Mənalı ömürün işığında
Hər bir insanın ömür payı vardır. Kimi faydalı,kimisi isə mənasız işlərə bu əvəzsiz sərvəti xərcləyir. Xoşbəxt o insandırki, ömrünü özünə, ailəsinə, elinə, xalqına,vətəninə sərf edib,mənalı xidmət etməkdən qurur duyub və ona nail olsun.Belə insanlar az deyildir.Onlardan biri də İmran Rəşid oğlu Əbilovdur.
6 Aprel 2017 14:06 SosialHər bir insanın ömür payı vardır. Kimi faydalı,kimisi isə mənasız işlərə bu əvəzsiz sərvəti xərcləyir. Xoşbəxt o insandırki, ömrünü özünə, ailəsinə, elinə, xalqına,vətəninə sərf edib,mənalı xidmət etməkdən qurur duyub və ona nail olsun.Belə insanlar az deyildir.Onlardan biri də İmran Rəşid oğlu Əbilovdur.
Bu yaxınlarda İmran Əbilovun müəllifi olduğu "Vətənə vurğun:ömürdən səhifələr" mənalı həyatından bəhs edən 280 səhifəlik kitabı "Araz" nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabın məzmunu ilə dərindən tanış olanda sanki bir müdrik insanın vətəndaş kimi hesabatını, kimliyini, mənəvi borcunun necə reallaşdırdığını dərk etmiş olursan.
Qısa arayış: İMRAN RƏŞİD OĞLU ƏBİLOV -23 oktyabr 1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji Texnikumunu, 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Zootexnika üzrə doktorudur, ailəlidir, 4 övladı və 8 nəvəsi var.
O, 1954-cü ildə Masallı rayonu Boradigah orta məktəbində müəllim, 1954-1959-cu illərdə Azərbaycan KTA-tələbə, 1959-cu ildə institutu Stalin təqaüdü ilə bitirərək, Masallı rayonu Həsənli kəndi "Şən Həyat" kolxozunda baş zootexnik, 1960-1962-ci illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı və həmin rayonun Komsomol Komitəsinin birinci katibi, 1962-ci ilin mart ayından Azərbaycan LKGİ MK-nın təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon kənd təsərrüfatı istehsalat idarəsinin rəisi, 1969-1991-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse prezident işləmişdir. 1997-ci ildən Nazirlər Kabinetində aqrar-sənaye şöbəsində böyük referent, baş məsləhətçi işləmiş, 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.
Qısa tanışlıqdan məlum olur ki, o, respublikada ən çox rəhbər işdə çalışan dəyərli kadrlardan biri olmuşdur. 10 il rayonda kənd təsərrüfatı idarəsinin rəisi, 22 il nazir müavini, 7 il Dövlət Quşçuluq Şirkətində vitse prezident, 14 il Nazirlər Kabinetində KT şöbəsində işləməklə ümumilikdə 53 il səmərəli fəaliyyəti nəticəsində möhkəm etimad qazanmışdır.
Onun respublikada fəaliyyət göstərdiyi bütün sahələrdə o cümlədən Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsində göstərdiyi xidmətləri Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. 1970-1982-ci illərdə respublikada heyvandarlıqda geriliyi aradan qaldırmaq üçün ciddi tədbirlər görülmüş, başqa ölkələrdən Azərbaycanın rayonlarına 300 min baş cins qaramal, bir milyona qədər damazlıq qoyunların gətirilməsi işi həyata keçirilmişdir. Heyvandarlıqda damazlıq işinin təşkili, onun sənaye üsuluna keçirilməsi və elmi əsaslarla idarə olunmasında İmran Əbilovun əməyi təqdir olunmalıdır.
O, Azərbaycanda Sovet-Hindistan, Kuba-Azərbaycan, Hindistanda Hind-Sovet simpoziumlarının, Moskvada Ümumdünya Baytarlıq, Misirdə və Bolqarıstanda Beynəlxalq Camışçılıq konqreslərinin təşkilində və keçirilməsində fəal iştirak etmiş, 1985-ci ildən indiyədək Ümumdünya Camışçılıq Federasiyasının daimi Komitəsinin keçmiş Sovetlər İttifaqı üzrə yeganə üzvüdür. Bu sahədəki xidmətlərinə görə dünyanın ən məşhur beş alimi ilə birlikdə İmran Əbilov Federasiyanın Fəxri diplomu və medalı ilə təltif edilmişdir.
