Mebel bazarında nə baş verir?
Hazırda paytaxt Bakıda, eləcə də respublikanın əksər rayon və şəhərlərində çoxsaylı mebel mağazaları və sexləri fəaliyyət göstərir. Üstəlik Azərbaycana əcnəbi ölkələrdən mebel idxalı edən, eləcə də materialı xaricdən gətirərək ölkəmizdə mebel istehsalı ilə məşğul olan çoxli firma və şirkətlər məvcuddur.
5 Aprel 2017 14:21 SosialÇex malları brend məhsullar adı ilı satışa çıxarılır
Hazırda paytaxt Bakıda, eləcə də respublikanın əksər rayon və şəhərlərində çoxsaylı mebel mağazaları və sexləri fəaliyyət göstərir. Üstəlik Azərbaycana əcnəbi ölkələrdən mebel idxalı edən, eləcə də materialı xaricdən gətirərək ölkəmizdə mebel istehsalı ilə məşğul olan çoxli firma və şirkətlər məvcuddur. Elə bu səbədən də ölkənin mebel mağazalarında istənilən xarici ölkənin brend mebel məhsulunu tapmaq mümkündür. Çox təəssüf ki, bəzi işbazlar mebel bazarında yaranmış bolluqdan istifadə edərək saxta məhsulları brend mallar adı ilə satışa çıxarırlar. Məlum olduğu kimi mənzilinə, ofisinə mebel almaq istəyən həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarır. Lakin danılmaz faktdır ki, hazırda bazarlarda müxtəlif qiymətə xarici mebel kimi təqdim edilən və zahiri görünüşcə müştərini aldadan mebel dəstləri kifayət qədərdir. Dəllallar həmin mebelleri insanlara xarici mal kimi təqdim etməklə, qaz vurub, qazan doldururlar. Bunun müqabilində müştərilər baha qiymətə və xarici marka adı altında mebelləri alıb evlərinə gətirdikdən bir müddət sonra aldadıldığının fərqinə varırlar. Problem yumşaq mebel dəstlərində (divan, kreslo) daha tez özünü göstərməyə başlayır. Yüksək məbləğə alınan mebel üstündə 1-2 həftə oturulan kimi ya "yatır", ya da cırıldamağa başlayır. Yaxud da, istehlakçı, təmiz "qoz ağacından hazırlanmış" stol, stul, masaya bir müddət sonra taxtaqurdu düşəndə aldadıldığının, İtaliya, Türkiyə, İspaniya mebeli adı ilə aldığı mebelin əslində Bakıdakı sexlərdə yığıldığının fərqinə varır. Bu vaxt isə, necə deyərlər, iş işdən keçmiş olur. Bəs, keyfiyyətli mebeli nəcə ayırd etməli?
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, istehlakçı olaraq hər kəs bilməlidir ki, satışa təqdim edilən mebellərin seçilməsi, keyfiyyəti və təhlükəsizliyinə təminat verilməsi məqsədi ilə bu məhsullar aidiyyəti dövlət orqanı tərəfindən sertifikatlaşdırılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən mebel məcburi sertifikarlaşmalı olan məhsulların siyahsına daxildir və bu məhsullar standartların tələblərinə, texniki sənədlərə, verilmiş sifarişə və nümunəyə uyğun gəlməlidir. Lakin təssüflər olsun ki, bütün hallarda bu məsələlərə ciddi riayət olunmur və nəticədə satışa zəruri tələblərə cavab verməyən malların çıxdığının şahidi oluruq. Bəs, qanunvericiliyin etiva etdiyi keyfiyyətli mebel necə olmalıdır? Xidmətdən bildirlib ki, mebelin keyfiyyətli sayılması ücün onun funksionallığına, etibarlılığına, davamlılığına, estetik özəlliklərinə və təhlükəsizliyinə xüsusi fkir verilməlidir. Funksionallıq mebelin və ya elementlərinin öz funksiyalarını yerinə yetirəbilmə xüsusiyyətidir. Məsələn, istehlakçı çarpayı alarkən onun yatmaq ücün nəzərdə tutulduğuna görə hər şeydən əvvəl onun fiziki ölcülərinə uyğun gəldiyinə diqqət etməlidir. Əks təqdirdə bu müxtəlif narahatlıqlara səbəb olur. Etibarlılıq və davamlılıq mebelin öz funksiyasını daha uzun müddət yerinə yetirə bilməsinin göstəricisidir və istehlakçı olaraq mebelin bu xüsusiyyətləri barədə satıcıdan məlumat almaq mümkündür. Məlumatda o da bildirlir ki, mebelin təhlükəsizliyi dedikdə isə onun və ya elementlərinin öz funksiyalarını istifadəcilərə zərər verməyəcək şəkildə yerinə yetirməsidir. İstifadə edilən şüşələrin kənarlarının cilalanmış olması, seksiyaların aşmaması ücün sabitləyicilərin olması, istifadə edilən materialların zərərsiz olması və s. bu baxımdan çox əhəmiyyətlidir. Mebel alarkən qeyd edilən keyfiyyət əlamətlərinə əmin olmaq üçün istehlakçının diqqət yetirməli olduğu şeylərdən biri onun boyasıdır. Mebeldə istifadə olunan lak və boyanın qoxusuz olması sağlamlığınız baxımından əhəmiyyətlidir. Eyni zamanda mebel dayanıqlılığını artıran və ömrünü uzadan boyalardan istifadə olunmuş məhsullara üstünlük vermək lazımdır. Bu mebelinizin istifadə müddətini, suya və nəmə qarşı dayanıqlığını artıracaq. Paralel olaraq mebelin qapılarının yaxşı bağlanmasına, siyirtmələrin rahat açılıb bağlanmasına, işlək hissələrində cırıltı olmamasına diqqət yetirilməlidir.
