Cavanlaşan narkomaniya insanı fiziki və ruhi cəhətdən şikəst edir
Son illər ölkədə narkotik istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, istifadəçilərin yaş həddində cavanlaşması prosesi də müşahidə olunur. Məlumat üçün qeyd edək ki, respublikada qeydiyyatda olan narkotik istifadəçilərinin sırasında 14 yaşında olan vətəndaş da var. Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, narkomaniya istifadəsi təkrarlanan bir xəstəlikdir və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupu üstünlük təşkil edir. Məlumatda bildirilir ki, nəinki Azərbaycanda, eləcə də dünyada narkotika aludəçiliyindən tam olaraq sağalma faizini və ya rəqəmini söyləmək qeyri-mümkündür: “Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu tibbi xəstəlik olmaqla yanaşı, sosial xəstəlikdir”. Xatırladaq ki, Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi isə ölkənin tranzit mövqedə yerləşməsidir. Bəs, əsrin bəlası, “ağ ölüm” adlanan bu xəstəlikdən necə qurtulmaq olar?
6 Aprel 2017 14:01 SosialErkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur
Son illər ölkədə narkotik istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, istifadəçilərin yaş həddində cavanlaşması prosesi də müşahidə olunur. Məlumat üçün qeyd edək ki, respublikada qeydiyyatda olan narkotik istifadəçilərinin sırasında 14 yaşında olan vətəndaş da var. Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, narkomaniya istifadəsi təkrarlanan bir xəstəlikdir və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupu üstünlük təşkil edir. Məlumatda bildirilir ki, nəinki Azərbaycanda, eləcə də dünyada narkotika aludəçiliyindən tam olaraq sağalma faizini və ya rəqəmini söyləmək qeyri-mümkündür: "Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu tibbi xəstəlik olmaqla yanaşı, sosial xəstəlikdir". Xatırladaq ki, Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi isə ölkənin tranzit mövqedə yerləşməsidir. Bəs, əsrin bəlası, "ağ ölüm" adlanan bu xəstəlikdən necə qurtulmaq olar?
Qeyd edək ki, narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir.Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən 26 iyun "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü" kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Müxtəlif adamlar tərəfindən eyni iynədən venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz narkoman QİÇS xəstəliyinə yoluxmuşdur. Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da fəallığı xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırılmalıdır. Narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə narkomaniya "cavanlaşır". Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də ölkənin bütün regionlarında aparılmalıdır. Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova bildirib ki, bu gün narkotiklərin qanunsuz dövriyyəsi transmilli xarakter kəsb edərək, bütün bəşəriyyəti təhdid edən qlobal təhlükəyə çevrilmişdir. Narkomaniya kriminogen vəziyyətin daha da pisləşməsinə təkan verir, bir sıra ağır xəstəliklərin yayılmasını sürətləndirir, əxlaqi dəyərlərin devalvasiyası, şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir: "Narkomaniyaya qarşı ardıcıl mübarizə üçün bütün imkanlar səfərbər olunmalıdır. Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların şüurlu vətəndaşlar kimi formalaşması Azərbaycan Respublikasında reallaşdırılan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)"nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdu. Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın layihəsində bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur". Onun bildirdiyinə görə, ölkə rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi daim narkomaniyanın profilaktikasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği istiqamətində səmərəli fəaliyyət proqramları icra olunur. 2016-cı il ərzində bu sahədə bir sıra yeni aksiyalar təşkil olunmuşdur. Belə ki, Bakı şəhərində "Gənclər evləri"ndə psixososial xidmət fəaliyyətinin dəstəklənməsi üçün gənc mütəxəssislər üçün təlim kursu keçirilmişdir. 6 aprel-Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə Suraxanı rayonunda Gənclərin sağlamlıq festivalı təşkil olunmuş, habelə Gəncə şəhərində "Gənclərin sağlamlıq sestivalı - 2016" layihəsi uğurla həyata keçirilmişdir. Şuşa, Zəngilan, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Kürdəmir, Zərdab, Goranboy, Samux, Naftalan, Göygöl, Göyçay rayonlarında narkomaniya ilə mübarizəyə həsr olunmuş "Həyatla oyun" adlı maarifləndirici teatr tamaşası nümayiş etdirilmişdir. Qobustan, Şamaxı, Şirvan və Hacıqabul rayonlarında "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!" devizi altında maarifləndirici tədbirlər keçirilmişdir: "Gənclər arasında sağlam həyat tərzinin təbliğinə xidmət edən silsilə tədbirlər müsbət nəticələr əldə etmək üçün real zəmin formalaşdırır. "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu" mövzusunda keçirilmiş konfrans bu istiqamətdə atılan mühüm addımlar olmuşdur.Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1 dekabr-ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar "Gələcəyə Doğru Gənclərin İnkişafı" İctimai Birliyinin "Gənclər arasında QİÇS-in profilaktikası məqsədilə mübarizənin gücləndirilməsi" layihəsi reallaşdırılmışdır. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə təbliğinə xüsusi önəm verilir. "Olimpiya dəyərləri gənclərin təqdimatında" mövzusunda sərgi və konfrans, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar təşkil olunan "İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqə məhz bu məqsədə xidmət etmişdir. Qeyd olunan tədbirlər narkomaniyaya qarşı mübarizə prosesinin səmərəliliyini yüksəltməyə imkan verir. Lakin bu istiqamətdə fəaliyyət bir an belə dayandırılmamalı, yeni və əlavə tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. Gənclər və İdman Nazirliyi bu sahədə digər dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əlaqələndirilmiş fəaliyyətini daha da genişləndirəcəkdir".
Zəka