Otuzuncu İran səfərnaməsi. Ərdəbil bir də çağırmış məni, getmək vacib!
Noyabr ayının son həftəsi başlanmışdı. Həyat öz axarı ilə davam etməkdəydi. Necə deyərlər “gəlimli-gedimli dünya”. Gəldilər və getdilər...
5 Aprel 2017 14:48 SosialŞahin Fazil
Tarix elmlər doktoru, professor
Otuzuncu İran səfərnaməsi.
Ərdəbil bir də çağırmış məni, getmək vacib!
28 dekabr 2016.
Noyabr ayının son həftəsi başlanmışdı. Həyat öz axarı ilə davam etməkdəydi. Necə deyərlər "gəlimli-gedimli dünya". Gəldilər və getdilər...
İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin işçisi Qədir vaxtlı-vaxtında bu Mərkəzdəki toplantılar, tədbirlər, qarşılıqlı ədəbi-bədii görüşlər və s. haqqında bizi xəbərdar edir, iştirakmızı arzulayır. Biz də ölkələrimiz arasındakı bir növ mənəvi körpü rolu oynayır, hərdən cənubdan gələn qardaşlarımızla görüşür, hərdən də çayın şimalından adlayaraq müxtəlif elmi konfrans və başqa tədbirlərin iştirakçısı oluruq. Çox şükür İlahi, keçən əsrin son rübündə həsrət qalmışdıq bir-birimizə. Qardaşları uzaqlaşdırmışdılar qardaşlarından. Ustad Məhəmmədhüseyn Şəhriyar Azərbaycandan Azərbaycana səfər etməyi arzulayır və şam kimi yana-yana yazırdı:
" Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş,
Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş...
Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?
Bunlar elə ki,ərz elədim gəldi və oldu!
Mən hər nə məhal fərz elədim gəldi və oldu.
...Yatsın yava gözlər,hələlik bəxti oyatdım,
El arxama çatdıqda bugün arzuma çatdım,
Qardaş, səni tapdıqda qəmi, qüssəni atdım,
Sanki Bakını, Gəncəni verdin mənə, qardaş,
Tapdım elimi, arxamı, qurban sənə qardaş."
Ustadın bir şeirində onun Azərbaycanla Azərbaycan arasındakı sərhədi keçib Bakıya gəlmək arzusu yanğı hissi ilə əks olunur. O tayın şairləri sanki özünü artıq bu tayın şairləri arasında görürdü:
"Gözüm aydın, görürəm sevgili qardaşlarımı,
Basmışam bağrıma öz doğma qarındaşlarımı.
Acmışam qolları xəlqimlə üzük həlqəsi tək,
Salmışam həlqəyə qiymətli üzük qaşlarımı.
Fələyin çərxini sındırmışam əvvəl daşda,
Ətəyimdə hələ də saxlamışam daşlarımı.
Acmışam qərnimizin bağlı qalan yollarını,
Tapmışam yüz sənə qürbətdəki qardaşlarımı"
Amma, çox təssüf ki, ustad Şəhriyarın bu taylı qardaşlarla " soraqlaşıb-qucaqlaşmaq "arzusu baş tutmadı.Amma, illər ötdü, vəziyyət dəyişdi, görüşlərimiz başladı. Şəhriyarın arzusu bizim şəxsimizdə gercəkləşdi.
Ay yarım əvvəl məşhur Ərdəbil məddahı, şairi və mərsiyəxanı Səlim Müəzzinzadənin vəfatı xəbərini eşitdik. Bu münasibətlə İran səfirliyinin Mədəniyyət Mərkəzində xatirə mərasimi təşkil olundu. Biz də, ( akademik Vasif Məmmədəliyev, bəstəkar Tofiq Bakıxanov, professor Agaverdi Paşayev, jurnalist Hacı Rafiq Şirvani, bu sətirlər müəllifi və s. səxslər) Mərkəzə gedib xatirə kitabına öz ürək sözlərmizi qeyd etdik.
Səlim Müəzzinzadə dəftərlə Bakıda olmuş, bizim şeir məclislərmizdə ("Məcməüş-şüəra", "Vahid poeziya məclisi") öz gözəl ifası ilə böyük diqqət və maraqmıza səbəb olmuşdu.
Mən elə həmin gün S.Müəzzinzadənin dünyasını dəyişməsi münasibəti ilə bir qəzəl yazdım:
Deməyin aləmi tərk etdi Müəzzinzadə,
Dirilər aləminə getdi Müəzzinzadə
Tanıyırdım,adı tək xeyli,səlim insandı,
Dinləyən hər kəsə ne'mətdi Müəzzinzadə.
