Züleyxa Nadir yazır... Molla kəbini ailə düyünlərini aça bilmir
Ailədə dünyaya gələn uşaqların cəmiyyətdə yer tutması, geniş fəaliyyət göstərməsi valideynləri və övladları bir-birinə bağlayan rəsmiyyətdən çox asılıdır. Bu rəsmiyyət həm də ailə institutunun formalaşması və daha yüksək keyfiyyətlərə malik olması deməkdi. Bu gün ailə institutunun fəaliyyət göstərməsi üçün nikah qanunvericiliyi əsas götürülür. Ona görə də ərlə-arvadın imza atdığı nikah şəhadətnaməsi böyük gücə, geniş təsirə malikdir. Bu, Azərbycan Respublikası Ailə Məcəlləsinin I fəslinin 1.2 maddəsində belə təsbit edilib: “Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir”. Bu o deməkdir ki, nikaha xitam verilsə də dövlət öz vətəndaşının evliliklə bağlı imtiyazlarından sərbəst istifadə etməsinə şərait yaradır.
7 Aprel 2017 14:23 SosialZüleyxa Nadir
Molla kəbini ailə düyünlərini aça bilmir
Ailədə dünyaya gələn uşaqların cəmiyyətdə yer tutması, geniş fəaliyyət göstərməsi valideynləri və övladları bir-birinə bağlayan rəsmiyyətdən çox asılıdır. Bu rəsmiyyət həm də ailə institutunun formalaşması və daha yüksək keyfiyyətlərə malik olması deməkdi. Bu gün ailə institutunun fəaliyyət göstərməsi üçün nikah qanunvericiliyi əsas götürülür. Ona görə də ərlə-arvadın imza atdığı nikah şəhadətnaməsi böyük gücə, geniş təsirə malikdir. Bu, Azərbycan Respublikası Ailə Məcəlləsinin I fəslinin 1.2 maddəsində belə təsbit edilib: "Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir". Bu o deməkdir ki, nikaha xitam verilsə də dövlət öz vətəndaşının evliliklə bağlı imtiyazlarından sərbəst istifadə etməsinə şərait yaradır.
Nə yazıqlar ki, məmləkətdə rəsmi dövlət qeydiyyatı ilə paralel molla kəbini də fəaliyyət göstərir. Halbuki dini kəbinin heç bir sosial dayanıqlığı yoxdu. İşin ağrılı tərəfi odur ki, bunu hamı bildiyi halda yenə də molla kəbini ilə evlənənlərin sayı durmadan artır. Bunun səbəbi nədi?
SSRİ dağılandan sonra ölkədə dini baxışlar dirçəldi, insanların İslama olan gizli etiqadları aşkara çıxdı. Lakin bu aşkarlıq bir çox hallarda kor-korana yol alıb gedir. 70 il Quran oxumayan, İslam fəlsəfəsini yalnız Fatihə və Yasində görənlər elə düşünürlər ki, dini kəbin daha vacibdi. Elə cütlüklər var ki, molla kəbini olmadan ailə qurmaq istəmirlər. Bu işin ağrılı tərəfi odur ki, onlar nə qədər ali təhsilli, dünyagörüşlü, hətta dövlətin yüksək kürsüsündə oturub ali strukturunda fəaliyyət göstərsələr də, münasibətlərindəki ciddiliyin möhkəmliyini yalnız molla kəbinində görürlər. Halbuki qanunla rəsmi nikah olmadan kəbin kəsdirmək qadağandı.
Adətən dini kəbin kəsdirənlər erkən yaşdan ailə quranlar olur. Doğrudur, İslamda ailə müqəddəs elan edilib, amma qızların erkən yaşlardan, yeniyetmə vaxtlardan ailə qurması kimi tələb, yaxud da çağırış yoxdu. Bunlar ya aztəminatlı, ya da özünü dindar adlandıran, müəyyən dini təriqətə qulluq edən ailələrdə baş tutur. Erkən yaşda ailə quran oğlan və qızlar vaxtından əvvəl həm fizioloji, həm də psixoloji travma alırlar. Bunlar elə başa düşürlər ki, 13 yaşından sonra qızına hicab bağladıb ərə verməklə sosial məsuliyyətdən azad olurlar. Halbuki övladlarının təhsilə gedən yolunu bağlayırlar. Həyat təcrübəsi sübut edir ki, ali təhsilli, savadlı qızlar sonrakı ailə həyatlarında yaxşı övlad böyüdüb tərbiyə edirlər. O biri zümrə isə hər cür tərbiyədə kəsirdə qalırlar.
