Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir
Zaman-zaman antiAzərbaycan qüvvələrin ölkəmizlə bağlı məkirli planları işə düşsə də, lakin sevindirici haldır ki, həmin planların reallaşması mümkün olmur. Diqqət etsək görərik ki, bir qayda olaraq Azərbaycan mühüm beynəlxalq tədbirlərə evsahibliyi etmək ərəfəsində məlum şəbəkə və onların daxildəki havadarları fəallaşırlar. Yenə anoloji proseslər təkrar olunur.
4 Aprel 2017 13:39 SosialZaman-zaman antiAzərbaycan qüvvələrin ölkəmizlə bağlı məkirli planları işə düşsə də, lakin sevindirici haldır ki, həmin planların reallaşması mümkün olmur. Diqqət etsək görərik ki, bir qayda olaraq Azərbaycan mühüm beynəlxalq tədbirlərə evsahibliyi etmək ərəfəsində məlum şəbəkə və onların daxildəki havadarları fəallaşırlar. Yenə anoloji proseslər təkrar olunur. Elə İslam Həmrəyliyi Oyunları ərəfəsində radikal müxalifətin mitinq cəhdi də bunun bariz nümunəsidir. Amma qeyd etdiyimiz kimi antiAzərbaycan şəbəkənin niyyəti heç vaxt baş tutmur və bundan sonra da baş tutması real görünmür. Bunu şərtləndirən amil isə Azərbaycanda xalq-iqtidar birliyinin olmasıdır. Elə Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə gün əvvəl Saatlı rayonunda keçirdiyi müşavirə zamanı bu faktı qeyd etdi. Elə millət vəkili Sədaqət Vəliyeva da bu qənaətdədir. Millət vəkilinin sözlərinə görə, keçən ilin aprel hadisələri də xalqın iqtidarla, Azərbaycan Prezidenti ilə birgə, həmrəy olduğunu ortaya qoydu: "2016-cı ilin aprel döyüşlərində bütün dünya ictimaiyyəti, hətta, düşmənlərimiz gördülər ki, xalq Ali Baş Komandanına və ordusuna necə inanır və dəstək verir. Şəhidlərimizin son mənzilə yola salınması zamanı insanların, xüsusilə də, gənclərin necə vətənpərvər ruhda olduğunu müşahidə etdik. Bütün bunlar təbii ki, xalqın cənab Prezident İlham Əliyevə və Azərbaycan ordusuna olan sevgisinin göstərici idi. Lakin Ermənistanda insanların prezidentlərinə olan nifrətini və lənətini sezdik. Çünki Ermənistanın kriminal rejiminin rəhbəri erməni xalqını yalnız uçuruma aparır. Amma əksinə olaraq Azərbaycanda mövcud olan xalq sevgisi və dəstəyi cənab Prezident İlham Əliyevin rasional və praqmatik siyasətinə bir ümumictimai reaksiyadır. Bu da əlbəttə ki, səbəbsiz deyildir. Bu gün cənab Prezident İlham Əliyevdən başqa hansı ölkə başçısını göstərə bilərsiniz ki, ad gününü vətəndaşlarla, qaçqın və məcburi köçkünlərlə keçirsin? Prezident İlham Əliyev daim xalqın yanında və hər bir vətəndaşın Prezidenti olduğunu sübut edib. Bütün bölgələrdə birbaşa insanlarla görüşüb, onları dinləyib, mövcud problemlərin həlli barədə konkret tapşırıqlar verib. Məhz, birbaşa Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci ölkədir. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, valyuta ehtiyatları xarici borclarından 5 dəfə çoxdur. Eyni zamanda, birbaşa cənab Prezidentin fəaliyyətinin nəticəsidir ki, bu il təkcə pambıqçılıq sektorunda 200 min iş yeri açılacaq, eyni zamanda, sənaye və istehsal müəssisələri fəaliyyətə başlayacaq, ölkəmizdə maşın, texnika və dərman istehsalı genişlənəcək.
Söylənilənlə yanaşı, dövlətimizin başçısının məntiqi fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycan regionda ən güclü orduya malikdir. Məhz, həmin ordu 2016-cı ilin aprel ayında düşmənə layiqli dərs verdi. Bu gün Ermənistanın kriminal rəhbərliyi isə qorxu içərisindədir. Çünki aprel döyüşləri Ermənistanın bu günə qədər yaratdığı mifi darmadağın etdi. "Yenilməz" Ermənistan ordusu haqqında deyilənlərin sadəcə sabun köpüyü olduğu isbatlandı". Millət vəkili deyib ki, təxminən 2 il öncə dünyada cərəyan edən iqtisadi-maliyyə böhranı bütün sahələrdə mürəkkəb vəziyyət yaratmaqla müxtəlif problemlər ortaya çıxardı: "Əlbəttə ki, qlobal transformasiya dövrünü keçən dünyanın ayrılmaz parçası olan Azərbaycan da böhranın təsirlərinə məruz qaldı. Xüsusilə də, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə ölkəmizdə sosial-iqtisadi və maliyyə sektorlarında qaçılmaz problemlər meydana çıxdı. Lakin dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda anti-böhran tədbirlərinin reallaşdırılması özünü sistemli və effektiv reformalarla göstərdi. Xarici fondlardan, beynəlxalq maliyyə institutlarından yardım gözləyən, siyasi böhran keçirən, sosial-iqtisadi kataklizmlər yaşayan dövlətlərdən fərqli olaraq Azərbaycan hakimiyyəti daxili resurslarına və imkanlarına arxalanaraq böhranın təsirlərini minimuma endirmək üçün təxirəsalınmaz addımlar atdı. Bu gün artıq cəmiyyətimiz və beynəlxalq iqtisadi təsisatlar aydın şəkildə görürlər ki, Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir.
Məhz, söylənilən məqamdan çıxış edərək biz Azərbaycanın qısa müddət ərzində böhranın təsirlərini neytrallaşdırmasında 2 mühüm faktorun təsirini göstərə bilərik: birincisi, anti-böhran tədbirlərini yüksək dəqiqlik və planlı şəkildə reallaşdırmaq üçün güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin fəaliyyəti, ikincisi, dövlətimizin başçısının atdığı anti-böhran addımlarına, ölkəmizin daha da güclü olması istiqamətində ortaya qoyulan səylərə birmənalı dəstəyini verən xalq faktoru, daha doğrusu, xalq-iqtidar birliyi. Təsadüfi deyildir ki, qlobal böhranın təsirindən çıxılmaz vəziyyətə düşən dünya ölkələrinin bir çoxunda bu faktorlar olmadığından siyasi-iqtisadi və sosial kataklizmlərin aradan qaldırılması mümkün olmur". Sədaqət Vəliyevanın sözlərinə görə, Azərbaycanda isə bu faktorlar mövcud olduğundan qarşıya qoyulmuş hədəflərə nail olmaq mümkün olur: "Elə dövlət başçısının ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı göstərişləri, Fərman və sərəncamları cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İctimaiyyətin cənab Prezident İlham Əliyevin anti-böhran tədbirlərinə və ölkəmizin inkişaf etdirilməsi fəaliyyətinə xüsusi diqqət və dəstəyini Saatlı rayonuna səfəri zamanı da müşahidə etdik. Bu, bir daha onu göstərir ki, vətəndaşlar dövlətinə və Prezidentinə inanır. Məhz, bu faktorlar Azərbaycanın tez bir zamanda böhranın təsirlərini neytrallaşdırmasına və makroiqtisadi sabitliyi təmin etməsinə əlverişli şərait yaradır".
Məhəmməd