İstanbullu Kamal
Londonun tən ortasında, Pikadello meydanında İstanbullu göygöz Kamal Əyləşibdir dükanında.
4 Aprel 2017 13:46 SosialƏliağa Kürçaylı
İstanbullu Kamal
Londonun tən ortasında,
Pikadello meydanında
İstanbullu göygöz Kamal
Əyləşibdir dükanında.
O, bir funta aldığını
Bir funt əlli pensə satır.
Tiyanında atəş açan
Qovurduğu şabalıddır.
- Nə vaxt gəldin?
- Dörd sənədir.
- Niyə gəldin?
- Çörək... para...
Yüz "thank you" söyləyirəm
Mən şabalıd alanlara.
- Evlisənmi?
- Əvət, əvət,
Mən evliyəm, çoçuq, qarı.
Şabalıdla saxlayıram
Bu yad eldə mən onları.
- Vətən yada düşürmü heç?
- Qovruluram şabalıdtək...
- Yurda nə vaxt qayıdarsan?
- Tanrı bilər... Görək, görək...
Türkiyədə qovurmağa
Şabalıdmı tapılmayır?
- Mən ki, belə söyləmədim,
Şabalıq var... Hayır...Hayır...
- Sənə yasaq etmişdilər
Orda alıb qovurmağı?
Kamal susdu. Başa düşdü
Kinayəni, bu danlağı.
Bir cinayət eləmiştək
Gözlərini yerə dikdi,
Sonra beş-on şabalıdı
Bir kağıza alıb bükdü.
- Götür!.. - dedi.
- Ver, "Thank you!"
İngiliscə dedim mən də.
O rəng verdi, o rəng aldı
Mən bu sözü söyləyəndə.
- Yox, danış öz lisanında.
Mən bu dilə tamarzıyam
Bənzəri var türk dilinə.
Mən məmnunam, mən razıyam...
Sən gedərsən bugün, sabah,
Mən qalaram burda fəqət.
O göy gözlər dumanlanır,
Anlayıram nədir qürbət...
... Londonun tən ortasında,
Pikadello meydanında
Şabalıdla bir qovrulur
Kamal
həsrət tiyanında.
KƏNARDAN BAX ÖZÜNƏ
Saçlarını ağartmış həqiqət var cahanda:
"Sifət aydın görünməz üz-üzə dayananda."
İnsanlar öz yurdunun keçmişini ananda,
Bu günüyçün övladtək alışanda, yananda -
Kənardan bax özünə.
Azərbaycan ölkəsi! Dünya görmüş məmləkət,
Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət.
Müsafiri məhəbbət, andı namusla qeyrət.
Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət -
Kənardan bax özünə.
Vətən böyük - şəhəri, məhəlləsi, kəndi var,
Məhəlləni vətənə döndərənlər indi var.
Fikrində hər küçəyə çəkir min sədd, min divar.
Onlar desə: el üçün öldü yoxdur, döndü var -
Kənardan bax özünə.
Həyat yollarındadır sınıqlıq da, zəfər də,
Müsafirdir bizimlə sevinc də, qəm-kədər də,
Qarşıda düz yol da var, qorxulu döngələr də.
Onunçun bir uğurlu, bir uğursuz səhərdə
Kənardan bax özünə.
Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi,
Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi,
Haçan, harda oxunsa Sabirin "Fəxriyyə"si
Sən xəcalət çəkərək dinləməsən bu səsi -
Kənardan bax özünə.
Tale iki üzlüdür - biri ağ, biri qara,
İki möhür də vurur bir elli torpaqlara.
Desələr ömrünü ver, sağalacaq bu yara,
Bu vaxt sına özünü, çəkil bir az kənara,
Kənardan bax özünə.
AZƏRBAYCAN
Mən könlümü təzəcə eşqə düşənlər kimi
Pıçıldamaq istərəm - eşidilməsin səsim.
Sevgi etirafımı, bu vurulan qəlbimi
Elə açmaq istərəm bir kimsə eşitməsin.
Eşqimi ovuc-ovuc torpağına, daşına
Səpərəm, qız başına şabaş səpənlər kimi.
Səni öpmək istərəm - düz on səkkiz yaşına
Təzəcə qədəm qoyan qızı öpənlər kimi.
