Züleyxa Nadir yazır... “Yaramaz” etiketinin daşıyıcıları

Bu gün Azərbaycan özünün bəlkə də bir qədər çətin günlərini yaşayır. Bir yandan müharibə şəraitində fəaliyyət göstərən ölkənin vətəndaşlarının yaşayışını maksimuma çatdırmaq məsələsi, digər yandan da düşməni məğlub etməyin yollarını araşdırmaq, sakit, dinc yolla, qarşılıqlı razılaşma əsasında zəbt olunmuş torpaqların qaytarılmasına nail olmaq kimi prioritet problem dövlətin ən ümdə işidir. Və Dövlət bunu yerinə yetirməyə çalışır.

Züleyxa Nadir

"Yaramaz" etiketinin daşıyıcıları

Bu gün Azərbaycan özünün bəlkə də bir qədər çətin günlərini yaşayır. Bir yandan müharibə şəraitində fəaliyyət göstərən ölkənin vətəndaşlarının yaşayışını maksimuma çatdırmaq məsələsi, digər yandan da düşməni məğlub etməyin yollarını araşdırmaq, sakit, dinc yolla, qarşılıqlı razılaşma əsasında zəbt olunmuş torpaqların qaytarılmasına nail olmaq kimi prioritet problem dövlətin ən ümdə işidir. Və Dövlət bunu yerinə yetirməyə çalışır.

Amma vətəndaşlar nə edir? Dövlətlə, onun qurumları ilə əlbir olub üstün işlərə imza atmağa çalışırlarmı? Təbii ki, belələri istənilən qədərdi. Onlar öz vətəni, xalqı, dövləti üçün yaxşı nə varsa əldə etməyə çalışır, pislikləri tapdalayıb keçməyə cəhd edirlər. Amma 10 milyonluq əhalinin içində yaramazlar da boy göstərir və bunun qarşısını almaq hələ ki, asan deyil. "Yaramaz" etiketini üstündə gəzdirən bu adamlar hansı pisliklərin daşıyıcılarıdı?

Cəmiyyətdə neqativ hallara meyl edən ünsürlər çoxdu. Sıravi vətəndaşdan tutmuş daha yuxaraılara qədər - dövlətə, ölkəyə zərər toxundura biləcək bu ünsürlərin əməllərini sadalamaq istəmirəm. Çünki pisliklər çox yaxın qohumdur, birinin adını çəkəndə o birisi başqa tərəfdən baş qaldırır. Düzdü zaman-zaman qalxan bu başlar əzilir, kəsilir, atılır. Beləcə bəzi yaramazlıqlara son qoyulur.

Amma kriminal elementlərin daşıyıcıları daha qorxulu və təhlükəli yaramazlardı. Onlar çoxbaşlı əjdaha kimidi. Başın birini kəsəndə yerindən digəri çıxır. Əslində bu hal bəşər yaranandan belədi. Sanki kriminallıq bəşər övladı ilə birlikdə doğulub. Hər gün eşitdiyimiz kriminal hadisələr fonunda adama elə gəlir ki, bu "çoxbaşlı əjdaha" bizim ölkədə daha çox meydan sulayır. Ölkədə hər gün cinayət törədilir: ya kimsə öldürülür, oğurluq edilir, ya da digər bənzər halları eşidirik, şahidi oluruq.

Rəsmi statistikaya görə Azərbaycanda ən çox törədilən cinayətlər oğurluq və dələduzluqdu. Hər ikisinin də kökündə əsasən cəmiyyətdəki anormallıq dayanır. Gənclər arasında işsizliyin sayı həddən artıqdı. Diplomlu gənclərin çoxu tikintidə fəhlə işləyir (o da son vaxtlar yoxdu), bazarda yük daşıyır, qul bazarında müştəri gözləyir və s. Amma bu da bir yerə qədər davam edir. Dönüb universitetdə oxuduğu illərə boylananda həyata nifrət edir. Bax, bu nifrət də onu böyük oğurluğa gedən yolun izinə salır.