O, Respublikada kənd təsərrüfatı sahəsində uzun illər səmərəli və fasiləsiz fəaliyyətinə görə Respublikanın Əməkdar Kənd Təsərrüfatı İşçisi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə, "Şərəf nişanı"ordeni və "Xalqlar dostluğu" medalı ilə təltif olunmuşdur. Qarabağ müharibəsi və əmək veteranı olan bu müdrik insan 30-a qədər elmi əsərin, 5 kitabın müəllifidir.
Əsərləri Hindistanda, Misirdə, Bolqarıstanda, Rusiyada, İtaliyada çap edilmişdir.
İmran Əbilovun səmərəli fəaliyyəti haqqında olan məlumatlardan aydın olur ki, harada çalışmasından asılı olmayaraq yüksək insani keyfiyyətlərinə görə həmişə cəmiyyətdə böyük nüfuz qazanmışdır.
Zəngin həyat təcrübəsinin gənc nəslin şəxsiyyət kimi inkişafında töhfə olacağına inam ifadə edən dəyərli ağsaqqal İmran Əbilovun kitabda təsbit etdiyi dəyərli fikirləri ilə oxucuları tanış etməyi məqsədə uyğun sayırıq. "Yadıma 1943-1944-cü illər düşür. Müharibənin dəhşətli ağır günləri idi. Atam Rəşid İsa oglu Əbilov bu dövrdə Masallı rayonunun Bədəlan kəndində kənd sovetinin sədri işləyirdi. Onun "bronu" olduguna görə orduya çağırılmamışdı. Ancaq arxa cəbhədə, deyərdim ki, müharibədən də çox çətin günlər keçirdi. O, vaxt mənim 7-8 yaşım olardı. Aclıq hər tərəfdən tügyan edirdi. Bizim vəziyyətimiz nisbətən fərqli idi. Ac insanlar dilənir, nələri vardısa, hamısını çörəyə dəyişir, satırdılar. O vaxt vəziyyət hər cəhətdən çətin idi. Bizim qonşuda adamlar bir ölmüş camış balasını basdırdıqdan beş gün sonra aclıqdan onu torpaqdan çıxardıb bişirib yediklərinin şahidi olmuşam". Doğrudan da bir parça çörəyin həsrətində olmaqdan böyük faciə ola bilməz. Dinamik inkişaf edən, dünyanın qüdrətli ölkələri ilə bir çox sahədə inteqrasiya quran Azərbaycanımızla fəxr etməliyik.
Müəllif kitabda tarixi şəxsiyyət Heydər Əliyevin müdrik fikirlərini təqdim edir və onun rəhbərliyl ilə keçirilən tədbirlərdən, ömrünün tələbəlik və əmək fəaliyyətinin dəyərli məqamlarından, şəxsi həyatından, yaradıcı insanlardan, din xadimlərindən, rəsmi işgüzar səfərlərindən, dövlət xadimlərindən, ölkədə çalışan rəhbər mütəxəssislərdən, alimlərdən, Qarabağ olaylarından,müdrik kəlamlardan,doğmalarından, həyatının fərəhli anlarından ibrətamiz söhbətlər açır.
Təəssüratlar:" 1975-ci ilin ortaları idi. Mərkəzi Komitənin bürosunda Abşeron rayonundakı Ramana südçülük kompleksinin cins mal-qara ilə təmin olunması məsələsi müzakirə olunurdu. RPK-nin birinci katibi Tamara xanım Hümbətova şikayətləndi ki, kompleksi keyfiyyətsiz tikiblər, həm də mal-qara gətirə bilmirik. MK-nin birinci katibi Heydər Əliyev büronu özü aparırdı.
Müzakirə zamanı Nazirlər Sovetinin sədr müavini Ş.Rasi-zadəyə, MK-nın şöbə müdiri L.Rəcəbovaya, KT naziri M.Xəlilova və mənə tapşırıldı ki, təcili kompleks yenidən qurulsun və cins mallarla təmin edilsin.
Bürodan sonra tapşırığa əsasən mən, sovxozlar nazirinin müavini H.Abdullayev, KTN-nin idarə rəisi N.Bağırov Belorusiyaya cins mal gətirmək üçün ezam olunduq. Minskdə olduq və oradan da Brest şəhərinə yollandıq.