Dedi İbrahimi... "Bir natiq idi çox məşhur,
Həm fəsahətdi, bəlağətdi Müəzzinzadə"
Şirin avazına heyran idilər yerdəkilər,
Yerə,əlbəttə,qənimətli Müəzzinzadə.
Ərdəbil torpağının təkcə deyildi şanı,
Bəlkə də hər yana şövkətdi Müəzzinzadə,
Cəlb edirdi hamını avazının ecazı,
Möcüzə timsalı xilqətli Müəzzinzadə.
Çoxsa da mərsiyəxan mərsiyə ustadı odur,
Neçə ustadə fəxarətdi Müəzzinzadə.
Elə zəngulə edən bir də olarmı görəsən?
Allahım sehrü kəramətdi Müəzzinzadə.
Hanı Davud kimilər,varmı soraq onlardan?
Əminəm,göydən əmanətdi Müəzzinzadə
Özü getdi yerinə özgəsi yox, gəldi Vədud,
Oğludur,oğluna şöhrətdi Müəzzinzadə
Uçdu bülbül kimi cəh-cəhlə bəqa aləminə,
Ora cənnət quşu tək yetdi Müəzzinzadə.
Qeybdən bir səs eşitdim yuxuda,ey Şahin.
Dedilər:Sağ və səlamətdi Müəzzinzadə!
24 noyabr 2016
Günlər ötdü. Dekabrın 28-də Mədəniyyət Mərkəzinin sədri cənab dr. İbrahim İbrahimi mənə zəng vurub sabah Ərdəbildə Səlim Müəzzinzadənin qırx mərasimi keçriləcəyini söylədi, mənim və Hacı Rafiq Şirvaninin həmin mərasimdə iştirakımızın arzu olunduğunu bildirirdi.Doğrusu, mən bir qədər soyuqlaşmışdım,özümü narahat hiss edirdim. Amma İ.İbrahiminin təklifini qəbul etdim və həmin gün bu qəzəli yazdım:
Ərdəbil bir də çağırmış məni, getmək vacib,
Təziyə məclisi var, iştirak etmək vacib.
"Allah-Allah" deyibdir dili Şah İsmayılın,
"Allah-Allah" səsini hər dəm eşitmək vacib.
Şeyx Səfi xanəndanı fəxri olub Ərdəbilin,
Səfəvi torpağına bir daha yetmək vacib.
Gen düşübdürsə də qardaş əli qardaşlardan,
Əlimi qardaş əli ilə isitmək vacib.
Gedirəm söz gülümü əkməyə gülzarında,
Ani də olsa o torpağdə bitmək vacib.
Şahi tək var orada ali qəzəlxan şair,
Qəzəlin köhlənini orda səyirtmək vacib.
Şahinə bir daha acsın qapı gömrükxanalar,
Ərdəbil çünki çağırmış məni,getmək vacib!
29 dekabr 2016
Sübh tezdən dr.İ. İbrahiminin maşınında Biləsuvar istiqamətinə yollandıq.
Hava xoş idi. İki saat yarımdan sonra bizim gömrükxanamızda idik. Sənədləşmə. İran gömrüxanası. Yenə sənədləşmə. İnsafən bizi gecikdirmədi gömrükxanalar, yuxardakı qəzəlimdə dediyim kimi hər iki gömrükxana işçiləri öz qapılarını böyük ehtiram və nəzakətlə üzümüzə açdılar. Artıq İran Biləsuvarındayıq. Qarşılandıq. Bizi keçən Ərdəbil səfərimiz zamanı qarşılayan və Ərdəbilə aparan Ərdəbil ostanı İncəsənət Mərkəzinin məsul işçisi Bijən Rənçpur bu dəfə də qarşıladı. Biləsuvar-Ərdəbil yolu B.Rənçpur maşını ehtiyatla sürsə də, qarşıda dayanmış bir polis müfəttişi maşınımızı saxladı. Sürücü sürət həddini aşıbmış. Buradakı avtomobil müfəttişlərini "razı salmaq" mümkün deyil. Maşındı iki xarici qonağın olduğunu və Səlim Müəzzinadənin qırx mərasiminə getdiyimizi bilən müfəttiş cüzi də olsa B.Rənçpuru cərimə edib ona qəbz verdi. Yolumuza davam etdik. Bijəndən soruşdum:
-Cərimə pulları hara gedir?