Uğrunda həyatımı qurban vermək istərəm,
Eşqin təntənəsiyçün can qurban edən kimi.
Səni bütün dünyaya mən göstərmək istərəm
Sevdiyim qız kimi yox - sevdiyim Vətən kimi.
GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN
Gecələr ay olmaq istəyirəm mən,
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə, neçə çırağa
Baxmaq istəyirəm hamıdan pünhan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...
Şirin laylaları ana dilindən,
Ana dodağından eşidim deyə.
Mən ağlı-qaralı neçə taleye
Baxmaq istəyirəm ağarınca dan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...
Bir günlük işindən qayıdıb gələn
Qabarlı əlləri öpmək eşqinə.
Yorğun röyaların şirinliyinə
Keşik çəkmək üçün sakit, mehriban
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən...
Sevən ürəklərin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün,
Ən yüksək qübbəyə ucalmaq üçün...
Ordan nur səpərəm mən incə-incə
Bu ana torpağa dan sökülüncə.
Nahaq yaranmayıb bu arzu məndə.
Bəzən gecələrin sakitliyində
İnsan öz qəlbiylə edir həsb-hal,
Keçir ürəyindən min arzu, xəyal.
Bununçün ayrılıb öz xislətimdən
Gecələr ay olmaq istəyirəm mən.
SAVALANIN ZİRVƏSİNDƏ QAR GÖRÜRƏM
Savalanın zirvəsində qar görürəm,
Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.
Güneyi də kölgəlidir quzey kimi,
Bəli, dağ da tablamazmış həsrətlərə.
Nəfəsini xəstə kimi dərə-dərə
O inləyir, o sızlayır bir ney kimi,
Güneyi də kölgəlidir quzey kimi.
Gah gizlənir, gah da çıxır buludlardan;
Seyr edirəm, zirvələri qardı yenə.
Camalını bir tutqunluq sardı yenə,
Görünmədi, yoxsa onu örtdü duman?
Gah gizlənir, gah da çıxır buludlardan.
Seyr edirəm, görmədiyim cəlalını,
Qəlb donduran soyuqdanmı küsmüş həyat!
Savalanın qarı qat-qat, dərdi qat-qat,
O gözləyir qardaşının vüsalını,
Seyr edirəm, görmədiyim cəlalını.
Dağ olsan da dözməyirsən bu dərdə sən,
De, Savalan, mən bu dərdə neçə dözüm?
Nə müddətdir baxır sənə həsrət gözüm,
Saralıram qardaşımın firqətindən,
Dağ olsan da dözməyirsən bu dərdə sən.
Sənin başın ağarıbdır, mənim saçım,
Ayrılığın meyvəsidir bu qəm-qubar.
Deyirlər ki, dərdli olan dərdi duyar:
Gəl, Savalan, ürəyimi sənə açım,
Sənin başın ağarıbdır, mənim saçım.
Dağlar, düzlər sanki ovcum içindədir,
Əl uzatsam, o sahilə çatar, baxın.
Torpaq doğma, yerlər tanış, mənzil yaxın,
Bəs aranı xəncər kimi kəsən nədir?
Dağlar, düzlər sanki ovcum içindədir.
Öz yurduna uzaqlardan baxan oldum!
Əlim çatmır, ünüm yetmir indi sənə.
Araz boyu dolaşdıqca dönə-dönə
O sahili küləklərdən xəbər aldım,
Öz yurduna uzaqlardan baxan oldum!
... Savalanın zirvəsində qar görürəm,
Yellər əsir soyuq-soyuq, sərin-sərin,
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.
1959
"Yağışdan qorxuram..."
Yağışdan qorxuram,
Güclü yağışdan...
Göylər kiprik çalıb ağlamamışdan
Qorxudur yağacaq leysanlar məni.
Yox, yox, qınamasın insanlar məni.
Sönməkdən qorxuram,
Sönmək yamandı!
Bir ovuc boz külə dönmək yamandı...
Lalədən rəng alan parlaq közəm mən,
Nəfəsi atəşli, odlu sözəm mən,
Alışan tonqalam, yanan tonqalam,
İstərəm ömürlük bu sayaq qalam, --
Onunçün qorxuram güclü yağışdan...