Böyük Vətən müharibəsinin ilk günü Brest qalasına olan hücumun acı nəticələrini gördük. Həqiqətən də xalq və ordu böyük qəhrəmanlıq göstərmişdir. Adam bu mərdliyə və göstərilən şücaətə valeh olurdu.
Qalanın və binaların bütün divarları minlərlə güllədən deşilmişdi. Nəzərdə tutulan plana görə biz 600 baş Polşadan gətirilmiş cins malları qəbul edib, Bakıya yola saldıq. Nazir müavini rəhmətlik Hacıməmməd Abdullayev özü də vaqonla Bakıya qayıtdı.
Mən və rəhmətlik Nurəddin Bağırov isə təyyarə ilə Minskə getdik. Orada Belorusiyanın nazir müavini Minçenko bizi Belaya Puşşada qonaq elədi və sonra biz Bakıya qayıtdıq. Heydər Əliyevin tapşırığını icra etdiyimiz üçün çox sevinirdik və qürur duyurduq. Bu da yadda qalan yaxşı xatirələrdəndir."
"İlk dəfə xaricə səfərim Hindistana olub. Mən keçmiş Sov.İKP MK-da Aleksandr İvanoviç Linkovun və SSRİ KT nazirinin müavini Lev Nikolayeviç Kuznetsovun təklifi ilə Hind-Sovet simoziumunda (camışçılıq üzrə) iştirak etmək üçün noyabr 1978-ci ildə Hindistana getdim. Nümayəndə heyətinə görkəmli alim, dünya camışçılıq elminin banilərindən biri prof. Ağaxan Ələsgər oğlu Ağabəyli, Azərbaycanın keçmiş MK-nın şöbə müdirinin müavini Surxay İmran oğlu Tağızadə, Gürcüstandan İvan İliç Sivsivadze daxil idilər.
Moskvada olarkən məlum oldu ki, prof. A.Ağabəyli infarkt keçirtmişdir.Bu səbəbdən onu Hindistana buraxmadılar. Hindistana təyyarə ilə uçduq və orada bizi qarşıladılar. Hindistan Kənd Təsərrüfatı nazirinin birinci müavini doktor Soni qəbul zamanı ilk sözündə Ağabəylini soruşdu. Sonra axşam səfir Vorontsov bildirdi ki, simpoziumu Hindistanın Kənd Təsərrüfatı Nazirliyi Ağabəylisiz keçirmək istəmir. Həmin simpozium Sovet-Hindistan adına olsa da, oraya 50 ölkədən nümayəndələr, alimlər dəvət edilmişdi. SSRİ Hökumətinə bu barədə məlumat verildi. Səhərisi gün Ağabəylini təcili Hindistana yola saldılar. Professorun gəlişi bizi, və alimləri çox sevindirdi."
"Müqəddəs Məkkə və Mədinə torpağına ziyarət.Uzun müddət bu iki müqəddəs şəhərlərə gedib
Kəbə evini və Mədinədə əziz peyğəmbərimizin qəbrini ziyarət etmək arzusu məni rahat buraxmırdı. Zaman-zaman insanlar həmin müqəddəs yerlərə gedib gələndən sonra fərəhlə danışıqlarını dinlədikcə, onlara həsəd aparırdım. Bəzən fikirləşirdim ki, mən niyə o yerlərə gedə bilmədim. Sovetlər İttifaqı dövründə bu yerləri gedib ziyarət etmək mümkün deyildi. Ancaq 1985-ci ildə Misir Ərəb Respublikasında olarkən İmam Hüseyn Məscidini ziyarət etmək mənə qismət oldu. Bununla özümə böyük təsəlli verirdim. 2011-ci ilin 8 avqustunda təqaüdə çıxdım. Fikrim var idi ki, İran İR-da Məşhəddə imam Rzanın qəbrini, məqbərəsini ziyarət etmək üçün Xorasana gedim.Bu xəyallarla yaşayarkən oğlum Vüsaldan belə bir təklif gəldi ki, üçümüz mən, Gülsara və Vüsal Məkkəyə Ümrə ziyarətinə gedək. Bu mənim üçün bir qədər xəyal kimi görünürdü. Vüsal viza və biletlərimizi aldı. 3 yanvar 2012-ci ildə gündüz çox böyük sevinclə təyyarə ilə Bakıdan İstanbula uçduq. Orada 5 saat