: "Azərbaycanda 300-dən artıq rus məktəbi, universitetlər, eləcə də digər ali məktəblərin filialları fəaliyyət göstərir. Azərbaycan hər zaman bu məsələyə diqqət və həssaslıqla yanaşıb. Ermənistan çıxmaq şərtilə öz qonşuları ilə müsbət münasibətlər saxlamağa tərəfdar olub. Azərbaycan Prezidenti hər zaman bu siyasəti yürüdüb. Lakin bu gün bu cür məsələrin ortaya atılması, hanısa qüvvələrin bu cür məsələləri qızışdırması, iki ölkə və vətəndaşları arasında hər hansı bir narazılığına səbəb olur. Bu baxımdan hesab edirəm ki, Milli Məclisdə təmsil olunan ostluq qrupunun üzvləri və digərləri məsələnin müsbət həllinin tapılması üçün müraciət etməlidirlər. Bunu edənlər başa düşməlidir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksələn xəttlə inkişaf edir. Azərbaycan regionda əhəmiyyətli rol oynayır. Ölkəmiz Rusiya Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm rol oynayıb. Bu münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinə xüsusi təşəkkür bildirilib. Belə olan halda, kiçik bir məsələ ilə insanlar və ölkələr arasında narazılıq yaratmaq düzgün deyil". Millət Vəkili Elmira Axundova bildirib ki, bu xəbər digər həmkarlarım kimi məni də həm təəccübləndirdi, həm də narahat etdi. Bildiyiniz kimi, 22 iyun 2000-ci ildə yaradılan ÜAK ümummilli liderimiz Heydər Əliyevin yetirməsidir. O, ÜAK-ın qurultaylarında, hətta bir dəfə də RF prezidenti Vladimir Putinlə birlikdə iştirak edərək onu hər mənada dəstəkləyib. Keçən 17 il ərzində ÜAK Rusiyanın ən güclü və ən şaxələnmiş təşkilatlarından birinə çevrilib. Onun tərkibində 74 regional təşkilat, yüz minlərlə üzv var. Konqres Rusiya prezidenti Putinin təşəbbüsü ilə yaradılmış Xalq Cəbhəsinin tərkibinə daxildir. Konres həmişə Rusiya prezidentinin siyasətini dəstəkləyib, seçkilərdə "Yedinaya Rossiya" partiyası ilə əlaqəli şəkildə hərəkət edib. Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif səviyyələrdə inkişafı və dərinləşməsində Konqresin rolu danılmazdır. Rusiya ərazisində yüzlərlə xeyriyyə layihələri, orada məbədlərin, məktəblərin və xəstəxanaların bərpası, aztəminatlı ailələrə yardım - ÜAK-ın bütün xeyir əməllərini saymaqla bitməz. Və indi sənədləşdirmədə yol verilən hansısa texniki problemlərə görə kimsə belə bir ciddi təşkilatı məhv etmək istəyir. Bu yolverilməzdir". Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası Rusiya Prezidenti yanında İctimai Palataya məslə ilə bağlı müraciət edəcək. Müraciət Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı olacaq: "Qanunvericiliyə görə, Rusiya Prezidenti yanında İctimai Palata ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə yardım edir. Bu təşkilatda yuxarı şəxslər təmsil olunur. Hesab edirəm ki, həmin şəxslər nüfuzundan istifadə edib məsələnin ədalətli həllinə təsir göstərəcək".
Sonra Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov insan alverinə qarşı mübarizəyə dair hesabatı təqdin edib. Bildirib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i "Azərbaycan Uşaq Birliyi"nin nəzdindəki sığınacağa yerləşdirilib"-deyə o qeyd edib. V.Eyvazov bildirib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub: "Həmçinin, Vəkillər Kollegiyası ilə bağlanmış müqavilə əsasında hər bir zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "Qaynar xətt" telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə təşəbbüskarlara zəruri izahlar verilib".
Millət vəkili Tahir Kərimli qeyd edib ki, son ilərdə insan alverinin qurbanlarının və uşaqların qeyri-qanuni əməyə cəlb olunması prosesinin artması çox narahatedici məslədir.