- Dövlət xəzinəsinə.
- Mütəffişin cibinə getmir ki?
- Qətiyyən! Əgər müfəttiş rüşvət alarsa, dərhal edam olunar!
Savalan dağ silsiləsi. Meşkindən başlayan bu əzəmətli dağ bir neçə kilometr uzunluğundadır. Ətəklərində olmasa da,zirvələrində qar var.
Hacı Rafiq sürücünün yanında əyləşmişdi.Mənim əyləşdiyim yer daha genişdi,fürsətdən istifadə edib bu gecə Bakida yazmağa başladığım ikinci şeirimi bitirdim. Əlbəttə, Səlim Müəzzinzadəyə həsr olunmuş ikinci şeir:
Səsi diri bir kişi
Nəhəng,iri bir kişi,
Özü vəfat etsə də,
Səsi diri bir kişi-
Səlim Müəzzinzadə.
Həyatda yoxkən belə,
Bizi böyük şövq ilə
Gətirdi Ərdəbilə
Səlim Müəzzinzadə.
Hacı Rafiq də gəlib,
Sözə sadiq də gəlib,
Ərdəbilə yönəlib.
Səlim Müəzzinzadə!
Xatırlayıb səmimi
Bura gəlib dost kimi
Aqaye- İbrahimi.
Səlim Müəzzinzadə!
Xoşxislətdi,həlimdi,
Hüsnü gözəgəlimdi,
Adı kimi səlimdi
Səlim Müəffinzadə.
Ucalardan ucaydı,
Bir gör fələk nə saydı!..
Usdadlara ustaydı
Səlim Müəzzinzadə.
Avaz onun canıydı,
Şərəfiydi, şanıydı,
Mərsiyə sultanıydı
Səlim Müəzzinzadə.
Ərdəbil ona yardı,
Şirin şərqisi vardı,
Bülbülü susdurardı
Səlim Müəzzinzadə
Hər yanı heyran etdi,
İranı heyran etdi,
Cahanı heyran etdi
Səlim Müəzzinzadə.
Şöhrətdə bir kimsənə
Edə bilməz cəhd sənə!
Vədud vəliəhd sənə,
Səlim Müəzzinzadə!!!
Müxtəsəri, bir kişi,
Nəhəng, iri bir kişi,
Səsi diri bir kişi-
Səlim Müəzzinzadə!
Səlim Müəzzinzadə!!!
29 dekabr Ərdəbil yolu.
Ərdəbilə çatdıq. Nahar etdik. Ləzzətli ənənəvi plov.Restorandan çıxan kimi Ərdəbil İncəsənət Mərkəzinin rəisi cənab Nəcəfi irəli gəlib bizimlə olduqca səmimi görüşdü. Onu əvvəlki səfərimizdən tanıyırdıq. B. Rəncpurun maşınından düşüb cənab Nəcəflinin maşnına əyləşdik və " Məscide-əzəm" ("Böyük məscid") adlanan möhtəşəm bir ibadət binasına gəlib çatdıq.
Məscidin həm içərsində, həm də çölündə böyük izdiham vardı. Bizi ehriramla qarşılayıb, Ərdəbil ostanının valisi cənab Cavad Zəncanının yanında əyləşdirdilər.
Çıxışlar davam etməkdəydi. Aparıcı bir qədər danışdıqdan və mərsiyə deyəndən sonra məni xitabət kürsüsünə dəvət etdi. Bakıda və yollarda yazdığım hər iki şerimi oxudum. İran xalqı olduqca şeir sevəndir.Şeirimin hər beyt və bəndini, demək olar ki, mənə təkrar oxutdururdular.
Ərdəbilin məşhur qiraətçisi və şairi Dilavərqəvamın çıxışı.
Əlbəttə, S. Müəzzinzadəyə həsr olunmuş bir qəzəl.Başlanğıc beytləri belədir:
" Ey səsi möcüzi-Quran eləyən,
Nəfəsi gəbri müsəlman eləyən.
Həncəri xəncəre- Kərrar kimi
Küfr evin xaneyi-iman eləyən"
Aqaye-Dilavərqəvam qeyd edib bildirdi ki, ustadın vəfatı münasibətilə Ərdəbilə Azərbaycan Rəspublikasından və Türkiyədən də qonaqlar gəliblər.
Özləri ağlayan və məscidlərdəkiləri ağladan bir neçə çıxışçıdan sonra söz Hacı Rafiq Şirvaniyə verildi.
