Elçin Hüseynbəyli yazır... Rus (dünya) poeziyasının son magikanı dünyadan köçdü
Yevgeni Yevtuşenkonu mən şəxsən tanımırdım. Eləcə aralıdan aralıya görmüşdüm. Moskvada tələbə olanda bir neçə dəfə görüşündə olmuşdum, mühazirələrini dinləmişdim. O, pafossuz və səmimi çıxışlarıyla yadımda qalıb.
3 Aprel 2017 15:17 SosialElçin Hüseynbəyli
Rus (dünya) poeziyasının son magikanı dünyadan köçdü
Yevgeni Yevtuşenkonu mən şəxsən tanımırdım. Eləcə aralıdan aralıya görmüşdüm. Moskvada tələbə olanda bir neçə dəfə görüşündə olmuşdum, mühazirələrini dinləmişdim. O, pafossuz və səmimi çıxışlarıyla yadımda qalıb.
Anarın Yevgeni Yevtuşenko haqqında məqaləsini də xatırlayıram. Ustad yazarımız elə belə adama, elə belə yazı yazmazdı.
Aprelin 1-də, səhər-səhər o kədərli xəbəri oxuyanda qüssələndim. Pəncərənin qarşısında dayanıb, təzəcə çıxmağa başlayan günəşə baxmaq istədim, amma günəş də sanki yasdaydı və buludların arxasından çıxmağa tələsmirdi...
Bir tərəfdən baxanda Yevgeni Yevtuşenko bizlərə çox pislik etmiş bir ölkənin vərəndaşıydı. O biri tərəfdən baxanda isə bizimlə birgə vahid ölkədə yaşamış parlaq şair idi. Amma xırda hisslərlə oynamaq lazım deyil. Yevgeni Yevtuşenko hamının, bütün dünyanın şairi idi. Onun dostunun açıqlaması mənə çox təsir elədi. Yalnız sevən insanlar o hissləri, duyğuları yaşaya bilərlər. Özü də bütün müharibələri lənətləyirlər.
Son anında şair deyib ki, Rusiya ilə Amerikanın barışmasını arzulayır. İstəyir ki, hər iki ölkənin insanları azad və xoşbəxt yaşasınlar.
Ölüm ayağında olan insanın bu sözləri özünə yox, özündən sonrakılara aiddir.
Bir də nəyi xatırlayıram. Balaca olanda böyükər bir-birilərinə deyirdilər: qəfil ölüm yaxşıdır.
Atam anama, anam da atama eyni sözləri deyərdi: allah məni səndən tez aparsın. Burda iki məqam var: ya onlar bir-birilərinin ölümünü görmək istəmirdilər, ya da ölümqabağı çəkəcəkləıri əziyyətlərdən qorxurdular. Həm də başqalarını incitmək istəmirdilər.
Yevgeni Yevtuşenkonun oğlu da, dostu da belə deyib: "O, ölümü hiss eləmədi, yuxudaca dünyasını dəyişdi."
Nə qədər ağır olsa da bir etiraf edim: Bir neçə il əvvəl doğma bir insanı itirdik. Və hər dəfə onu xatırlayanda özümə təsəlli verirəm: O, həyatda mələk kimi, heç kimi incitməyən bir adam idi və mələk kimi də uçub getdi.
Tanrı yaxşıları dərgahına aparır. Çünki əbədi həyat ordadır.
Öz şeiriyyəti və nəğmələriylə daim bizi sevindirən Yevgini Yevtuşenkoya da Tanrıdan rəhmət düşür... Axı Tanrı təkdir...
Aprelin əvvəli, 2017