Xatırladaq ki, hazırda bu sahədə yaranan məqamlardan biri də alınmış mebelin keyfiyyət çıxdığı zaman müştəri ilə satıcı arasında yaranan anlaşılmzalıqdır. Xidmətdən bildirilib ki, mövcud qanunvericiliyə əsasən istehlakçının məhsulun qüsurunun təmənnasız, təcili olaraq istehsalçı tərəfindən və ya xərcini o çəkmək şərti ilə istehlakçı və ya üçüncü şəxs tərəfindən aradan qaldırılmasını, məhsulun qiymətinin azaldılmasını tələb etmək və ya məhsula görə ödənilən pulu qaytarmaq şərti ilə alqı-satqı müqaviləsini pozmağı tələb etmək hüququ vardır. Bu tələblər yalnız zəmanət müddəti ərzində irəli sürülə bilər. Oturmaq və uzanmaq məqsədilə istifadə edilən mebelin zəmanət müddəti 18 ay, korpuslu məişət mebeli üçün isə 24 ay təşkil edir. Korpuslu uşaq və oturmaq, uzanmaq məqsədli uşaq mebelləri üçün bu müddət müvafiq olaraq 12 və 18 ay təşkil edir. Nəzərə alın ki, bu avadanlıqların keyfiyyəti onların hazırlanma üsullarından və materialından asılıdır. Ona görə də mebel alarkən hər bir dəst nəzərdən keçirilməli, üzərində ola biləcək qüsurlara diqqət yetirilməlidir. Çatışmazlıq aşkarladıqda bu barədə dərhal satıcıya bildirin. Alındıqdan sonra onu sübut etmək çətin olacaq. Mebel alındıqdan sonra da onun qutusu açılarkən güzgü, panelləri, şüşə başlıqları və s. kimi mühüm hissələri diqqətlə nəzərdən keçirilməlidir. Məhsulun daşınması üçün ticarət obyektinin nəqliyyatından istifadə etmək məsləhətdir. Belə ki, bu halda daşıma zamanı məhsulun təhlükəsizliyinə məsuliyyət həmin obyektin üzərinə düşür. Evdə mebelə açıb baxmamış gətirən təşkilatın təqdim etdiyi qaiməyə qol çəkmək düzgün olmazdı. Nəzərə almaq lazımdır ki, ticarət şəbəkəsindən mebel istehlakçının hesabına daşınması zamanı yaranan qüsura zəmanət təminatı tətbiq edilmir.
Qeyd edək ki, mebel sifariş verdikdə sonradan yarana biləcək problemləri önləmək üçün icraçı ilə müqavilə bağlanması vacibdir. Sifariş malların kataloqu, nümunələri və təsviri əsasında verilməli və bu iki nüsxədə sənədləşdirilməlidir. Müqavilə bağlanarkən tələblərə əməl edilmədiyi hallarda alıcının öhdəsinə düşən əsas vəzifə satıcıdan kassa və ya əmtəə çeki, malın dəyərinin ödənildiyini təsdiq edən digər sənəd almaqdan ibarətdir. Həmin sənədlərin verilməsi onunla şərtlənir ki, qüsurlu mal satılarkən və ya digər hallarda alıcı öz hüquqlarını müdafiə edə bilsin. Əgər mebel sifariş əsasında hazırlanırsa icraçı tərəfindən öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, yəni işin vaxtında başa çatmaması və ya yerinə yetirilməsi ləngidildikdə, sifarişdən kənaraçıxma və ya digər mühüm qüsurların aşkar edildikdə və bu aradan qaldırılmadıqda, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların və başqa vasitələrin tətbiqi nəticəsində həyatına, sağlamlığına və ya əmlakına zərər dəydikdə istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququq vardır.
Nurlan