Bilik Fondu "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının təqdimatını keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tanınmış jurnalist Aida Eyvazlının "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının I cildinin təqdimatını keçirib. Fonddan "Olaylar" - a bildirilib ki, təqdimat mərasimində ötən il aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, millət vəkilləri, ictimai xadimlər, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bilik Fondunun içraçı direktoru Oktay Səmədov açaraq, aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılan "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının müəllifinə qalibiyyət soraqlı əsərə görə minnətdarlığını bildirib.

Kitaba Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin ön söz yazdığını xatırladan icraçı direktor bu işdə əməyi keçən hər kəsin şərəf tariximizin əbədiləşdirilməsi baxımından mübarək missiya yerinə yetirdiyini söyləyib.

Rəşad Məcid aprel döyüşləri zamanı Azərbaycan dövlətinin milli birliyinin nəticəsində ağır imtahandan uğurla, şərəflə çıxdığını deyib. Onun sözlərinə görə, şəhid qəhrəmanlarımız haqqında kitabda əksini tapan reportajlar öncə baş redaktoru olduğu "525-ci qəzet"də dərc olunub.

Millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva Aprel döyüşləri zamanı əsgər valideynləri ilə eyni dərəcədə ağrı, acı yaşadıqlarını söylədi. Modern.az saytının baş redaktoru Elşad Eyvazlı kitabda əksini tapan yazıların hələ toplu halında hazırlanmamışdan öncə oxucusu olduğunu, həmin yazıları rəhbərlik etdiyi saytda yayımladıqlarını vurğuladı.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər bir şəhid valideyni qarşısında baş əydiyini bildirdi.

Kitabın müəllifi Aida Eyvazlı reportajları hazırlayarkən, şəhid ailələri ilə görüşərkən keçirdiyi hisslərdən danışıb: "Qəhrəmanlarımızdan yazanda da, kitabı hazırlayanda da, indi sizin qarşınızda dayananda da, heç vaxt izah edə bilməyəcəyim hisslər yaşadım və yaşayıram. Nə qədər yazsam, azdır. Bizim qəhrəmanlarımız, qalibiyyət cəngavərləri dünya durduqca tarixdə yaşayacaqlar. Onların həyatları bizim üçün əbədi örnək olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31