“Astana EXPO-2017” Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə edilib
İyunun 10-dan sentyabrın 10-na qədər Qazaxıstanın paytaxtı Astanadak keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan “Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmazın iştirakı ilə müzakirə edilib.
31 Mart 2017 17:53 Sosialİyunun 10-dan sentyabrın 10-na qədər Qazaxıstanın paytaxtı Astanadak keçiriləcək "EXPO-2017: Gələcəyin enerjisi" Beynəlxalq Sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan "Adunic AG" şirkətinin nümayəndəsi Gökan Yılmazın iştirakı ilə müzakirə edilib. Bu barədə Energetika Nazirliyindən verilən məlumata görə, toplantıda nazir Heydər Əliyev Fondunun xüsusi dəstəyi və rəhbərliyi ilə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycanın sərgidə layiqincə təmsil olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Azərenerji" və "Azərişıq" ASC-lər, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akedemiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərildiyini diqqətə çatdırıb. O, 25 yanvar 2017-ci il tarixində 403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan Milli Pavilyonunun təhvil alındığını, 9 iyul tarixinə isə "Milli Gün"ün nəzərdə tutulduğunu qeyd edib, hazırlıq işlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb.
"Adunic AG" şirkətinin nümayəndəsi Gökan Yılmaz isə Azərbaycan Milli Pavilyonunun məzmun və tərtibatı ilə bağlı təqdimat edib. O, bildirib ki, Azərbaycanın tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsini tərənnüm edən pavilyon "Odlar Yurdu - keçmişdən gələcəyə daşınan enerji" devizinə əsaslanıb. Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əyləndirilməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və s. təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Bakıda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada məqsəd Azərbaycanın turizm imkanlarının tanıtmı və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Bütün bu tərtibat və quraşdırma işlərinin mayın 12-dək yekunlaşdırılması, pavilyonun fasadının isə mayın sonuna hazır olması planlaşdırılır.