Onun sözlərinə görə, ötən ilin hesabatında da uşaqların cinsi istismara qarşı mübarizə ilə bağlı xüsusi konvensiyanın hazırlanması nəzərdə tutulurdusa, bu ildə sənədə bu məsələ yenidən əksini tapıb: "Məslənin üstündən bir il keçsə də, problemin öz həllini tapmaması çox narahatedici məqamdır və bu məsələ təcili olaraq öz həllini tapmalıdır". Uşaqların qeyri-qanuni əməyə cəlb olunması ilə bağlı məsələyə toxunan millət vəkili bildirib ki, əgər 2015-ci ildə 450 uşağın qeyri-qanuni əməyə cəlb olunması faktı müəyyənləşmişdisə, 2016-da bu fakt 600-ə qalxıb. "Əgər 2015-ci ildə 200 valideyn uşaqlarını düzgün təlim tərbiyə etmədiyinə görə cərimə olunubsa, 2016-da bu fakt 240-a qalxıb. Əgər 2015-ci ildə insan alverinin qurbanları əvvəlki illə müqayisədə 22 faiz artım olmuşdusa, 2016-da bu rəqəm 29,4 faizə qalxıb. Bütün bu faktlar bir dah bu sahədə ciddi problemlərin olduğunu göstərir. Baxmayaraq ki, bu sahədə uğurlu işlərin görüldüyü bildirilir".T. Kərimli əmək miqrantları ilə bağlı məsləyə toxunaraq bildirdi ki, xaricdən əmək miqrantları qeyri-qanuni yolla ucuz əməyə cəlb olunur. "Xarici ölkələrdən gətirilən əmək miqrantlarının ucuz əməyə cəlb olunması nəticəsində Azərbaycan vətəndaşalrı iş tapa bilmir. Odur ki, bu problemlər nəzərə alınaarq, ciddi nəticə çıxarılmalıdır"- deyə, millət vəkili bildirib.Deputat Siyavuş Novruzov bildirib ki, Azəbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır ki, bu da ümumilikdə mübarizənin effektivliyini artırır. Lakin bu mübarizə daimi olmalıdır. İctimaiyyətin də dəstəyi vacib məqamlardandır. İnsan alverinin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən deputat söyləyib ki, Azərbaycandakı milli-mənəvi dəyərlər ölkəmizdə insan alverinin qarşısının alınmasına kömək edir: "Dünyada baş verən hadisələr, müharibələr nəticəsində miqrantların qaçqın şəklində başqa ölkələrə köçməsi və onların insan alverinin qurbanı kimi istifadə olunması hallarını görürük. Son vaxtlar mətbuatımızda qaçırılma xəbərlərinə rast gəlirik. Bu məsələlər bilavasitə Azərbaycan mentalitetinə zidd olan məsələlərdir. Ona görə də hesab edirəm ki, burada ictimaiyyətin qınağı, nəzarəti, xüsusilə də KİV-in rolu vacib şərtlərdəndir. Bu işlər hüquq mühafizə orqanları ilə bərabər şəkildə aparılmalıdır ki, insanların münasibəti ortaya çıxsın. Burada pulun olması insanları bu işə daha çox cəlb edir ki, bu da nəticə etibarilə həm azyaşılıların, həm də digərlərinin insan alverinin qurbanına çevrilməsi faktlarını ortaya çıxarır". S. Novruzov qeyd edib ki, növbəti qanunda miqrasiya kartları ilə bağlı məsələnin yer alması da insan alverinin qarşısının alınmasına yönəlib: "Burada miqrantların qeydiyyat məsələsinə də ciddi şəkildə diqqət edilməlidir. Təhlükəsizlik, milli-mənəvi dəyərlərimizin qorunması baxımından bu addımların atılması mütləqdir. Biz bu məsələyə hərtərəfli şəkildə diqqət etməliyik ki, dünyada bununla bağlı baş verənlər ölkəmizə transfer etməsin. Burada hər bir vətəndaşın üzərinə də ciddi vəzifə düşür. Vətəndaşlarımız burada ayıq-sayıq olub, aiddiyatı orqanlarla əlbir şəkildə insanların bu alverin qurbanına çevrilməməsi üçün mübarizə aparmalıdır".
Alim