gözlədik, sonra Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçmalı olduq. Onu da deyim ki, hələ Bakıda olarkən qohumum dindar Vüsal Cahangirinin vasitəsi ilə Məkkədə bir türklə- Davudla əlaqə saxlamalı olduq. O, bizi Ciddədə qarşılayıb, Məkkəyə, Mədinəyə aparıb, sonra da geriyə yola salmaqda bələdçilik etməli idi. İstanbuldan Ciddəyə təyyarə 4 saatdan çox uçdu. Bizi Davud gecə saat 3-də qarşıladı. Ehram paltarlarını alıb, təyyarə meydanındaca qaydalara əməl edib Davudun maşını ilə müqəddəs Məkkəyə -Kəbəyə doğru getdik. Oğlum Vüsal Məkkədə "Mübarək" otelində bizə otaq sifariş etmişdi. Orada 2-3 saat istirahətdən sonra səhər müqəddəs Kəbənin ziyarətinə yola düşdük. Otelimiz Kəbəyə çox yaxın idi. Otelin avtobusu ilə Davudun bizə təqdim etdiyi Əhməd adlı türklə Kəbə evinə daxil olduq. Sevincimizin həddi-hüdudu yox idi. Mənim üçün bu sevinc daha da əlçatmaz idi. Əhməd bizə dedi ki, Kəbəyə girərkən başınızı aşağı tutun, Qara daşa yaxınlaşanda nə arzunuz varsa, onu ürəyinizdə tutub, sonra başınızı qaldırıb ona baxın. Ürəyim döyünürdü, daxilən güclü sevinc və həyəcan məni bürümüşdü. Bu anı təsəvvür etmək çətindir. Onu yalnız yaşamaq lazımdır ki, biləsən. O anı indi də düşünəndə elə bil ki, həmin məkandayam. Arzularımı qəlbimdən keçirtdim. Kəbə evinə daxil oldum. Qara daşın yaxınlığına gəldik, adamlar o qədər də çox deyildi, 3-4 min nəfər, bəlkə də bir qədər az və ya çox olardı.
Qara daşı 7 dəfə dövrə vurduq, ona əllərimizi də bir neçə dəfə toxundurduq, daşı öpdük, dualar oxuduq, İbrahim Peyğəmbərin məqamında namaz qıldıq. Sonra iki dağın arasına 7 dəfə gedib gəldik. Zəm-zəm suyu içdik. Bu su demək olar ki, Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük möcüzələrdən biridir. Cənab İbrahim Peyğəmbərin dövründən çıxan bu su neçə min illərdir ki, axıb gəlir, xüsusi dadı var, çox sərindir, insan onu içdikdə sanki dünyaya yenidən gəlmiş kimi özünü hiss edir. ABŞ-da bir qrup alimlər müəyyən etmişlər ki, Zəm-zəm suyunun tərkibində heç bir bakteriya yoxdur, ən sərin sudur, geniş müalicəvi əhəmiyyətə malikdir.
Biz həmin sudan imkanımız olan qədər gətirdik, qohumlara da payladıq. O su dadını dəyişmir. Mən bir dəfə xəstələnərkən, o sudan içdim və tez sağaldım.
Biz Ümrə ziyarətini həyata keçirirdik. Səhərisi gün Davudla Mədinəyə gedəsi olduq. Məkkədən Mədinəyə 450 km yolu getdik, müqəddəs Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın Məscidinə daxil olduq. Bu məsciddə kişilər və qadınlar ayrı-ayrılıqda namaz qılır və ziyarət edirlər. Çox böyük məsciddir. Peyğəmbərin qəbrini ziyarət etdik, burada namaz qıldıq. Qayıdanda həyat yoldaşım Gülsaranı bir anlığa itirdik.Buna görə çox həyəcan keçirdim. Sonra oğlum Vüsal anasını tapıb, bizə sevinc bəxş etdi.
Mədinədə iki qibləli məscidə gedib, orada da namaz qıldıq. Bir türk restoranında çörək yeyib yenidən həmin gün Məkkəyə qayıtdıq. Deməli o gün 900 km-dən də çox yol getdik, bir an da olsa belə yorulmadıq və özümüzü çox yaxşı hiss etdik. Bütün bunların kökündə daxili inam və Allaha olan sevgi dayanır."