Cəmiyyətdəki aqressiv hərəkətlər, mənəvi aşınma, sosial problemlərin həlli yolundakı əngəllər, internet oğurluq hallarının artmasına səbəb olan faktorlardandı. Valideyn məsuliyyətsizliyi və uşaqların nəzarətsiz qalmasını da əlavə etsəm, ümumilikdə deyə bilərəm ki, oğurluq cinayətinə uşaqların cəlb edilməsi çox ağrılı haldı. Uşaqlar normal insan kimi böyüyüb tərbiyə almalıdı. Onun oğurluğa gedən yolunda ən böyük günahkar valideyndi. Təcrübə göstərir ki, oğurluq edən uşaqların valideynləri övladlarının belə yaramaz hərəkətinə haqq qazandırmaq üçün guya

sağalmaz xəstəliyə düçar olduğunu, iş tapa bilmədiyini və digər buna bənzər halları bəhanə gətirirlər.

Belə bir xəbər oxudum ki, 20 yaşlı gənc iki nəfəri öldürüb, birini isə yaralayıb. Bu qətlin kökündə dayanan nə imiş bilirsinizmi? Cəmi-cümlətanı 600 manat pul. Deməli, 600 manatı oğurlayan gənc, həm də dəhşətli cinayət törədib. Bunun əfvi yoxdu. Bu halı törədəni bağışlamaq mümkün deyil. Bütün hallarda 20 yaşlı gənc oğlanın belə cinayət törətməsinin, məncə, tək və çox böyük səbəbi var: tərbiyəsizlik! Tərbiyə təkcə o deyil ki, doğasan və azdan-çoxdan qarnını doyuzdurub onu böyüdəsən. Tərbiyə o deməkdi ki, övladını təkcə özü və ailəsi üçün deyil, həm də cəmiyyət üçün yetişdirəsən. Cəmiyyətin üst qatındakı ən yaxşı halları onun tərbiyəsi üçün istifadə edəsən. Alt qatında çürüyüb üfunət verən halları çıxarıb övladına göstərəndə naqislik üst qata çıxır. Nəticədə o, beynində, yaddaşında cücərən cinayətə meyl etmə nöqtəsini silə bilmir.

Düzdü belə halların baş verməsində cəmiyyətin də günahı var. Sosial-iqtisadi durum aşağı səviyyədədir. Az qala hər gün artan bahalıq insanların zəif nöqtələrini vurur, əsəblərini tarıma çəkir. Yaşayış minimumu daha da aşağı düşür. Nəticədə psixoloji gərginlik artır və insanların dözümü tükənir. Zəif xarakterli, ailə tərbiyəsində naqisliklilər görmüş yaramazlar qeyri-qanunu yollara getməkdən çəkinmirlər.

20 yaşlı bir gənc bu həyatda hansı böyük, dözülməz naqisliyi görüb, hansı düzəlməyəcək yaramazlığın şahidi olub ki, qatil olmaqdan çəkinməyib? Hansı məsələ cəmi-cümlətanı 20 illik həyatı olan bu oğlanı qan tökməyə vadar edib? Nə imiş onu gözəlliklərə göz yumdurub pisliklərə doğru itələyən?

Əminlikə deyə bilərəm ki, bu gənc ali dəyərlərin nə olduğandan xəbərdar deyil. Bəlkə də bu sözü 20 ildə bir dəfə də olsun eşitməyib. Ona görə də eşitmədiyi, bilmədiyi bir dəyəri tapdalamaq, əzib keçmək onun üçün çox asan olub. Yoxsa 600 manat üçün qalan ömrünü boz həbsxana divarları arasında keçirməyə üstünlük verməzdi.

Sovetlər dönəmində belə bir fraza var idi: "pul əl çirkidi". Amma bir məsələ də var ki, pul hər şeydi, həm də pul heç nədi. Bu üç yanaşmanın üçündə də müəyyən həqiqət var. Həyatda çox şeyləri pulla həll edirik. Amma elə şeylər də var ki, ona pulun gücün çatmır. Əlin çirklənməsinə gəlincə isə... iki nəfəri öldürüb, ananı yaralayan qatil gənc əlini təkcə qana bulaşmış pulla çirkləndirməyib, həm də qəlbini, puhunu çirkləndirib.

İnanmıram ki, uzun illik həbsxana həyatı onun bu "çirkini" yuyub təmizləsin...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31