Hacının çıxışından:
"Əziz qardaşlar, möhtərəm soydaşlar! Mən Ərdəbil şəhərində çox olmuşam və səfərlərimin hamısı tarixi ildönümlər, görkəmli səxsiyyətlərin yubleyləri, şəhərin həyatında baş verən mühüm mədəni- ictimai hadisələrlə, yeni fərəhli, sevincli münasibətlə bağlı olmuşdur. Bu gün təəssüf hissi ilə qeyd edirəm ki, ilk dəfədir mən Ərdəbilə, bütün azərbaycanlılar üçün əziz olan şəhərə çox böyük hüzn və kədərlə gəlmişəm. Gəlmişəm ki, xatirəsi bizim hamımız üçün əziz olan, nəinki Azərbaycanda, nəinki İranda, bütün islam aləmində öz böyük sənəti, imanı, etiqadı ilə məşhur olan Səlim Müəzzinzadənin rəhmətə getməsindən doğan dərin kədərimizi, başsağlığımızı, niyyət və diləklərmizi sizlərə çatdırım. Azərbaycan Respublikasının müsəlmanları bu böyük itkidən kədərlənir və mərhumun ruhuna dualar oxuyurlar. Onlar rəhmətlik Səlim Müəzzinzadəni yaxşı tanıyırlar. Yadımdadır, oğlu Vədudun Bakıda keçrilən məşhur rəsm əsərləri sərgisində rəhmətlik özü də iştirak edirdi. Atasının istedad və daxili mənəvi zənginlik baxımından layiqli varisi olan Vədud Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəngli boya ilə çəkdiyi portretini təqdim edəndə dövlətimizin başçısı bu əsl sənət əsəri haqqında çox yüksək fikirlər söylədi. O vaxt Səlim Müəzzinzadənin çöhrəsini övlad uğurundan doğan bir sevinc, fərəh və qürur hissi bürümüşdü. Ertəsi gün Azərbaycan dövlət televiziyasının əməkdaşı, yeri gəlmişkən, elə əslən Ərdəbildən olan Rafiq Savalan onu məşhur "Səhər" proqramına dəvət etmişdi. Ustad sənətkarla əyani tanışlığı əbədi xatirəyə çevirən o verlişi Azərbaycan xalqı indi də xatırlayır. Allah ona elə bir istedad, elə bir qüdrət bəxş etmişdi ki, onu bir dəfə görənlər, bir dəfə eşidənlər səsinə, sənətinə valeh olmuşdular. O da Allahın bu lütfü müqalibində böyük şükranlıqla insanları, mömin bəndələri imana, Allahın göstərdiyi yola dəvət edirdi. Füzuli demişkən "Hər kəsin təqdirdən məqsudi öz qədirincədir". Səlim Müəzzinzadə də qarşısına Allahın ona əta etdiyi qədərə, qüdrətə layiq məqsəd qoymuş, bu məqsədə aparan həyat və peşə yolu seçmişdi. O, uzun, pak və şərəfli ömrü boyu nə özü bu yolla müstəqim getməkdən, nə də milyonlarla mömin müsəlmana gündəlik fəaliyyəti ilə bu yolun istiqamətini göstərməkdən bezdim deməmişdi. Səlim Müəzzinzadə elə səxsiyyətlərdəndir ki, onların məqsədi və əməli xoş niyyətli Allahın göstərişinə uyğun olur. Dinimiz buyurur ki, belə adamların yeri cənnətdir. Necə ki, Hacı Seyid Əzim Şirvani məşhur qəzəllərindən birini bu beytlə bitirir:
Seyyid, hərəmi-həşrdə xaliq əməl istər,
Məhşərdə durub cəngü cidal eyləmək olmaz.
Bu beyt Səlim Müəzzinzadənin də axirət dünyasında Allah dərgahında mövqeyini əks etdirir.
Biz bu inamla da deyirik: " Allah rəhmət eləsin!". Və biz buna da inanırıq ki, böyük ustadın sənəti kimi, özü də tarixdə ədədi yaşayacaqdır".
Hacı Rafiqdən sonra Səlim Müəzzinzadənin oğlu Vədud Müəzzinzadə sözə başladı, atası haqqında beş-altı dəqiqə danışıb uca səslə bir mərsiyə oxudu. Səs nə səs! Avaz nə avaz !..Vədudun qəzəlinin rədifi "Xüdahafiz" idi. Vədud atası ilə xüdahafizləşirdi. Vədudun cöhrəsindən mirvari kimi göz yaşları axırdı...