Dağlıq Qarabağ hadisələrində fəal iştirakı ilə əlaqədar İmran Əbilovun xatirələri son dərəcə dramatilkdir." 1991-ci ilin may ayı idi. Mən Xankəndində idim. Orada bütün nazirliklərin nümayəndələri ilə Azərbaycan KP MK-nin keçmiş ikinci katibi V.Polyaniçko müşavirə keçirtdi. Mənə və daxili işlər nazirinin müavini Akif Rəfiyevə tapşırdı ki, biz Kəlbəcərə gedək. Orada "Sarı-yeri" yaylağında azərbaycanlı çobanlara ermənilər hücum edir və qoyunları kütləvi surətdə Ermənistana aparırlar. Biz Kəlbəcərə getmək üçün Gəncəyə, oradan da Murov yolu ilə gedib çıxmalı idik. Bu çox uzaq
və qorxulu yol idi. Ağdərə yolu isə bağlı idi. Ona görə də mən (o zaman Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini işləyirdim) Bakıya zəng edib, vertolyot istədim. Biz Akif müəllimlə və 6 nəfər avtomatçı, 2 nəfər pulemyotçu ilə vertolyota minib Kəlbəcərə uçduq.
Hava yolu da o zamanlar çox qorxulu və təhlükəli idi. Buna baxmayaraq, biz Kəlbəcərin "Sarı-yeri" yaylağına çatdıq. İsti suyun "Taxta başı" deyilən yerdə bizi aşağıdan atəşə tutdular. Bizimkilər də cavab atəşi açdılar. Mən o yerləri yaxşı tanıdığım üçün pilotları "Ceyran bulağı" deyilən yerə endirdik.
Allah Təala bizi bu fəlakətdən də qorudu. Oradaca "Ceyran bulağı" üstündə rəhmətlik Xalq şairi Səməd Vurğunun bir vaxtlar oturduğu yerdə çörək yedik. Sonra "Sarı-yeri" yaylağına getdik. Cəsarətli çobanlarımız öz silahları ilə özlərini və sürünü mərdliklə qoruyurdular. Polis işçiləri də avtomatla onların keşiyini çəkirdi. Dağlara əlavə polis qüvvələri ayrıldı və biz Kəlbəcər rayonuna gəldik.
RPK-nin birinci katibi (rəhmətlik) İsmayılov Zahid bizi qonaq otağına dəvət etdi. Bir gecə orada qaldıq. Bakıdan bizə xəbər verdilər ki, biz təcili Laçın rayonu "Qara-Keşiş" yaylağına uçmalıyıq. Səbəb ondan ibarət idi ki, ermənilər İmişlinin həmin yaylaqda olan qoyunlarına, çobanlara hücum edib 6 -nəfəri öldürmüş, 1000-dən çox qoyunu aparmışdılar. Biz vertolyotla o yaylağa getmək üçün əvvəlcə Laçına gəldik. İmişli RPK-nin birinci katibi Qadir İsmayılzadə də öz adamları ilə orada bizi gözləyirdilər.
Həmin yaylağa uçduq.Vəziyyət bizim hamımızı şoka salmişdi. Çünki erməni cəlladları İmişli rayonunun Lenin adına kolxozun 6 nəfər çobanını amansızlıqla öldürmüş, bir qoca kişini və bir cavan gəlini yandırmışdılar. Atları, eşşəkləri, körpə buzovları da gedəndə güllələyib, 2000-dən çox qoyunu Ermənistana sürüb aparmışdılar.Yerdə qalan toyuqdan tutmuş dəvəyədək hamısını güllə ilə məhv etmişdilər. Çadırları yandırmışdılar. Hamı kədərdən ağlayırdı. Bu Azərbaycan xalqının başına gətirilən müsibətlərin başlanğıcı imiş. Bizimlə jurnalist də var idi (Allahverdi adında). O, hadisəni lentə çəkdi. Lakin biz Bakıya qayıdıb televiziya ilə onun verilməsini istədik. Lakin buna əməl olunmadı, nəyə görə məlum olmadı.