Bir də ki, buz rəngli soyuq baxışdan.
Ah, soyuq baxışlar,
Soyuq baxışlar!
Sizdən gileyim var, şikayətim var.
Uçmaq istəmişəm - endiribsiniz,
Yanmaq istəmişəm - söndürübsünüz,
Dinmək istəmişəm -susdurubsunuz,
Siz məni öldürüb, basdırıbsınız
Sözsüz, hərəkətsiz -
Soyuq baxışla!
Təmiz bir duyğuyla, saf anlayışla
Günəş hərarətli gözə dönmüşəm,
Lakin sizi görcək buza dönmuşəm.
İçimdə boğulub qalıbdır səsim,
Sönübdür alışmaq, yanmaq həvəsim.
Onunçün qorxuram soyuq baxışdan.
Yağışdan qorxuram...
Güclü yağışdan!
1969
YALAN
Başçı yalan danışsa
Ellər çəkər xəcalət.
O torpaqda, o yerdə
İtər xeyir-bərəkət.
Gül-çiçəklər saralar,
Vaxtsız solar bahar, yaz.
Sevən yalan danışsa
Ləkələnər məhəbbət.
Dönüklük at səyridər,
Ölər vəfa, sədaqət.
Dodaqda nəğmə donar,
Susar kaman, telli saz.
Şair yalan danışsa
Qara geyər həqiqət.
Göydə günəş qaralar,
Örtər torpağı zülmət.
Allah yalan danışar,
Şair yalan danışmaz!
Budur, şair yalanı,
Dinləmişəm onu mən,
Dinləmişəm onu mən
Bir şairin dilindən:
"...Bir qolsuz əyləşibdir
Piano arxasında,
Kor not varaqlarını
O çaldıqca çevirir.
Bir lal nəğmə söyləyir
Səhnənin ortasında,
Kar dinləyir, düşünür,
Kədərlənir, sevinir..."
1977
YEDƏK GƏMİSİ
Dartınır arxada yedək gəmisi,
Gedir sükançısı özündən qabaq.
Böyük paraxoddan onu cəmisi
Yüz qulac yoğun ip ayırır ancaq.
Ona ağır gəlir dalda sürünmək,
Yedəkdə dartınır hər axşam-səhər.
Nə vaxtsa qərq olmuş bir cənazətək
Onu sudan-suya sürükləyirlər.
Körfəzdə dayanmaq istəmir bəzən,
Dərin dəryaları o arzulayır.
Tərpənə bilməyir fəqət yerindən,
Durğun günlərini beləcə sayır.
O fitli-tüstülü paraxoda bax,
Gəmini hər yana dartsa - dartacaq.
O getsə -- gedəcək , qalsa - qalacaq,
Bir gün də qərq olub batsa - batacaq.
Sən neçin olubsan yedək gəmisi?!
Özün keç hünərlə neçə dənizdən.
Bir ömür verilib sənə cəmisi,
Sürünmə,
Yedəksiz yaşa onu sən.
Arxada sürünən bir ömür boşdur,
Harda alqışlanıb gerilik, harda?
Yedəklə salamat qalmaqdan xoşdur
Müstəqil qərq olmaq fırtınalarda.
1966
FİLLƏR DƏ AĞLAYAR
Dolaşıb yanımda öz adətinlə
Atılıb düşürsən, oyun açırsan.
O şıltaq, o şeytan təbiətinlə
Hərdən yıxılırsan, durub qaçırsan.
Sənə qoşulurdum həmişə mən də
Hay-küy də salırdın, qab da qırırdın,
Qəlbinə dəymirdim.
İşdən dönəndə
Sən mənə nağıl da danışdırırdın.
Bu gün elə deyil, kədərliyəm mən,
Şıltaq oyunların açmır qəlbimi.
Əlini qeyzlə çəkdim üzümdən,
Baxdın gözlərimə oxlanmış kimi.
Mən heç vaxt qəlbinə toxunmamışdım,
Bu gün ürəyimdən xəbərin varmı?
Baxdın gözlərimə -- gözlərim yaşdı,
Kişi də...
Ata da heç ağlayarmı?