XXI əsrdə - insan hüquq və azadlıqlarının təminatı üçün ölkəmizdə geniş meydan açıldığı bir zamanda molla kəbininin iri addımlarla ayaq tutub yeriməsi heç də xoş deyil. Bu günkü kompüter texnologiyaları, internet vasitəsi ilə dünyaya birbaşa çıxış elmi - texniki tərəqqinin sürətli inkişafı deməkdir. Təbii ki, molla kəbini bu sürətin qarşısına keçə bilməz, amma çoxlu
sayda azərbaycanlı ailənin inkişaf sürətinə mənfi təsirini göstərərək onun ayağından tutub geri çəkir, gözünü yumur, elm işığından məhrum edir. Sirr deyil hər ailədə problem yarana bilər. Bəzən də bu problem boşanma nöqtəsinin üzərində dayanır. Bu zaman onlar mollaya yox, məhkəməyə müraciət edirlər. Məhkəmə molla kəbini ilə evlənənlərin dünyaya gətirdikləri azyaşlı uşaqların hüququnu müdafiə etməkdə çətinlik çəkir. Çünki dini nikah evlənən cütlüklərin gələcəkdə yarana biləcək problemlərini həll etmək gücünə malik deyil. Uşaqlar üzərindəki valideynlik hüququnun müəyyən edilməsi, eləcə də aliment verilməsi düyünə düşür. Dövlət adından çıxış edən məhkəmə bu düyünü açmaq üçün uzun müddət çalışmalı olur.
Rəsmi nikahı molla kəbini ilə əvəzləyən qadınlar təkcə boşananda deyil, həm də əri dünyasını dəyişəndə böyük problemlə üzləşirlər. Çünki onun heç bir vərəsəlik hüququ olmur, mənzil problemi ortaya çıxır, yəni onun mənzilə köçürülməsi, mənzildən istifadə etmək hüququ mümkünsüz olur. Məhz həmin prosesdə ayılırlar ki, bu kağızın qanun qarşısında heç bir hüququ olmadığı kimi, orda yazılan ərəbcə, mənası anlaşılmayan sözlərin də zərrəcə məsuliyyət yükü yoxdur. İşin qəliz tərəfi odur ki, mollalar insanları İslamda dini nikah deyilən bir anlayışın olmasına inandıra bilirlər. Halbuki onun kəbin kağızında anlaşılmaz bir dildə yazdıqları əslində cəfəngiyyatdan başqa bir şey deyil.
Bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarəsi qərar verdi ki, heç bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Nə yazıqlar ki, bu qərara əhəmiyyət verməyən mollalar hələ də var. Bu savadsız, Quran bilgisi olmayan mollalar anlamırlar ki, yetkinlik yaşına çatmayan qızlara qanunsuz kəbin kəsməklə onların hüquqlarını pozur və cinayətə yol verirlər. Amma anlasalar da faydası yoxdu. Çünki Cinayət Məcəlləsində mollaların yeniyetmə qızlara, oğlanlara kəbin kəsməsini qadağan edən bir maddə yoxdu. Bəlkə də mollanı qınamağa dəyməz. Bu məsələdə molladan çox valideyn məsuliyyət daşıyır, valideynlik vəzifəsini sona qədər yerinə yetirməkdən imtina edir. Valideynin vəzifəsi övladını evləndirməmişdən əvvəl ona təhsil vermək, orta və ali məktəbdə oxuyub elm öyrənməsinə şərait yaratmaqdı. O zaman valideyn övlad yanında da, Allah yanında da hörmətli, izzətli və şərəfli olur.
Ailədə hökm sürən hörmət-izzətdə mollanın heç bir payı yoxdu. Ailənin möhkəmliyində molla nikahının zərrə qədər də rolu yoxdu. Evlənənlərin xoşbəxtliyi aralarındakı sevginin gücünə bağlıdır, mollanın kəbini bu gücün yanında kölgədə qalır. Dünyaya gələn övladların hüququ rəsmi dövlət qeydiyyatının təminatı altına alınır, mollaların nikahı isə uşaqlara heç nə vəd etmir. Kimsənin başa düşmədiyi, heç onu yazan mollanın özünün də anlamadığı bir yazı olan kağızı dövlətin evlilik Şəhadıtnaməsindən üstün tutaraq tutiyə kimi saxlamaq İslama da, Qurana və Allaha da əks çıxmaqdı.
Amma əminəm ki, ali dövlət qanunlarını Allahın lazım bilmədiyi, İslamın diktə etmədiyi lazımsız kağız-kuğuzdan aşağıda tutanlar isə yəqin ki, dünya dağılana günə qədər mövcud olacaq.