Dağlıq Qarabağda Tuğ kəndində- erməni ekstremistlərinin törətdikləri vəhşiliklərin ən şiddətli vaxtı idi. 1991-ci ilin aprel ayında yenə də Xankəndində DQMV üzrə Təşkilat Komitəsinin sədri V.Polyaniçkonun iştirakı ilə müşavirə keçirildi. DQMV-nin azərbaycanlılar yaşayan kəndlərində - kolxoz və sovxozlarda Dövlət Aqrar Sənaye Komitəsinin gördüyü və görəcəyi işlər haqqında mənim hesabatım qoyulmuşdu. Mən məruzə etdim. Onlara neçə baş cins mal-qara, qoyun verildiyini, yem və toxum, maliyyə vəziyyəti ilə əlaqədar nə qədər kredit, avtomaşın, kənd təsərrüfatı texnikası ayrıldığını, tikinti materialları, qüvvəli yem, yanacaq, qışlaq, yaylaq və s. verilməsi haqqında ətraflı məlumat verdim. Həmçinin bildirdim ki, o kəndlərdə əlavə 29 kolxoz və sovxoz yaratmışıq, onların ştat vahidləri təsdiq edilmiş, əlavə baytar müəssisələri yaratmışıq. Digər rayonlardan azərbaycanlılar yaşayan kəndlərə mal-qara üçün 2000 ton ot, küləş və saman, 300 ton qüvvəli yem ayırmışdıq.
Mənim məruzəmdən həmin təsərrüfatların başçıları və yeni yaradılmış rayon partiya komitələrinin rəhbərləri çox razılıq etdilər.
V.Polyaniçko, SSRİ DİN-nin müavini general mayor Ovçinnikov, DQMV-nin hərbi komendantı general mayor Safonov da işimizə yüksək qiymət verdilər.
Sonra V.Polyaniçko mənə tapşırdı ki, mən Hadrutun Tuğ kəndinə gedib orada bir sıra mübahisəli məsələləri həll edim, həm də DQMV-nin Kənd təsərrüfatı idarəsinin rəisi Lazaryanla görüşüb, onu işləməyə təhrik edim.
Bu məqsədlə mən Xocalı rayon aqrar kombinatının direktoru Rafiq Mürsəliyevlə birlikdə Tuğ kəndinə getdik. Bizimlə Hadrut RPK-nin ikinci katibi (adını unutmuşam) də gəldi. Biz Ağdama qayıtdıq və Rafiq Mürsəliyevin UAZ avtomaşını ilə Tuğa yollandıq.
Ağdamdan çıxdıq, yolda Rafiq dedi ki, yaxın pavilyonda çörək yeyək. Dedim ki, yox biz təzə yemişik. O və katib isə cəhd elədi, xahiş etdi, çox dirəndi ki, Tuğda işimiz çox olacaq, gəl çörək yeyək. Məni isə, nəsə çəkirmiş kimi etiraz edirdim.
Nəhayət onlar iki nəfər, məni bir təhər razı saldılar. Biz könülsüz oturub bir tikə çörək yedik. Cəmi 30 dəqiqə çəkdi. Sən demə bu 30 dəqiqə hər şeyi həll edirmiş və Allah bizi ölümdən qoruyurmuş.
Biz yola düzəldik. Qaradağlı kəndinə çatarkən (bu Azərbaycanın dövlət xadimlərinin vurulduğu, vertolyotun məhv olduğu kənddir) yolda tüstü gördük. Yolda bir avtobus yanmışdı, bir UAZ maşını isə aşmış və gülləbaran edilmişdi. 13 nəfər öldürülmüş və yandırılmışdı. Ermənilər qaçmışdılar, polislərimiz sonradan gəlmişdilər. Hadisə 30-40 dəqiqə əvvəl baş vermişdi. Deməli əgər biz yeməyə oturmayıb yolumuza davam etsəydik, biz də bu hadisənin qurbanı olacaqdır. Çox şükürlər olsun Ulu Tanrıya ki, bizi qorudu, bizə və balalarımıza rəhm etdi o rəhmli, Mərhəmətli Allah. Allah o ölənlərə rəhmət eləsin.
Biz nəhayət 3 saatdan sonra gəlib Tuğ kəndinə daxil olduq. Mən orada heç olmamışdım. C.Cabbarlının 1905-ci il əsərində erməni ilə müsəlmanın "döyüşünü" teatr tamaşasında görmüşdüm. Kənddə həqiqətən də ermənilər və azərbaycanlıların evləri bir-birinə çox qarışıb, burada onları heç cür ayırmaq mümkün deyildi. Biz məktəb direktorunu tapdıq və belə qərara gəldik ki, məktəbdə oturub söhbət edək.
Məqsəd kənddə ermənilərdən ayrı kolxoz təşkil etmək və bir sıra sosial problemlərin həlli idi. Biz məktəbdə müəllimləri görmədik. Məktəb demək olar ki, bağlanmışdı.
Ermənilər bizi görüb dərhal əl-ayağa düşdülər, onlar çox fəal idilər. Özü də bu təkcə Tuğda deyil, hər yerdə belə idi.