Arada "Səhər" televiziyasının jurnalisti Hacı Rafiqdən , Ərdəbil radiosunun " Teleqram" verlişlərinin aparıcısı isə məndən müsahibə aldı.
Biz bizə yanaşanlara Səlim Müəzzinzadənin, onlar isə bizə məşhur xalq artistimiz Ağaxan Abdullayevin vəfatı münasibətilə başsağlığı ərz edirdik.
Sonra Qum şəhərindən təşrif buyurmuş höccətül-islam və-l müslimin aqaye-Həştrudi bir saatdan çox danışdı, çıxışını bir mərsiyə ilə yekunlaşdırdı.
Məsciddən çıxhaçıxda bir nəfər mənə yaxınlaşdı. Əvvəlcə tanımadım, sonra bildim ki, Ərdəbilli Nəvid Azərbaycanidir. O, təxminən iyirmi il bundan əvvəl Bakıda və başqa şəhərlərmizdə kiçik bizneslə məşğul olmuş savadlı bir adamdır, şeiri çox sevir və tez-tez şeir məclislərmizə gələrdi. İndi isə Ərdəbildə ticarətlə məşğuldur. Amma yenə də ədəbiyyatdan, söz sahiblərindən uzaqlaşmır. Evinə dəvət etdi, vaxtımızın məhdudluğunu bildirib üzr istədik.
" İncəsənət Mərkəzi" ndəyik. Bir dəstə şair və incəsənət xadimləri ilə görüş. Azyaşlı rəssamların şəkil sərgisi. Bu günlərdə sərgiyə yekun vuracaq. Jüri heyəti ilə tanış olduq. Onlar gənc rəssamların işlərindən razıdırlar və yüksək yer tutanlar tezliklə mükafatlandırılacaq.
Aqaye-Nəcəfi bir neçə nəfəri də dəvət etdi və kiçik bir müşairə (şeirləşmə) başlandı. Hərəmiz bir şeir oxuduq. "Əncüməne-Hafiz" ("Hafiz məclisi") ədəbi yığıncağının üzvü şair Şəkibanın qəzəlinin son misrası (məqtə) belə idi:
"Müştaqinəm yolunda verəm can min alsa da,
Əllər başında qəmli Şəkiba gəzər niyə?"
Müşairə bitdikdən sonra aqaye-Nəcəfi bizi " Məzari- Şərif" adlı bir İran filminə baxmağa dəvət etdi. Məzari-Şərif. Mənim 1963-1966-ci illərdə yaşayıb-işlədiyim gözəl bir vilayət. Bu şəhər barədə çoxlu xatirələrim var. Deyilənə görə imam Əlinin (s) şərafətli məzarı bu şəhərdədir və şəhər onun şərəfinə belə adlandırılıb. Doğrusunu
Allah bilir. Axı imamın daha altı şəhərdə məzarı var.
Filmin məzmunu adı ilə uyğunluq təşkil edir. Sovet ordusu Əfqanıstanı tərk etdikdən sonra orada talibançıların olmazın qırğınları başlayır. Elə biz orada olanda da qırğın var idi, amma o qədər də yox.
Filimin qisa məzmunu : Kecən əsrin 90-cı illərinin əvvəli. Məzari-Şərifdəki İran İslam Respublikası Konsulluğunun binası. Şiddətli atışma səsləri. Talibançılar şəhəri tutmuşlar. Uzunsaqqal talibançılar. İslamın ilk əsrinə qayıtmaq istəyən talibançılar. Sovetlərin on dörd illik zəhmətləri bada getdi, əfqanların taliban hakimiyyəti dövrü gəldi.
Beləliklə, film davam edir. İran Konsulluğunun ön bir işcisi. Onların hamısı təşviş içərisindədir. İranla rabitə xətləri artiq kəsilmişdir. Hamı iztirab içindədir. Bir dəstə əli avtomatli talibançı konsulluq binasına soxulur. On bir gənc işçinin on nəfəri dərhal güllələnir. On birinci isə yaralanıb qaçmağa müvəffəq olur, köhnə tanışı olan bir əfqanın qapısını döyür. Onu qəbul edirlər. Bir neçə saat ötür. Qaçmaq lazımdır. Ev sahibi ailəsini və onu öz maşınında binadan çıxarır. Yol Pakistanadır. Hər yanda qırğın-qada.Yolda olanların başına gətrilən sərgüzəştlər.Nəhayət Pakistan sərhədinə yaxınlaşma. Bir əfqan qadını ilə talibançılardan yaxa qutarmaq səhnəsi və s.