Yox. Yox, sən uşaqsan, kişiksən hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Həyat bəsləyibdir möhkəm, sərt məni,
Heç vaxt bilməmişəm bahardı, qışdı.
Aldığım zərbələr, aclıq, dərd məni
Heç zaman, heç zaman ağlatmamışdı.
Baban bu dünyadan köçüb gedəndə
Atanın indiki yaşında idi.
(Atalar gənc ölür...
Kim bilir mən də...)
Onda ağlamadım, fəqət qəm yedim.
Nənən də öləndə ağlamadım mən,
Qəlbimə axırdı gözümün yaşı.
Deyirlər, su içir saçlar ürəkdən,
Budur bax,
Ağarır atanın başı.
Gülüm, bilirsənmi şairdir atan,
Söylə, bilirsənmi, şairlik nədir?
Gözümün yaşını bu gün axıdan
Səbəb də, günah da şairlikdədir.
Yox, təvazökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşısındanam.
Bunu yüz yol deyib tənqidçilər də,
Lap heç dəməsinlər.
Məgər nadanam?!
Gücümü, qüvvəmi görmürəm məgər,
Məgər mən görmürəm yaxşını, pisi?
Öz zövqüm mənimçün dünyaya dəyər,
Gəlsə də dünyanın min tənqidçisi.
Bir də
İndi şair artıb o qədər,
Bahar seli kimi hey gəlir ardı.
Onların yanında mənim kimilər
Puşkindi, Sabirdi, Pol Eluardı.
Düzdür, şeiriyyətin yolunda mən də
Elə bir uca dağ yaratmamışam.
Lakin xoşbəxtəm ki, sözü deyəndə
Bir əvəz almağa can atmamışam.
Mən çalışmamışam xoşa gəlməyə,
Çoxları ucalıb bu yolla, nə qəm.
Dalda dodaq büzüb, üzə gülməyə
Can bala, əvvəldən öyrənməmişəm.
Şair var, görürsən, hər kəlmə başı
"Dərdin alım" deyir qadınlar kimi.
Baxırsan gövdəsi dəyirman daşı,
Hərlənir sənətdə payı var kimi.
Ötəri insana, ötəri hissə
Şeir yazmamışam. Şadam buna da.
Nəğməmin ürəyi vətən deyilsə,
Mənə oğul deməz doğma ana da!
Lakin sözlərinə çox inandığım,
Dönməz, ləyaqətli insan sandığım,
Şəninə nəğmələr qoşduğum insan
Qəlbimi tapdadı bu gün, balacan.
O dedi üzümə:
"Lazımsa əgər,
İnsan sözünü də dəyişməlidir.
Tufanlara qarşı dursa bir nəfər
Xəstə yatağından qaçan dəlidir..."
O dedi:
"Nəsimi dönsəydi bir an
Söylə diri-diri soyulardımı?
Cordano Bruno hətta yalandan
Dönsəydi, tonqalda kül olardımı?"
Bunları o dedi,
O dedi, bəli,
Quruyub mən daşa döndüm az qala.
Mərdliyin, sərtliyin uca heykəli -
Mən ona bu sayaq baxardım, bala.
İndi ağlayıram mən bu dərd ilə,
Yandırır sinəmi qəm-qubar, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Yerə təbaşirlə çəkib xanalar,
Siz dünən həyətdə oynayırdınız.
Sənin özün kimi qəşəng bir qız var,
Çığallıq elədi oyunda o qız.
Balaca əlini ölçə-ölçə sən
Sübuta yetirdin haqq olduğunu.
O qız da dönmədi öz dediyindən,
Durub seyr edirdim kənardan bunu.
Nəsihət verməyi sevir böyüklər,
Yanaşıb mən səni danladım bir az.
Özgə uşağına adam nə deyər? -
Sənə açıqlandım, dedim: yaramaz!
Dedim güzəştə get, olsan da haqlı!
Oyundan kənara çəkildin həmən.
Baxdın gözlərimə sən qaşqabaqlı,
Hönkürdün, hıçqırdın, ağladın birdən.
Mənə haqsız dedin; haqlıykan dönmək
Balaca qəlbinə gəldi ar, qızım.
Uşaq heç,
Haqsızlıq önündə demək
Bəzən böyüklər də ağlayar, qızım.