Tuğdan 25-30 nəfər kənd adamlarını toplayıb söhbət etdik. Bildirdilər ki, ermənilər azərbaycanlıları kənddən qovurlar. Bu işdə onlara erməni "boyevikləri" çox köməklik edirlər. Onların ot tayalarını yandırmışdılar. Gecələr kənddə atışma olurdu. Biz əvvəl buna inanmadıq. Sonra saat 4-5 arası olardı, birdən yaxın evlərin birindən bizə tərəf avtomatdan atəş açıldı. Xoşbəxtlikdən tələfat olmadı. Dərhal atəş açılan tərəfə getdik. Kənddə azərbaycanlı polis də var idi. Bizə dedilər ki, o evə tərəf getməyin, orada banda var. Söhbətimizi çətinliklə başa çatdırdıq. Orada guya kolxoz da yaradıb, sədr də seçdik. Biz Ağdama həmin yoldan deyil, ayrı yolla qayıtdıq.
İki gündən sonra Bakıya qayıdanda eşitdim ki, Tuğda ermənilər həmin məktəbi yandırıb və bir neçə azərbaycanlını öldürmüşlər.
Tarixi bir kənd olan Tuğdan azərbaycanlılar yavaş-yavaş qovulurdular. Bu barədə mən V.Polyaniçkoya məlumat verməyimə baxmayaraq ciddi bir dəyişiklik olmadı."
Zəngin kitabxanası olan İmran Əbilovun hələ gənc yaşlarinda məsul vəzifələrdə çalışmasına baxmayaraq ədəbiyyata, incəsənətə, mədəniyyətə, klassiklərin, şair və yazıçıların əsərlərinə, aşıq sənətinə xüsusi maraq göstərmişdir. Onun kitaba daxil etdiyi Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Nəbi Xəzri, İsmayıl Dağıstanlı, Lütvəli Abdullayev, Zülfi Adıgözəlov, Fatma xanım Mehrəliyeva, Habil Əliyev, Aşıq Pənah, Tofiq Dadaşov və bir çox şəxsiyyətlərlə birgə mənalı görüşləri barədə xatirələri mahiyyətinə görə bütün insanlar üçün tərbiyəvi əhəmiyyət kəsb edir. Ömrünün müdriklik çağında ağsaqqallıq funksiyasını əzmlə, istək və maraqla icra etməkdən zövq alan İmran Əbilovun özünəməxsus poetik düşüncələri vardır.Bu baxımdan onun "Qocalıq" şeiri dərin məna kəsb edir.
Tərk edir bu canı cavanlıq quşu,
Yerinə astadan gəlir qocalıq.
Qarşıda görəndə eniş-yoxuşu,
Yolları ikiyə bölür qocalıq.
...
Cavanlıq havası çıxmır başımdan,
Ayrıla bilmirəm o ilk bahardan.
Cavan görünsəm də mən öz yaşımdan,
Hərdən sataşmağı bilir qocalıq.
...
Cavanlıq, insaf et, getmə tez belə,
Məni xoş arzular gözləyir hələ.
Qanrılıb baxdıqca mən hər gözələ,
Astaca qımışır, gülür qocalıq.
...
Ömür təqvimindən qopur varaqlar,
Məni qış axtarıb, boran soraqlar.
Artıq zülmət gəlir, sönür çıraqlar,
Gözümün zığını silir qocalıq.
...
Gəncliyin qədrini cavanlıqda bil,
Atılan ox geri qayıtmaz bir də.
Günəş də qocalır, əbədi deyil,
Axırda özü də ölür qocalıq.
Ömür kitabda Vətənə vurğunluğunu əməli işləri ilə sübut edən İmran Əbilovun valideynlərinə olan məhəbbəti, övlad qayğısı, ailədə böyütdüyü uşaqlara göstərdiyi diqqət və onun uğurlu nəticələri örnək kimi təbliğ olunmağa layiqdir. Aparılan qısa təhlildən bir daha aydın olur ki, "Vətənə vurğun:ömürdən səhifələr" kitabı kamil bir insan həyatından azərbaycançılıq baxımından zəngin xəzinə olub milli mənəvi dəyərimizə qiymətli töhfədir.
Şəddat Cəfərov iqtisad elmlər üzrə fəlsəfə doktoru,ilk poliqrafçı alim.
Şahrza Ağayev pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.