Filmə baxanların hamsı mütəəssir olmuşdu, xüsusən Hacı Rafiqlə mən. Haci Rafiq hətta bu filmin sürətini flayşa köçürtdü.
Gecəni oteldə qaldıq. Saat 9-da aqaye- Nəcəfi arxamızca gəldi,bizi bir kafedə kəlləparca yeməyinə dəvət etdi. Dedi ki, dünən bizim çıxışımızdan sonra İsfahandan Əşcə aldı bir şair zəng vurub mənimlə rabitə saxlamağı xahiş edibmiş. Tanıdım əlbəttə. Dəfələrlə Bakıda olan, kamanca ustası Habil Əliyevlə dostluq edən şair Əşcə. Aqaye-Nəcəfi telfefonunda İsfahanı dərhal yığıb bizi bir- birimizlə çalaşdırdı. Aqaye-Əşcə mənim dünən oxuduğum şeirlərin sürətini istədi. Qayıdan kimi göndərəcəyəm,hörmətli Əşcə...
Bu zaman yenə bir telefon zəngi-Vədud Müəzzinzadənin zəngi. O, Aqaye-Nəcəfidən bizimlə görüş xahiş etdi. Əlbəttə, razılıq verdik.
Vədudun səliqə-səhmanlı evi. Bizi qapıda qarşılayan bu xanəndə, bəstəkar, rəssam, heykəltaraş və şair ilə olduqca səmimanə görüş.Evə daxil olduq, xanımı elə Vədud kimi mehribanlıqla görüşdü. Əyləşdiyimiz otağa göz gəzdirirəm. Sanki muzeydə idim. Olduqca gözəl bir salon. Divarlara Vədudun rəsm əsərləri vurulmuş, döşəmə fərşlərlə bəzədilmişdi. Otağın müxtəllif yerlərində bu rəssamın yaratdığı heykəl və büstlərdən nümunələr göz oxşayırdı.
Çay süfrəsi. Dünən " Məscisde-əzəm" də oxuduğum hər iki şeiri bir daha burada oxudum. Xanımın da, Vədudun da gözlərindən yaş axırdı.
Səmimi görüş və səmimanə xüdahafizləşmə.
Bakıya qayıdırıq. Yenə də Bijən Rəncpurun maşınında. Ərdəbil adətən qış fəslində qar içində olur. Amma bəxtimizdən elə günəşli hava var ki. Mənim Ərdəbilə son iki səfərim zamanı yazdığım iki şeir məxsusən Ərdəbilə həsr olunub: "Ərdəbilə qar yağır" və " Ərdəbilə yay gəlib" adlı şeirlər. Bu səfər zamanı bu silsilədən üçüncü şeir yarandı:
Ərdəbilə gün baxır
Sanırdım qar yağacaq,
Ərdəbilə gün baxır.
Görmürəm boran, sazaq,
Ərdəbilə gün baxır.
Gəl günə bax,aya bax,
Bu nurlu dünyaya bax,
Qışda gələn yaya bax,
Ərdəbilə gün baxır.
Günü hər dəm həmdəm bil,
Təzim et ona,əyil...
Günə baxır Ərdəbil,
Ərdəbilə gün baxır.
İstərəm birdən-birə
Uçum uca göylərə-
Günün çıxdığı yerə,
Ərdəbilə gün baxır.
Qoy soyuqdan yan olum,
İpisti insan olum,
Ay günə qurban olum
Ərdəbilə gün baxır.
Bizdən soyuqluq qaçsın,
Həzzimiz aşıb-daşsın,
Lap gözümüz qamaşsın,
Ərdəbilə gün baxır.
Tən görmürəm mənə mən-
Nur əmənəm,gün əmən!
Hey baxıram günə mən,
Ərdəbilə gün baxır.
Allahın hökmünə bax,
Başımın üstünə bax.
Şahin Fazil, günə bax,
Ərdəbilə gün baxır,
Ərdəbilə gün baxır.
Günə baxa-baxa qayıdırıq. Qayıdırıq başqa bir günəşli diyara. Qayıdırıq doğma vətənimizə, öz ev-eşiyimizə. Amma Ərdəbil çağırsa, yenə də bir neçə günlüyə qayıdarıq ora. Təki yas məclisi yox, şadlıq məclisləri olsun inşallah!
29-30 dekabr
Bakı-Ərdəbil- Bakı