Mənə "sözlərini dəyiş!" söyləyən
O əmi görəydi səni bu anda!
Görəydi atanın önündə də sən
Sözündən dönməyib məğrur duranda.
Balaca boyunu,
Şah vüqarını
Görüb bir xəcalət çəkəydi barı.
Görəydi özünü, övladlarını
Dönməyib ölümə tapşıranları.
İnsanlar bir ömür yaşayır ancaq,
Demək sürünmək də, uçmaq da olar.
Çətindir kürrənin üzünü tapmaq,
Şüşə güzgününsə bircə üzü var.
Bir üzlü, bir sözlü - demiş atalar,
Yüz ildir belə bir ömrün bir günü.
Bu odlar yurdunda bir məsəl də var:
Kişilər yalamaz tüpürdüyünü.
O isə yaladı,
Hətta mənə də
Belə rəzaləti gördü məsləhət.
Bax, qızım, gözlərim doldu yenə də,
Sinəmdə nifrətə döndü məhəbbət.
Sən başa düşməzsən, uşaqsan hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım!
1967
ADSIZ ŞEİRLƏRİM
Ad qoymuram sizə mən
Təzə olmuş uşaqtək.
Düzdüz, körpəliyindən
Uşaq ad alsın gərək.
Ad veririk biz bəzən
Əzvaylara - Mehriban,
Qorxaqlara - Qəhrəman,
İdbar insana - Mələk,
Çirkin insana - Çiçək,
Cəllad insana - Adil,
Nadan insana - Aqil...
Bəzən də çirkin adda
Rast gəlirik ilahi,
Gözəl-göyçək qadına.
Belə olur həyatda -
Çox zaman bənzəməyir
İnsanlar öz adına.
Ey adsız şeirlərim,
Ad qoymuram sizə mən.
Qəlbimin parçasıtək
Qopdunuz ürəyimdən.
Bircə onu bilirəm
Yaranıbsız, varsınız.
Yaşamağa haqqınız
Olsa
Ad alarsınız!
TURAC
Çıxdı Kürün qırağında
Qarşıma bir bala turac.
Yada düşdü keçən günlər,
Kaş o dəmlər ola, turac!
Ürkək gözəl təkdi, keçdi,
Kolluqlarda səkdi keçdi.
Sinəmə dağ çəkdi keçdi,
Getmə bir an, qal, a turac!
A Muğanın gözəl qızı,
Unutdunmu andımızı?
At işvəni, burax nazı,
Qon yamaca, yala, turac!
Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, turac.
Çöllər yanar Kür olmasa,
Qəlb boş qalar sirr olmasa,
İki ürək bir olmasa
Dostlar getməz yola, turac.
Kürçaylı adlanan kəsin
Dərmanıdır sənin səsin.
Sən oxu, o şeir desin,
Qıyma əhli-hala, turac!
1956
HƏYAT
Kiminə laləli seyrəngah olmuş,
Kiminə quyudur, tələdir həyat.
İnsanı üyüdür dəyirman kimi,
Sonra da ələkdə ələdir həyat.
Yolları gah nurlu, gah da dumandır,
Gah bəla gətirən, gah qəm alandır.
Kiminə dalğalı bir okeandır,
Kiminə damcıdır, gilədir həyat.
Kiminə şeş qoşa, kiminə dübir,
Kimini şah edir, kimi vəzir.
Kiminin gözündə kefdir, nəşədir,
Kiminə ağır bir şələdir həyat.
Gah qurur, yaradır, gah da sökdürür,
Gözü gah güldürür, gah yaş tökdürür.
Quzuya şir kimi nərə çəkdirir,
Şiri quzu kimi mələdir həyat.
Qəmə sevinc qatır, sevincə kədər,
Verdiyi nəşə də əzabdan betər.
Kürçaylı, bu giley, şikayət yetər,
Əzəldən belədir, belədir həyat!
1976
SƏNƏTİN QÜDRƏTİ
Məşhur rus rəssamı K.P.Brüllovun
"Türk qızı" şəklinə baxarkən
O türk qızı başım üstə
Dirsəklənib yatağına,
Qara saçı halə kimi
Dövrə vurub qulağına.
Zər vaftalı qara donu,
Allah, necə tutur onu!
