Plastik qapı-pəncərə seçərkən nələrə diqqət edilməlidir?
Plastik qapı-pəncərə gözəl dizayn, uzunömürlülük, istifadə rahatlığı və səskeçirməməzlik kimi üstün xüsusiyyətlərə malikdirlər. Bu məmulatlar həmçinin istiliyin evdə saxlanması, mənzilə işığın düşməsi, kip bağlanması kimi üstünlüklərə malikdir. Elə bu səbədən də hazırda inşaa edilən yeni tikililərdə bu materialdan istifadəyə üstünlük verilir. Lakin bütün istehsalçılar bu göstəricilərə əməl etmir və istehlakçılar bu məmulatları seçərkən çətinliklərlə üzləşirlər. Bir çox hallarda sifariş verilən plastik qapı-pəncərələr keyfiyyətsiz çıxır.
7 Aprel 2017 14:38 SosialPlastik qapı-pəncərə gözəl dizayn, uzunömürlülük, istifadə rahatlığı və səskeçirməməzlik kimi üstün xüsusiyyətlərə malikdirlər. Bu məmulatlar həmçinin istiliyin evdə saxlanması, mənzilə işığın düşməsi, kip bağlanması kimi üstünlüklərə malikdir. Elə bu səbədən də hazırda inşaa edilən yeni tikililərdə bu materialdan istifadəyə üstünlük verilir. Lakin bütün istehsalçılar bu göstəricilərə əməl etmir və istehlakçılar bu məmulatları seçərkən çətinliklərlə üzləşirlər. Bir çox hallarda sifariş verilən plastik qapı-pəncərələr keyfiyyətsiz çıxır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, bu kimi hallardan qorunmaq və öz hüquqlarınızı müdafiə etmək üçün birinci növbədə iş görülməsi və xidmət göstərilməsi zamanı müvafiq müqavilənin bağlanmasını təmin edilməlidir. Müqavilədə qapı-pəncərənin istehsalı və montajı əsas şərtlər kini göstərilməli, görüləcək işin müddəti, qiymətini, qapı-pəncərənin ölçüləri, materialı və s. əks etdirən bəndlər də mütləq öz əksini tapmalıdır. Bundan başqa müqavilədə onun bağlanma tarixi, istehsalçı təşkilatın adı və yeri (hüquqi ünvanı); fərdi sahibkar üçün (soyadı, adı, atasının adı, dövlət qeydiyyatı haqda məlumat), işin növü, işin keyfiyyətsiz icrası halında icraçının məsuliyyəti, zəmanət öhdəlikləri, pəncərənin effektiv və təhlükəsiz istifadə qayda və şərtləri əks olunmalıdır: "Müqaviləyə əlavəni, sifariş verdiyiniz qapı-pəncərənin təsvir və rəsmini diqqətlə nəzərdən keçirin. Razılaşdırılmış məbləğ mütləq ödəniş sənədi ilə təsdiq edilməlidir, əks halda mübahisə yarandıqda ödəniş faktını təsdiq etmək çətin olacaqdır. Müqavilə 2 nüsxədə tərtib edilməlidir və bir nüsxəsi istehlakçıya verilməlidir. Qeyd olunanlarla yanaşı müqaviləni imzalamazdan əvvəl mətnini diqqətlə oxuyun". Məlumatda ildirilir ki, plastik qapı-pəncərə seçərkən aldanmamaq üçün uzun illərdir fəaliyyət göstərən istehsalçılara üstünlük verilməlidir: "Almaq istədiyiniz qapı-pəncərə nümunəsi ilə tanış olmaq vacibdir. Özünə hörmət edən istənilən şirkət ofisində qapı-pəncərə nümunələri saxlamalıdır. Seçim edərkən çətinlik yarandıqda şirkətin menecerindən təklif olunan malın fərqli və üstün cəhətləri ilə bağlı əyani və şifahi məlumat alınmalıdır. Nəzərə almaq lazımdır ki, ticarət obyekti müştəriyə onu maraqlandıran mal haqqında dolğun və dürüst məlumat verməklə onun sərbəst seçim imkanının reallaşdırılmasına kömək etməyə borcludur".Satıcı istehlakçıya mal (iş, xidmət), onun xüsusiyyətləri, keyfiyyəti, istismar qaydaları və digər xarakteristikaları haqqında dolğun məlumat verməlidir. Verilmiş bu məlumat istehlakçının etibarlı seçim etməsinə kifayət edəcək qədər hərtərəfli olmalıdır. Bunlardan başqa alqı prosesində istehlakçı satıcı və ya istehsalçıdan məhsulun istehsalında istifadə olunan materialların keyfiyyət və təhlükəsizliyi barədə məlumat (uyğunluq sertifikatı, sanitar-epidimioloji nəticə) almaq hüququna da malikdir.
Maraqlıdır, müqavilənin şərtləri pozulduqda istehlakçı hansı hüquqlara malikdir? Xidmətdən bildirilib ki, iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların aşağıdakı hüquqları vardır. Belə ki,icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb edə bilər. İşlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ vardır. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi pisləşdirmişsə, yaxud işdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin haqqının müvafiq surətdə azaldılmasını tələb edə bilər. İstehlakçının materiallarından görülmüş işlərdə müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır:"İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların, istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.İcraçı əşyanın (materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların, cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onların xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır".
Qapı-pəncərənin quraşdırılma mərhələsində də bir sıra pozuntulara yol verilə bilər. İlk növbədə bu ölçünün düzgün götürülməməsi və qanunvericiliklə təsdiq edilmiş montaj işlərinə olan tələblərin pozulması ilə bağlı ola bilər. Odur ki, istənilən halda qapı-pəncərəni qəbul edərkən onun üzərində cızıq və digər nəzərə çarpan çatışmazlıqların olmamasına diqqət yetirilməlidir. Çatışmazlıq aşkar edildiyi zaman istehlakçı icraçıya 2 nüsxədə yazılı iddia göndərilməli və konkret tələbini irəli sürülməlidir. Onu da nəzərə almaq lazımdır ki, istehlakçı malın qüsurları ilə bağlı tələblərini işin (xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər. Qüsurun meydana gəlməsi ilə bağlı tərəflər arasında mübahisə yaranarsa icraçı öz hesabına ekspertiza təyin edə bilər. İstehlakçı ekspertiza prosesində iştirak etmək və onun nəticəsi ilə razılaşmadıqda işi məhkəmədə davam etdirmək hüququna malikdir".
Nurlan