Xəsarət alan sərnişinlər niyə sığorta ödənişi ala bilmirlər?

Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı sığorta ödənişinin verilməsi müşkül  məsələyə çevrilib. İstər avtomobillərin, istərsə də sərnişinləri icbari sığorta olunmasına baxmayaraq qəza zamanı sığorta şirkətləri min cür bəhanə ilə ikitərfli müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyin yerinə yetirilməsindən yayınmağa çalışırlar.

Sərnişindaşımalar gecələr həyata keçirildiyindən biletə ehtiyac qalmır

Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı sığorta ödənişinin verilməsi müşkül  məsələyə çevrilib. İstər avtomobillərin, istərsə də sərnişinləri icbari sığorta olunmasına baxmayaraq qəza zamanı sığorta şirkətləri min cür bəhanə ilə ikitərfli müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyin yerinə yetirilməsindən yayınmağa çalışırlar.

Qeyd edək ki, hər gün ölkə ərazisində avtomobil qəzası, həmin qəzalar zamanı dünyasını dəyişən insanların olması barədə məlumatlar eşitməkdəyik. Lakin ölkə qanunvericiliyində yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin sağlamlığına dəyən zərərə və ya ölümünə görə kompensasiyanın ödənilməsi məsələsi nəzərdə tutulsa da bundan istifadə edən vətəndaşların sayı olduqca məhdudur. Xüsusən, avtobus qəzası zamanı ölən və ya xəsarət alan sərnişinlərə sığorta ödənişi edilməsində neqativ hallar qeydə alınır. Onu da bildirək ki, əksər hallarda sərnişinlərin qəza zamanı sığorta ödənişi ala bilməməsinin səbəbi əksər avtobusların qeyri-qanuni xəttə çıxması və sərnişinlərin biletinin olmaması ilə bağlıdır. Məlumdur ki, qəza zamanı sığorta ödənişi yalnız bileti olan sərnişinlərə verilir. O da bəllidir ki, hər gün respublikanın ayrı-ayrı regionlarına yüzlərlə avtobus xəttə çıxır ki, onların da cüzi hissəsi qanuni xətt üzrə hərəkət edir. Avtobusların əksəriyyəti gecə saatlarında sərnişinləri  birbaşa ünvanlarından götürdüyü üçün bilet haqqında danışmağa dəyməz.  

Ekspertlər hesab edir ki, buna səbəb "gecə avtobusları"nın rahat və ucuz olması, eləcə də vaxt itkisinin olmamasıdır. Belə ki, təhlükəli olsa da bu vəziyyət xüsusilə yükü olan sərnişinləri əlavə taksi və baqaj  haqqından azad edir. Çünki, sürücülər ünvandan götürdükləri sərnişinlərdən baqaj haqqı almırlar. Lakin qeyd edilməlidir ki, sərnişnilərin ilk növbədə təhlükəsizlik məsələsi vacibdir ki, mənzil başına sağ-salamat çata bilsinlər. Odur ki, sərnişindaşımada belə vəziyyətin yaranmasının daha bir səbəbi sözügedən məsələni tənzimləyən qanunvericilik barədə vətəndaşların kifayət qədər məlumatının olmamasıdır. Əslində "İcbari sığortalar haqqında" qanunda bu məsələlər öz əksini tapıb. Belə ki, sözügedən qanuna əsasən İcbari Sığorta Bürosu Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə müəyyən hallarda kompensasiya ödənişlərinin verilməsini təmin edir. Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və vurulan zərərin əvəzi, zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən ödənilmədikdə nəzərdə tutulur. Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər-fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir. Daha dəqiq, sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi  yazılı müraciəti əsasında ödənilir. Sağlamlığa dəyən zərər isə şəxsin yüngül, az ağır  və ya ağır xəsarət alması; şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik), şəxsin ölümündən ibarətdir.  

Kompensasiyanın məbləğı məsələsinə gəldikdə, qeyd edək ki, sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişləri qanunvericilikdə dəqiqliyi ilə əksini tapıb. Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi - 5000 manat; zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi - 5000 manat; zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlillik qrupu təyin ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması: I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə -  4000 manat; II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə -  3000 manat; III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə - 2000 manat; əlillik qrupu təyin olunması və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması - 1500 manat; yüngül xəsarət alması - 750 manat. Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və ya zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.  Bir hadisə nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyin ümumi həcmi   50 000 manatı aşarsa, hər bir zərərçəkənə verilən kompensasiya ödənişi bu məbləğin (50 000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.  "İcbarı sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda  və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" nəzərdə tutulmuş hallarda    sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa  və ya  əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə də Büro tərəfindən kompensasiya ödənişi verilir. Iştirakçı müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə kompensasiya ödənişlərinin verilməsi barədə Himayəçilər Şurası tərəfindən qərar qəbul olunur və bu halda kompensasiya ödənişləri qanunda nəzərdə tutulan qaydada həyata keçirilir. Kompensasiya tələbi ilə bağlı İcbari Sığorta Bürosuna verilən bütün məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Məlumatlar və ya sənədlər həqiqətə uyğun olmadığı təqdirdə İcbari Sığorta Bürosu kompensasiya ödənişini tam və ya müvafiq hissəsini qeri qaytarılmasını məhkəmədən kənar və ya məhkəmə qaydasında tələb edə bilər.

Qeyd edək ki, kompensasiya ödənişinin verilməsi üçün bu ödənişi tələb etmək hüququna malik olan şəxs İcbari Sığorta Bürosuna müəyyən olunmuş formada ərizə ilə müraciət etməlidir. Ərizə və sənədlər kompensasiya ödənişini tələb etmək hüququna malik olan şəxs tərəfindən Büroya şəxsən təqdim oluna və ya poçtla göndərilə bilər. Kompensasiya ödənişi barədə müraciət Büro tərəfindən qeydiyyata alınır. Bundan sonra müracət edən şəxsin təqdim etdiyi sənədlərə baxılır, əgər sənədlərdən hər hansı birinin çatışmadığı və ya sənədlərdəki məlumatlarda hər hansı səhv aşkar olunarsa, bu haqda müraciət edən şəxsə məlumat verilir. Müraciət edən şəxsdən müvafiq sənədləri qəbul etdikdən sonra Büro kompensasiya ödənişinin verilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı  (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən ARAYIŞ) və hadisə ilə bağlı digər sənədlərialmaq üçün səlahiyyətli orqana dərhal sorğu  verir. Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun Büroya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir. Kompensasiya ödənişi bank və ya poçt köçürməsi yolu ilə nağdsız qaydada ödənilir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31