Əyilibdir yana boynu,
Kölgə düşüb buxağına.
Qaşlar - qara, göz - badamı,
Dəli elər hər adamı.
Bürünübdür gül əndamı
Tirmə şalın saçağına.
Çırtma vursan - yanağından
Axacaqdır sanki al qan.
Təbəssümdür, ya həyəcan
Qonub onun dodağına?
Seyr edirəm bu şəkli mən,
Danışacaq sanki birdən.
Türk gözəli, xoş gəlmisən
Kürçaylının otağına.
Moskva, 1950
"Sevgidən danışan şeirlərimi"
Sevgidən danışan şeirlərimi
Siz əsla yazmayın mənim adıma.
Yox, yox, sevməmişəm mən sizin kimi,
Gizli görüşlər də gəlmir yadıma.
Məhəbbət yaşına girdiyim ildə,
Eşqin nəğməsini mərmilər dedi.
Məhəbbət təşnəsi dodaq da, dil də
"El-oba yasdadır, kim sevər?!" - dedi.
O qız da...
O qız da qaldı uzaqda,
Bəlkə ölən eşqə yas saxlayır o?
Kim bilir, bəlkə də məhəbbət haqda
Yazılmış bir roman varaqlayır o?!
Oxuyur özgənin macərasını,
Gizli görüşləri, vüsal dəmini.
Kitabla unudur könül yasını.
Unudur ömrünün dərdi-qəmini?!
Mən də özgələrin məhəbbətinə,
Bəxtiyar eşqinə şeir yazıram.
Oxuyan "bəxtəvər" söyləyir mənə,
Qəlbimi yandırır, yaxır öz yaram.
Bir şeir kitabım, qəflətən əgər,
O qızın əlinə keçərsə bir gün,
Yəqin o da mənə "bəxtəvər" deyər
Sevgidən danışan şeirlər üçün.
Yox, yox sevməmişəm mən sizin kimi,
Gizli görüşlər də gəlmir yadıma.
Sevgidən danışan şeirlərimi
Siz əsla yazmayın mənim adıma.
Ordakı hər sözə siz fikir verin,
Hər xətdə bir tale, bir ünvan gəzin.
Məhəbbət nəql edən o şeirlərin
Bədbini mənimdir,
nikbini sizin.
ETİRAF
Bilirəm səhvimi, günahlarımı,
Demirəm onları bağışla mənə.
Günahsız deyildir həyatda hamı,
Baxma töhmət dolu baxışla mənə.
Bəzən sürüşübdür ayaqlarım da,
Mən əyri yolu da doğru sanmışam.
Yalan da dolaşıb dodaqlarımda,
Özüm də yalana çox inanmışam.
Bəzən gülə-gülə ağlamışam mən,
Aydın görünməmiş əsil sifətim.
Ağlaya-ağlaya gülmüşəm bəzən,
Özümə sirr olub öz təbiətim.
Bunlar əzab verir onsuz da mənə,
İti neştər olub batır gözümə.
Bilirəm səhvimi... təzədən yenə
Sən allah, onları vurma üzümə.
RÜŞVƏT
Nə vəzifəm, nə rütbəm, nə hökmüm, nə fərmanım,
Əzəl gündən kağıza, qələmədir gümanım.
Kim mənə rüşvət verər?
Nəyə görə?
Nə üçün?
Ancaq dostum, qınama, rüşvət yemişəm bu gün.
Rüşvət rəngli kürüdən çəkdim çörəyimə mən,
Rüşvət bud qurtarmadı canını dişlərimdən.
Mən çolpadan əmliyə, baldan qaymağa keçdim,
Yedim rüşvət tikəni üstündən su da içdim.
Lətifə danışdılar gülə-gülə yedim mən,
Rüşvət nazu-neməti bilə-bilə yedim mən.
Ev sahibi bunları özü qazanmış kimi
Qürurla seyr edirdi kəsdiyim hər tikəmi.
İndi sinəm Vezuvi vulkanını andırır,
Hər tikə qızmar dəmir - içərimi yandırır.
Bu gün çörək yemişəm rüşvətxor süfrəsində,
Mən də bir rüşvətxoram həqiqətin səsində.
Rüşvət tikə yemişəm, rüşvətxoram şübhəsiz,
Boğazıma salmağa mənə lələk verin siz!
1975
"Xərclədim gəncliyi qara pul kimi"
Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Onu axtarıram, axtarıram mən.
Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyimi?!
XATİRƏ
Burda min şövq ilə biz
Görüşərdik o zaman.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
Bu yaşıl kürsülərin
Oturardıq üstə.
Anıram mən,
O sənin
Tutduğun güldəstə --
Toxunarkən üzümə
Sən gülərdin ucadan.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
Yadımdadır yenə də
O yaşıl yarpaqlar.
Çox tanışdır sənə də
O söyüdlər, o çinar.
Onların gövdəsinə
Yazardıq eşqimizi.
Quşlar öz nəğməsinə
Valeh etmişdi bizi.
Burda idik hər yaz,
Yay, payız - son ayacan,
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
O gözəl günlər hanı?
Hardasan indi de sən?
Burda keçmiş bir anı
Qaytaraydım geri mən!
Qaytaraydım səni də;
Elə gənc, sadə, gözəl!
Və deyəydim: yenə də
Bu yaşıl bağçaya gəl.
Bağ həmin bağdır, inan,
Necə görmüşdük biz.
Burda bir sən yoxsan,
Bir də ilk gəncliyimiz!
MACƏRA
O çıxdı qarşıma gülümsəyərək,
Gözəl, yaraşıqlı, boylu, buxunlu,
Məsumdu Sikstin madonnasıtək,
Dedim, mən axtaran elə budur, bu...
Bizim ilk tanışlıq mərasimimiz
Çox uzun çəkmədi. (Nəyə gərəkdir.
Dedim, əbədilik dost oluruq biz,
Zaman hər bir şeyi göstərəcəkdir.)
Bəli, bu tanışlıq çox asan oldu,
Sandım ki, tapmışam gözəl bir inci.
İlk görüş yerimiz restoran oldu,
O təklif elədi bunu birinci.
Gecə yarıyadək oturduq qoşa,
Mənim göz qapağım artıq enirdi.
Şampan şərabları hey daşa-daşa
Büllur badələrdə köpüklənirdi.
Hər şeyin öz vaxtı, öz vədəsi var.
Gərəkdir hər şeyin qədəri olsun.
Bəli, şərabın da öz nəşəsi var,
Ancaq ağlın bundan xəbəri olsun.
Çıxıb restorandan biz yola düşdük,
Xoş bahar gecəsi artıq yarıydı.
Sakit küçələrdə yüz yol öpüşdük,
Şahid göy səmanın ulduzlarıydı.
(Şair, süzmə məni gözlərində kin,
Məni salacaqsan şeirə sal, nə qəm.
"Müsbət qəhrəmanın" deyiləm sənin
Ki, öpüş bilməyəm, şərab bilməyəm.)
Biz onun evinə gəldik birbaşa
Oturduq, danışdıq, güldük doyunca.
Baxdım yorulmadan o gözə, qaşa
Baxdım gözlərimə yuxu qonunca.
Mən heç soruşmadım o qız təkmidir,
Nəyi var qardaşdan, ata-anadan?
Bu evə bir kimsə gələcəkmidir,
Yoxsa o özüdür burda hökmran?
Hisslər ağlımıza üstün gələndə
Hər şey unudulur, deyim səmimi,
Ömrümdə ilk dəfə özümü mən də
Apardım onunla kişilər kimi...
Nəşələr içində açdıq səhəri,
Günəş boylananda oyandıq biz də.
Dünənki o gözəl xatirələri
Yenə canlandırdıq ürəyimizdə.
Elə bilirdim ki, mənimdir aləm,
Mənimdir o gözlər, boy, buxun, bədən...
Qapının zəngini çaldılar bu dəm,
O təlaş içində qalxdı yerindən.
Baxdı gözlərimə, baxışlarından
Mən aydın bildim ki, gələn əriydi.
Demək dodağımda sübhədək yanan
Ərli bir arvadın öpüşləriydi!
O açdı qapını gülümsəyərək,
Sarıldı ərinə bərk-bərk bir anda...
Məsumdu Sikstin madonnasıtək,
Yox! Yüz qat məsumdu madonnadan da!